İsaməddin Əhmədov yazır: “Ağlama bülbül, ağlama”

2
62
İsaməddin Əhmədov
Müəllif: İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.

AĞLAMA BÜLBÜL…

Allı-güllü bağlar soldu,

Keçən keçdi, olan oldu,

Nə dedim ki, gözün doldu,

Ağlama bülbül, ağlama.

 ***

Tanrıdır taxta mindirən,

Həm qaldıran, həm endirən,

Dərddi səni dilləndirən,

Ağlama bülbül, ağlama.

 ***

Qərənfil, sil göz yaşını,

Bənövşə, dik tut başını,

At yazıqlığın daşını,

Ağlama bülbül, ağlama.

 ***

Körpəlikdən uydun yada,

Sevdiyini saldın oda,

Göz yaşları çatmaz dada,

Ağlama bülbül, ağlama.

 ***

Dərd həmdərdlə ağır olmaz,

Dil bir belə yağır olmaz,

Quş bu qədər fağır olmaz,

Ağlama bülbül, ağlama.

 ***

Payız gəlir, qəm gətirir,

Bağlar solur, gül itirir,

Göz yaşın kədər gətirir,

Ağlama bülbül, ağlama.

 ***

Əzəldən gülmədi üzün,

Döndü zülmətə gündüzün,

Bəsdi, tutulacaq gözün,

Ağlama bülbül, ağlama.

 ***

Bu dünyada azdır qanan,

Çoxalıbdır əhdin danan,

Olmayacaq sənə yanan,

Ağlama bülbül, ağlama.

 ***

Eşq yolunda olsa ölən,

İsaməddin, olmaz bilən,

Göz yaşını kimdi silən,

Ağlama bülbül, ağlama.

2 ŞƏRH

  1. İsaməddin müəllim,Sizə yeni-yeni yaradıclılıq uğurları arzulayırıq.

  2. ÇOX SAĞ OLUN! MKS-NİN TİMSALINDA BÜTÜN OXUCULARA VƏ ZERDAB.COM-UN KOLLEKTİVİNƏ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.

Comments are closed.