Zərdabın xanım veteranı – Roza Həbibova

0
54

Rayonumuzun tanınmış ziyalı xanımlarından olan Roza Həbibova 1940-cı ildə Zərdab şəhərində anadan olub. M. Qorki adına – indiki H. Zərdabi adına şəhər 1 saylı orta məktəbdə təhsil alıb və sonra M. Ə. Sabir adına Şamaxı Pedoqoji Texnikumuna daxil olub. R. Həbibova bu təhsil ocağını 1966-cı ildə müvəffəqiyyətlə bitirib və həmin ildən də Zərdab şəhər 1 saylı orta məktəbində ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Roza Həbibova düz 45 il rayonumuzun bu qabaqcıl təhsil ocağında qüsursuz və şərəflə çalışıb, işinin öhdəsindən layiqincə gəlib. Orta ixtisas təhsilli olmasına baxmayaraq 14-cü kateqoriyalı müəllim dərəcəsinə yüksəlib, əməyi qiymətləndirilib, zəhməti hədər getməyib. Ölkə Prezidentinin sərəncamına uyğun olaraq Roza müəllimə bu yaxınlarda yaşla əlaqədar pensiyaya göndərilib. Bu ziyalı xanım müəllim işlədiyi müddətdə çox uğurlar əldə edib. Əldə etdiyi nailiyyətlərlə fəxr edib. Yetişdirdiyi şagirdlərin hərəsi bir peşə sahibidir, hərəsi bir sahənin mütəxəssisidir, – onlarla da qürur duyur Roza müəllimə.
Pensiyaya göndərilsə də doğma məktəblə, müəllim kollektivi və şagirdləri ilə əlaqəsini kəsmir. Sizə uzun və sevinc dolu ömür, cansağlığı arzulayırıq Roza müəllimə!

Günel İsaməddinqızı