Şəhid həmyerlimiz; Bəkirov Zahid Ağahüseyn oğlu

1
123

Qarabağ müharibəsiBəkirov Zahid Ağahüseyn oğlu 1963-cü ildə Zərdab şəhərində anadan olub. Qayğısız uşaqlıq illəri Kür sahilində keçib. 1979-cuildə Zərdab şəhər I saylı  orta məktəbin 8-ci sinfini, 1981-ci ildə isə Zərdab rayon 124 saylı texniki-peşə məktəbini bitirib. 1981-ci ilin noyabrında keçmiş Sovet Ordusunda xidmətə gedib. 1984-cu ilin avqust ayına kimi Zərdab rayon Avtomobil nəqliyyatı müəssisəsində çilingər işləyib. 1984-ci ildə Gəncə baza inşaat texnikumuna daxil olub, 1987-ci ildə avtomobil yollarının istismarı şöbəsini bitirib. 1989-cu ildən ölümünə qədər Daxili işlər şöbəsinin mühafizə bölməsində işləyirdi. 1992-ci il iyunun 16-da Ağdam bölgəsində şəhid olub.

Qarşımda növrəstə, həlim çöhrəli, yaraşıqlı bir gəlin oturub. Danışdıqca çöhrəsinə kədər kölgəsi çökürdü:

– Cəmi üç il bir ayın gəlini olmuşam. Zahid məni və uşaqlarımızı çox sevirdi. Ailəcanlı idi. Çox zarafatcıl idi. Duzlu yumor var idi, Zahiddə. Çox vaxt fikirli gəzirdi. Deyirdim, Zahid, sənə heç qəmgin olmaq, fikirli gəzmək yaraşmır, nə olub axı?

Zahid Daxili işlər şöbəsinin mühafizə bölgəsində işləyirdi. Onları tez-tez cəbhə bölgəsinə aparırdılar. Postlarda keşik çəkirdilər.

Zahidi Qarabağ dərdi üzürdü. Bütün dərd-səri, qayğısı müharibə idi. O, axırıncı dəfə Qarabağa gedəndə mənim ayağım yanmışdı. Həm də oğlumuz Ülvi xəstə idi. Ancaq buna baxmayaraq, Zahid cəbhə bölgəsinə getdi. Lakin nə mən, nə də Zahid bilmirdik ki, bu, bizim son vidamız idi. O, çox qısa ömür yaşadı, amma mənalı yaşadı.

Nahidə göz yaşlarını silri və bir az da özünü tox tutur: “Mən Zahidin 2 övladını göz bəbəyim kimi qoruyacam. Onları Zahidə layiq övlad böyütmək üçün bütün imkanlarımı sərf edəcəyəm”.

Mən də onun sözünə qüvvət verirəm. Qoy Allah səni bütün arzularına çatdırsın. O uşaqlarını sənin gözlərinə çıraq etsin, Nahidə bacım!

Zahid polis dəstəsində Ağdamın müdafiəsinə getmişdi. Erməni quldurları Ağdamı Xanabadı və Qarakənd tərəfdən güclü raket atəşinə tutmuşdular. İyunun 17-də Zahid və bir neçə milis serjantı şəhid oldu.

– Mən Zahidin gah duzlu zarafatlarını, gah da bulud kimi tutulan çöhrəsini bir an belə unuda bilmirəm. Hərdən işdən evə dönəndə məni başqa səslə çağırardı. Mən də çölə çıxıb, “ay dayı, kimsən” deyə soruşardım. Bir də görürdüm ki, Zahid darvazadan içəri girib, gülə-gülə deyir: “Bir nol mənim xeyrimə”.

Boş vaxtlarında uşaqları maşına qoyub, gəzməyə aparardı. Elə ki, deyirdim “Zahid, nə olar, məni də apar”,- o saat gülüb deyirdi ki, get, səni də atan gəzdirsin.

Dostları ilə də səmimi idi. Onlarla tez-tez görüşürdü, dərdləşirdi.

Zahid çox nikbin idi. Gələcəyə inanırdı. Həmişə deyirdi ki, hər şey yaxşı olacaq, müharibə qurtaracaq, dolanışıq da düzələcək. Ancaq bir az səbr etmək lazımdır.

Zahidin yanında olanda adam bütün dərdlərini unudurdu…

Mənbə: “Qolunu boynuma dola… Bacı” kitabı.

1 comment

Comments are closed.