Dahi həmyerlimiz, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anım günü Zərdab rayonunda da geniş qeyd olunub. Bu barədə Zerdab.com saytına Zərdabi muzeyinin direktoru Vəfa Bayramova məlumat verib. Onun sözlərinə görə, həmin gün “Əkinçi” qəzeti redaksiyasının və Zərdabi muzeyinin kollektivi, mədəniyyət müəssisələri kollektivlərinin nümayəndələri Həsən bəy Zərdabinin şəhərimizdəki abidəsi və büstü önünə gül-çiçək qoyublar.
Anım gününə həsr olunmuş tədbiri Zərdabi muzeyinin direktoru Vəfa Bayramova açıb və dahi həmyerlimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Vəfa Bayramova Zərdabinin həyat və fəaliyyəti barədə geniş məlumat verib. Sonra muzeyin elmi işçisi Tavad Qurbanova “Əbədi həyat”, muzeyin bələdçisi Leyla Əliyeva “Sətirlərə sığmayan ömür” mövzusunda məruzə ediblər. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva, muzeyin bələdçisi Sevda Əzizova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva, “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov, qəzetin müxbiri Tərlan Abdullayeva çıxış edərək Həsən bəy Zərdabinin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Zerdab.com
Həsən bəy Zərdabinin heykəlləri və məzarı qarşısında baş əyən hər bir kəs yaxşı bilir ki, o, əziyyətlər çəkərək millətimizi, xalqımızı qəflət yuxusundan ayıltmaq istəyərkən, necə nadanlarla qarşılaşmışdır.
Dövrün inkişaf etmiş elm, incəsənət, mədəniyyət mərkəzlərindən sayılan Şamaxı, Tiflis, Moskva kimi böyük şəhərlərində təhsil alan, tükənməz enerjiyə, fitri istedada malik Həsən bəy Zərdabi beynində həkk etdiyi ideyaları bütün varlığı ilə bağlı olduğu doğma Azərbaycan xalqının tərəqqisinə sərf etmişdir.
Xalqının, millətinin, vətəninin azadlığı, işıqlı gələcəyi yolunda göstərdiyi misilsiz xidmətləri, çoxşaxəli elmi yaradıcılıq fəaliyyəti Həsən bəyə əbədi həyat vəsiqəsi qazandırmışdır.
Ruhun şad olsun, ey Azərbaycan xalqının mənəvi atası hesab edilən Həsən bəy!
Millətinin gələcəyi naminə hər cür fədakarlığa sinə gərən Ustadımızın qarşısında baş əyirik. Ruhun şad olsun, bu dünyada son ziyalı qalana qədər, son Azərbaycanlı yaşayana qədər var olacaqsınız. Hələ bizdən sonra neçə-neçə jurnalistlər ordusu Sizinlə fəxr edəcəkdir. Allah Həsən bəy Zərdabiyə rəhmət eləsin, qəbri nurla dolsun !
Amin
Comments are closed.