Əməkdar incəsənət xadimi, həmyerlimiz Çingiz Abbasov – 65

1
25979

Muğam sənətindən, onun quruluş və tərkibindən, qəzəl dünyasından sadəcə söz açmaq bir o qədər də çətin deyil. Onu sevmək, başa düşmək, qoruyub gələcək nəsillərə çatdırılması üçün əlindən gələni əsirgəməmək, gördüyü işdən aldığı zövqü heç nəyə dəyişməmək kimi yüksək keyfiyyətlər yalnız sənət fədailərinə məxsusdur.

Ömrünün 42 ilini milli musiqimizin təbliğinə həsr etmiş sənət fədailərindən biri də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Musiqi və əyləncəli proqramlar redaksiyasının böyük redaktoru əməkdar incəsənət xadimi Çingiz Qurban oğlu Abbasovdur. Bu günlərdə Çingiz Abbasovun anadan olmasının 65 ili tamam olur. Sənət aləmində az adam tapılar ki, onu tanımasın. Çox vaxt onu xalq musiqisinin canlı ensiklopediya adlandırırlar. Bu da səbəbsiz deyil. Neçə-neçə ustad xanəndələrimizin unudulmamasına, onların yaradıcılıq yollarına işıq salınmasına, gənc istedadların ərsəyə çatmasına vəsilə olub. KİV nümayəndələri hər hansı bir muğam ustadı, eləcə də müasir musiqi ifaçıları haqqında yazı hazırlayarkən mütləq onunla görüşür, dəyərli məsləhətlərindən faydalanırlar.

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır. İllər ötdükcə bu qəbildən olan insanların zəhmətini xalq dəyərləndirməklə onlara layiq olduğu qiyməti verir. Bəzən bu fədakar insanların əməyi arxa planda qalır. Diqqəti çəkən ilk növbədə musiqi ifaçıları olur. Lakin milli musiqimizə, muğama, qədim el havacatına ekran həyatı verən daim axtarışlar aparan insanları da yaddan çıxarmaq olmaz.

Ad günü keçmişi xatırlamaq deməkdir. Biz də bu ənənəyə sadiq qalaraq Çingizin keçdiyi çoxşaxəli yaradıcılıq yolundan söz açmağa çalışacağıq.

Ölkəmizin mədəni həyatında baş verən əksər tədbirlərdə, xüsusən də xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan və sevilən muğam televiziya müsabiqələrində, beynəlxalq muğam festivallarında onu tez-tez görmək olur. Respublikanın bir çox populyar xanəndə və musiqi ifaçıları ilə dostluq və yaradıcılıq əlaqələri var. Bu da səbəbəsiz deyil. Bəlkə də, çoxları bilmir ki, o, Xalq artistləri Xan Şuşinski, Şövkət Ələkbərova, Rübabə Muradova, İslam Rzayev, Arif Babayev, Canəli Əkbərov kimi tanınıb sevilmiş xanəndələrlə birgə neçə-neçə gözdən, könüldən uzaq düşmüş, az qala unudulmaqda olan sənətkarlar haqqında ekran və efirdə gedən silsilə verilişlərin müəllifidir.

1950-ci il yanvar ayının 24-də Zərdab rayonunda ziyalı ailəsində dünyaya göz açan Çingiz Abbasov erkən yaşlarında musiqiyə maraq göstərmişdir.

Atası Qurban kişi rayonun sayılıb-seçilən ağsaqqallarından olub. Respublikanın bir çox tanınmış xanəndə və musiqi ifaçılarından Xalq artistləri Habil Əliyev, Əbülfət Əliyev, İslam Rzayev, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov və digərləri Qurban kişinin evinin qonağı olmuş onunla dostluq əlaqələri saxlamışlar. Bəlkə, bu səbəbdən də Çingiz xalq musiqisinə bu qədər maraq və həvəs göstərmiş, ömrünü bu sənətə həsr etmişdir.

Çingiz Abbasovun fədakar əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Televiziya və Radiosunun inkişafındakı xidmətlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə o, 2006-cı ildə “Tərəqqi” medalına, 2011-ci ildə isə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Bu əlamətdar günlə bağlı sənət dostlarından – Respublikanın xalq artistləri Habil Əliyev, Arif Babayev, Mənsum İbrahimov, əməkdar artist Razi Şükürov və digərləri onu təbrik edərək bu yolda daha böyük nailiyyətlər arzulamışlar. Xalq artisti Canəli Əkbərov isə Çingizi AzTV-də xalq musiqi ifaçılarının “səlahiyyətli səfiri” adlandırmışdır.

Rafiq SALMANOV

1 comment

Comments are closed.