
2015-ci ilin əvvəlinə Zərdab rayonunun əhalisinin sayı 56469 nəfər olmuşdur ki, bu da Azərbaycan Respublikasının əhalisinin 0,6 faizini təşkil etmişdir. Hazırda rayonda əhalinin sıxlığı bir kvadrat kilometrə 66 nəfər təşkil edir. Əhalinin 20,6 faizi şəhər, 79,4 faizi isə kənd yerlərində yaşayır.
Rayon əhalisinin 50,0 faizini kişilər, 50,0 faizini qadınlar təşkil edir və hər 1000 kişiyə 1000 nəfər qadın düşür.
Rayon əhalisinin 23,7 faizi 0-14 yaşda, 70,5 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər rayon əhalisinin 28,1 faizini təşkil edir.
Əhalinin orta yaşı 33,1, yeni doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş təşkil edir.
2014-cü il ərzində rayonda 957, gündə təxminən 3 körpə doğulmuşdur ki, onların da 54,9 faizini oğlanlar, 45,1 faizini isə qızlar təşkil edir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 15,3-dən 16,9-a qədər artmışdır. Doğulanların 9,3 faizi rəsmi nikahdan kənar doğulmuşdur.
Zərdab rayonunda 2014-cü il ərzində təbii artım ölkə üzrə 0,5 faiz təşkil etmişdir. 2013-cü ildə bu göstərici ölkə miqyasında 0,4 faiz təşkil etmişdir. Aran-iqtisadi rayonu bölgəsində Zərdab rayonunun payı 2,3 faiz olmuşdur.
Ölkədə orta hesabla bir qadına bütün ömrü boyu 2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
Ötən il rayonda 354 ölüm, 491 nikah və 58 boşanma halları qeydə alınmışdır. 2013-cü ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,2-dən 6,3-ə, nikahların sayı 8,1-dən 8,7-yə qədər artmış, boşanmaların sayı isə 1,3-dən 1,0-ə qədər azalmışdır.
Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
2014-cü ildə hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlərdə baş verən ağırlaşmalar nəticəsində ana ölümü qeydə alınmamışdır.
Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27,6, qadınlar arasında isə 23,7 yaş təşkil edir.
2014-cü il ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən rayona daimi yaşamaq üçün 100 nəfər gələn və 82 nəfər rayondan gedən qeydə alınmışdır.
Zərdab Rayon Statistika İdarəsi
Gərəkli məlumatlardır. Xüsusən parlament seçkiləri ilində. Saytın əməkdaşlarına təşəkkürlər.
Teşekkür, Günel xanım
Comments are closed.