Jalə Əliyeva: “10 il əvvəl Zərdaba gedəndə yeni tikili görə bilmirdim”

2
42621
jale-eliyeva

Müsahibimiz Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) komitə sədri, bitərəf deputat Jalə Əliyevadır. Onunla gərgin keçən söhbətimizə Azərbaycanda ictimai, siyasi, sosial-iqtisadi problemlərdən danışdıq. Jalə Əliyeva ilə geniş müsahibəni oxucularımıza təqdim edirik. 

– Jalə xanım, qiymətlərin artması Sizə necə təsir göstərib?

– Mənim bir maşınım və bir sürücüm var, bu mənada bahalaşmanın təsirini hiss etməmək mümkün deyil. Ən azından bu həftədən etibarən 6-7 manat fərq sezildi, çünki ötən həftə maşının benzin çəni doluydu. Milli Məclisdə də məsələ qızğın müzakirə olundu, müxtəlif fikirlər, təkliflər səsləndi.

 Əks arqumentlər də oldu…

– Təbii ki, hər iki tərəfdən müxtəlif fikirlər səsləndi. Mənim fikrimə gəlincə, son 7 ildə yanacağın qiyməti qalxmayıb, bəlkə də hər il çox cüzi hansısa qəpiklərlə artım olsaydı, hiss olunmazdı.

– Ancaq başqa məhsulların qiymətində cüzi də olsa artım olub…

– 7 il ərzində nəzərdə tutursunuz?

– Bəli. 

– Biz konkret yanacaqdan danışırıq. Düşünürəm ki, o biri məsələlər müzakirə olunub bitib. Milli Məclisdə səslənən fikirlər içərisində mənim nəzərimcə sosial baxımdan çox ədalətli və əhəmiyyətli olan təkliflər səslənib. Mən Tarif Şurasının üzvü deyiləm ki, tənzimləyən mexanizm məndə olsun. Amma gəlin açıq danışaq, 150, 200, 300 minlik maşın sürən insan üçün yanacağın 20 qəpik artması heç bir şeyi dəyişdirmir.

– Ancaq 150, 200, 300 minlik maşın sürənlərin sayı çox deyil…

– Niyə çox deyil, maşallah, həddindən artıq çoxdur. Belə etmək olardı, bəlkə də ediləcək, bildiyim qədər Tarif Şurasının qərarı son deyil. Ola bilər ki, Tarif Şurası bazarı müşahidə etdikdən sonra məsələyə yenidən baxsın. Yenidən baxılarsa, daha ucuz maşın sürənlərə bir güzəşt, limit tətbiq oluna bilər.

– Bunun mexanizmini necə görürsünüz, Sizcə, bu, mürəkkəb deyilmi?

– Mən düşündüyümü deyirəm, obyektiv, subyektiv qarşılana bilər. Sadəcə, sual verdiniz, cavabım belə oldu. İnanın ki, mən neçə gündür vəziyyəti “silahlanmayan gözlə” izləyirəm, sual yaranır, qiymətin artmasından sonra şəhərdə maşın azalıbmı? Azalmayıb!

– Deməli, heç bir təsiri yoxdur?

– Əlbəttə, yoxdur.

– Ancaq parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbov qiymətlərin artmasının müsbət tərəfini həm də tıxacların azalmasıyla əsaslandırıb…

– Hər kəsin öz fikri ola bilər, mən də öz yanaşmamı ortalığa qoydum. Bahalaşma olub və bu, vətəndaşı narahat edir, o zaman avtomobildən az istifadə olunmalıdır. Amma yenə də həmin tıxac, saatlarla yollarda qalırıq və maşının sayı azalmayıbsa, vətəndaş benzin doldurmağa imkanı çatırsa, deməli, biz boşuna həyəcanlanırıq.

– Demək istəyirsiniz ki, insanlar yaxşı yaşayır?

– Məgər, pis yaşayırlar?

– Siz seçicilərinizin necə yaşamağıyla maraqlanmısınızmı?

– Mən hər gün seçicilərimlə maraqlanıram, hər gün onlardan məktublar alıram. Zərdab rayonundakı durumdan, seçicilərimin vəziyyətindən çox yaxşı məlumatlıyam, ən azı 10 il əvvəllə bu günkü ailənin vəziyyəti fərqlidir. İnanın, kifayət qədər səmimi insan olduğumdan düz danışmağı sevirəm. Bəlkə qarşı tərəf bunu yanlış anlaya bilər, yaxud fikirlərimi qeyri-səmimi qəbul edər. Gəlin belə deyək, aran rayonudur, quraqlıdır, 10 -15 il əvvəl bibim deyirdi ki, Zərdablı olduğunu deməyə utanır, çünki rayon çox bərbad vəziyyətdəydi.

– Amma bizim Zərdabdan olan həmkarlarımız insanlarının yaşayışının heç də yaxşı olmadığını deyirlər, hətta biri seçkilərdə Sizin rəqibiniz olub…

– Ola bilər, fikirlər müxtəlifdir. Əgər bu gün onlar öz fikirlərini sərbəst şəkildə deyirlərsə və arxasında dayanırlarsa, dayansınlar. Mən də öz fikrimi deyirəm, ən azı 10 il əvvəl rayona gedəndə bir yeni tikili görə bilmirdim.

– Dediyiniz yeni tikililərdə işıqlar yanmırsa, yəni insan yaşamırsa, necə yaxşı vəziyyətdən danışmaq olar?

– Niyə işıqlar yanmır, yanır, insanlar da yaşayır, vəziyyətləri pisdirsə, yeni mənzillər almasınlar və köçməsinlər. Niyə paytaxtda hər gün hündürmərtəbəli bina tikilir, baxın da.

– Siz paytaxtın kənarına gedirsinizmi?

– Mən hər yerə gedirəm, Bakının kənarına da. Gəlin belə danışaq, Moskvanı bir günə tikməyiblər, biz çox qısa müddətdə böyük məsafə qət etdik. Mən fikirlərimi yenidən təkrarlayacam, bəlkə də maraqsız olacaq, amma bu, mənim yanaşmamdır. Bunun üçün məni nə asa, nə kəsə bilərsiniz. 20 il bundan əvvələ qədərki cəmiyyət birdən-birə dəyişə bilməz. Müstəqillik qazanmışıq, bir quruluşdan başqasına keçmək çox ağrılıdır, bu ağrını bir anda aradan qaldıra bilmərik.

– Keçid dövrü çox uzun çəkmədimi?

– Xeyr, keçid dövrünü biz hansı ağrılı vəziyyətdə keçiririk. Hələ də müharibə davam edir, vətəndaşı məcburi köçkün olan ölkədə yaşayırıq.

– Qayıdaq qiymət artımına, torpaqlarımızı işğal edən və nefti, qazı olmayan Ermənistanda da yanacağın qiyməti 1,2 sentdir, Azərbaycanda da. Bu qeyri-mütənasibliyi necə izah edərdiniz?

– Gəlin ondan başlayaq ki, onların 1 milyondan çox qaçqını yoxdur.

– O zaman niyə Ermənistanın boşaldığını deyirsiniz?

– Siz Ermənistanı belə müdafiə edirsiniz, bu, sevgi notları hardandır (gülür)?

– Xeyr, mən faktları deyirəm. 

– Ermənistan kiçik ölkədir, özünüz dediniz ki, boşalır.

– Xeyr, mən dedim ki, bunu hakimiyyət təbliğatçıları iddia edir. 

– Biz kimik, Siz kimsiniz?! Qardaşım, gəlin belə danışaq, Siz də bu ölkənin vətəndaşısınız, biz də.

– Mən gerçəkliyi görürəm.

– Biz də gerçəkliyi görürük.

– Necə görürsünüz ki, Azərbaycan əhalisinin yaxşı yaşadığını deyirsiniz?

– Sizcə, pis yaşayır?

– Əlbəttə, pis yaşayır.

– Faktlarınızı deyin…

– Gedək bir gün rayonlarda insanlarla görüşək. 

– Əzizim, mən yenə də öz rayonumuza qayıdıram, çünki Zərdaba tez-tez gedirəm. Kökümüz ordan olsa da, şəhər insanıyam, 10 il əvvəl şəhərlə rayon arasında fərq daha çox sezilirdi. O zaman insanların bir az pinti, bir az səliqəsiz geyimlərini, evlərinin vəziyyətini görəndə ətrafımdakılara deyirdim ki, bu insanlar nə yeyib-içirlər?! Heç olmasa, axşamlar evlərində bir qazan qaynada bilirlərmi? Söhbət rayona getdiyim ilk dövrlərdən gedir, 2000-ci ildən, o vaxt yerli insan mənə dedi ki, qazan da asılır, yemək də bişirilir, hələ gəlin onların toylarına baxın.

– Bəlkə Sizin üçün görüntü yaradırlar?

– Xeyr, mən rayonun xeyir və şər mərasimlərində iştirak edirəm, bunları öz gözlərimlə görürəm.

– Mən Sizə faktları sadalayacam, prezident 2011-ci ilin 11 fevralında bildirib: “Biz elə etməliyik ki, özümüzü ərzaq məhsullarıyla təmin edək, artıq bu yolda çox böyük uğurlara nail olmuşuq, ət, süd, bitki yağları, şəkər məhsularıyla 90-95 faiz təmin edirik. Amma yaxın iki ildə 100 faiz özümüzü ərzaq məhsullarıyla təmin etməliyik”. Amma statistika fərqli mənzərəni ortalığa qoyur: ötən ilin müvafiq dövründə ölkəyə 6,76 milyard dollar dəyərində mal idxal olunub, bu il həmin göstərici 8 milyardı aşıb. Yeyinti məhsullarının idxalı da analoji dövrlə müqayisədə 19,75 faiz artaraq ümumi idxalın 17, 75 faizini təşkil edib. Bu rəqəmlərin fonunda Sizə elə gəlmirmi ki, prezidentə doğru məlumat vermirlər?

– Siz o qədər rəqəm dediniz ki, nəyi nəzərdə tutduğunuzu bilmədim. Konkret nəyi deyirsiniz?

– (Yenidən sualımı təklarlayıram) …

– Biz özümüzü də təmin edirik, həm də bazarın öz qaydaları var.

– Bu idxal rəqəmlərinin fonunda 90-95 faiz özümüzü necə təmin edirik?

– Doğrusu, mən onun statistikasını aparmıram. İndi Siz dediniz, bildim. Bilmirəm, bu rəqəmləri haradan götürmüsünüz.

– Bu rəqəmlər statistikadır…

– Gərək, Sizin verdiyiniz statistikanı mən də öz baxımımdan araşdıram. Hər halda iqtisadi baxımdan araşdırmaq lazımdır. Dedikləriniz ola bilər. Amma özümüzü təmin etməklə bağlı cənab prezidentin dediyinə də diqqət yetirməliyik. Son dövrlərdə istehsal üçün fabriklər, zavodlar açılır, bazara baxın, meyvə suyu, makaronlar, süd məhsulları, görün marketlərdə nə qədər öz məhsulumuz var.

– Ərzağın əksəriyyəti xaricdən gətirilir?

– Yox, diqqətlə baxsanız, istehsal özümüzə aiddir.

– O zaman nə üçün əhali kənar məhsullara üstünlük verir?

– Yox, mən onu sezməmişəm. Şəxsən mənim soyuducumda hamısı Azərbaycan məhsullarıdır, çünki ən azından saxlanma müddətinə baxıb alıram. Məsələn, mən xarici süd almıram, xarici məhsulun üzərində 1 il saxlanma müddəti yazılır.

– Yəqin kənd əhlinin həyətinizə gətirdiyi süddən alırsınız…

– Vallah, qapımızın “ağzındakı” marketdən alıram.

– Jalə xanım, bütün hallarda seçkidən əvvəl əməkhaqqının 10, yanacağın isə 33 faiz artması Sizi heç narahat etmədimi?

– Bilirsinizmi, hamımız bu ölkənin vətəndaşıyıq, təbii ki, müəyyən məsələlər var ki, hər birimiz ondan narahatlıq keçiririk. Ancaq tələsmək lazım deyil, gəlin bir az gözləyək. Bu yaxınlarda hökumətin iclası keçirildi, büdcə müzakirələri oldu, yenidən maaşların artırılması, digər sosial sahələrdə güzəştlər nəzərdə tutulur.

– Amma qarşıda elektrik enerjisinin, sərnişin nəqliyyatının qiyməti artacaq…

– Axı bu labüddür. Bilirsiniz, kənardan danışmaq çox asandır, mən də əvvəllər elə bilirdim ki, Milli Məclisdə oturub fikir yürütmək, qəhrəman olmaq çox asandır. Amma işin içinə daxil olanda və vəziyyətin nədən ibarət olduğunu görəndə…

– Vəziyyət ondan ibarət deyilmi ki, inhisarçılar və korrupsionerlər ölkəni inkişaf etməyə imkan vermirlər?

– Bir dəqiqə, Siz fikrimi sona yetirməyı imkan vermirsiniz. Mən çox istəyərdim ki, biz eyni baxış bucağından danışaq.

– Jurnalistlə siyasətçi eyni mövqedən danışa bilməz axı…

– Nəyə görə, jurnalist məgər insan deyil?

– Söhbət ondan gedir ki, jurnalist həmişə qarşı tərəfə əks fikirdə olmalıdır…

– Mən biz deyəndə özümü nəzərdə tuturam və hər kəsin mövqeyinə hörmətlə yanaşıram. Bax, kənardan Siz də vətəndaş, yaxud jurnalist kimi sual edə bilərsiniz ki, nəyə görə maaşları 50-100 faiz artırmırlar? Kənardan belə görünür, amma gəlib işin içinə daxil olub hesablamaları aparanda bunun mümkünsüz olduğunu görürsən. Məgər, hökumət istəməz ki, maaşları istədiyiniz 50 faiz artırsın və narazı olan tərəflər də daha yaxşı yaşasın? Əlbəttə ki, dövlət bunu istəyir, amma bunu tənzimləmə mexanizmi çətindir. Birdən-birə bu mümkün deyil, əks təqdirdə büdcə boşalar.

– Narazı tərəf məmur özbaşınalığının, korrupsiyanın aradan qaldırılmasını istəyir? Bir deputat kimi bu barədə düşünmüsünüzmü?

– Təbii ki, məmur özbaşınalığı var, biz də problemlərin aradan qalxmasını istəyirik.

– Bəs niyə alınmır?

– Problemlər aradan qaldırılır.

– Korrupsiyanın səviyyəsinə görə Ermənistanı üstələmişik?

– Bilmirəm, bu rəqəmləri okeanın o biri tərəfindən hansı maraqlar əsasında ortalığa çıxartmısınız. Nəyə görə belə edirsiniz?

– Siz ölkədə problemin olmadığını deyirsiniz?

– Yox, bizim rəhbərimiz də deyir ki, problemlər var. İnsan oğlunun yaşadıqca problemi var. Gəlin, bəsit nümunə gətirək, evimizdən, məişətimizdən, qaz, su borusunu düzəldirsən, səhər “napor” güclü olanda partlayır. Ad çəkməyəcəm, o gün bir ev ləvazimatı aldım, xarici məhsul idi, fabrikdən müəyyən bir dəliyini açmadan göndəriblər. Yaxşı, buna görə də dövlət, ya da dükan sahibi günahkardır?

– Yəqin ki, günahkar inhisarçılardır…

– Bəli, dövlətin və hökumətin günahı yoxdur.

– Sual yaranır, dövlət niyə inhisarçılığı aradan qaldırmır?

– Bilirsiniz ki, inhisarçılığın aradan qaldırılması üçün mübarizə gedir, o cümlədən, korrupsiyayla mübarizə aparılır.

– Jalə xanım, 10 ildən çoxdur mübarizə gedir?

– Olsun, olsun…

– Məhv olan insan ömürləri var axı ortalıqda.

– Bilirsinizmi, 10 il tarix, islahatlar qarşısında böyük deyil. Bəlkə də insan ömrü üçün çoxdur.

– Jalə xanım, Gürcüstanda olmusunuzmu?

(Davamı olacaq)/bizimyolinfo.com/

2 ŞƏRH

  1. Müsahibənin çox hissəsi ilə mübahisə etmək olar.Ancaq ” Amma gəlin açıq danışaq, 150, 200, 300 minlik maşın sürən insan üçün yanacağın 20 qəpik artması heç bir şeyi dəyişdirmir.” olduqca düşündürücüdür.Məgər çox hörmətli Jalə xanım həmin maşınların kimlərə məxsus olduğunu bilmir?(Sual yaranar ki,bu adamlar arasında müğənni və şou biznes nümayəndələri var kiŞelə onların da “sponsoru” Jalə xanımın da tanıdığı adamlardır)Bu həmin adamlardır ki,neftin mənfətinindən onlara da pay düşür və qiymətlərin artması ilə onların gəlirləri (milyonları desək daha düzgün olar) daha da artacaq.
    Qaldı Bibisinin 10 il bundan qabaq Zərdablı olmasını deməyə utanması bu da başa düşüləndir:10 il bundan qabaq hörmətli Jalə xanım Zərdabın deputatı deyildi.Həmin dövrdə bu sözü S.Aranın bibisi söyləyirdi.

  2. Hormetli Jale xanim siz gozel xanim semimi saf isan olmaginiza zerre qeder subhem yoxdu.Siz yegane insansiniz ki,menim bir muracietime on iki yuksek cinli memur arasinda cavab verdiniz.Duzdu cavabinizla menim problemim hellini tapmadi amma en azindan insan olaraq meseleye bigane qalmadiniz.Buda ondan ireli gelir ki,siz digerlerinden ferqli olaraq oz isinizde daha vicdanli ve mesuliyyetlisiniz.Amma onu da deyim ki,musahibenizi oxudum ve bir cox meqamlarda sizinle razi deyilem.Dogurdan da Zerdabda her sey ela deyi.Duzdu insanlar evvelki illerden daha yaxsi yasayir amma pis yasayanlarda coxdu.Tehsilde sehiyyede Kend teserufatinda ciddi problemler var halbu ki,bu problemler sunu sekilde yaradilir.Yeni bu cur noqsanlari aradan qaldirmasinda isler gorulmelidir.Zerdab caamahati hemise cetinlikde olub hettda bu gununden yaxsi gunu olmayib.Qarin dolu yemeyi olub amma cetin emeyi sayesinde.Hetda hazir ki orta yasli adamlarin 70 faizi hec de dogum evlerinde yox pambiq tarlalarinda evlerde dunya ya gelib.Yeni bizim camaat hemise cetin eziyyetli emeyi sayesinde dolanib.Duzdi insanlar hemise gileylenir yeni naliyyetin ardinca yene de isteyir yeni problemler hemise var olacaqdir amma ele problemler de var ki,onlarin yaranmasinin qarsisini almaq olar ki,neticede yaranan haldan insanlar eziyyet cekmesin.Bu gun hell mumkunluyu olan meseleler var ki,bax onlari hell etmek lazim…Yeri gelmisken size Nurlan Isrefilovun mualice muayine islerinde gosterdiyiniz seylere gore thesekkur edirem ve inaniram ki,bu seyleriniz yaxsi neticeler verecek.Cox sag olun….

Comments are closed.