Zərdabda dostunun başını kəsən gənc: “Arvadıma zəng vurmuşdu…”

0
71

bıçaqlanma-kriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində sinif yoldaşını öldürüb meyitini yandıran 1989-cu il təvəllüdlü Zərdab rayon sakini Vüsal Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə virtualaz.org saytına zərərçəkmişin nümayəndəsi Tural Süleymanov məlumat verib. Məhkəmə prosesinə hakim Asim Hacıyev sədrlik edib.

Qətl hadisəsi 30 dekabr, 2014-cü ildə Zərdab rayonunda baş verib. Rayonun Dəliquşçu kənd sakini Rəşad Zeynalovun başı kəsilmiş və üz nahiyəsinə benzin tökülüb yandırılmış halda olan meyiti rayonun Xanməmmədli kənd ərazisində aşkarlanıb. Cinayəti  törətməkdə şübhəli bilinən Vüsal Mehdiyev həbs olunub. O, ilkin izahatında hadisəni münaqişə zəminində törətdiyini deyib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 6 dekabr, 2011-ci ildə sinif yoldaşı və qonşusu Rəşad Zeynalovun onun arvadı Elnurə Manaflının mobil telefonuna zəng etdiyinə görə öldürmək qərarına gəlib. Rəşad Zeynalovun kənddə davranışını, apardığı söhbətləri izləyib, onun və arvadının şəxsiyyəti barədə alçaldıcı ifadələr işlətməsinə, xoşagəlməz sözlərin yaymasına əmin olub və ondan qisas almağı planlaşdırıb.

Bu məqsədlə 29 dekabr, 2014-cü ildə Rəşadı qonşu kənddə satılacaq xırdabuynuzlu heyvanlara baxmaq adı ilə aldadaraq öz maşını ilə Hüseynxanlı kəndi ərazisindəki əkin sahəsinə aparıb. Orada avtomobilin təkərinin çalaya düşməsini bəhanə edərək Rəşada maşının təkərinə baxmasını xahiş edib. Sinif yoldaşı maşından enən kimi arxasınca gələrək bıçaqla ona ardıcıl zərbələr endirib.

Həmin vaxt R.Zeynalov aman diləyərək onu vurmasının səbəbini soruşub. V.Mehdiyev isə 3 il öncə arvadına zəng vurduğuna görə onu öldürəcəyini bildirib. Bunu eşidən R.Zeynalov onun əlindən çıxaraq qaçmağa başlayıb. Rəşadın arxasınca qaçaraq ona çatan V.Mehdiyev əlindəki bıçaqla yenidən zərbələr endirib. Sinif yoldaşının yerə yıxılmasından istifadə edərək xüsusi qəddarlıqla onun qırtlağını kəsib. Lakin bununla da kifayətlənməyərək maşından götürdüyü plastik qabdakı benzini onun üzərinə töküb və od vurub.

Təqsirləndirilən şəxs qismində dindirilən Vüsal Mehdiyev ifadəsində Rəşadın onun arvadının telefonuna zəng vurmasını şərəf və ləyaqətini alçaldan, eyni zamanda namusunu ləkələyən hərəkət kimi qiymətləndirdiyini göstərib: “2011-ci ildə Elnurə ilə ailə həyatı qurmuşuq. Rəşadla bir sinifdə oxumuşuq, dost olmuşuq, aramızda səmimi münasibət olub, yaxın qonşuyuq. Onun yaxşı əl qabiliyyəti, bacarığı olduğuna görə evə aldığım karnizləri vurmaq üçün anam Rəşadı çağırmışdı. Həmin günün səhərisi arvadımın telefon nömrəsinə zəng gəldi, cavab verəndə Rəşadın səsini tanıdım. Zəng vurmasının səbəbini soruşduqda bu nömrədən ona zəng gəldiyini bildirdi. Arvadımdan soruşanda Rəşada zəng vurmadığını, onunla heç bir danışığının olmadığını dedi. Sonradan bildik ki, Rəşad karniz vuranda stolun üstündəki qırmızı telefonun arvadıma məxsus olduğunu bilib və həmin telefondan özünə “vızov” atıb. O nömrəni qırıb atdım və arvadıma yeni nömrə aldım.

Bu barədə Rəşadla heç bir söhbətim olmayıb. Fikirləşdim ki, birdən dava-dalaş yaranar, Rəşadın arvadıma zəng vurması kənddə yayılar. Bir müddət sonra məlum oldu ki, arvadımla Rəşadın heç bir əlaqəsi yoxdur. Çünki Elnurənin telefonu daim evdəki əşyaların üzərində olurdu”.

Təsirləndirilən şəxs ifadəsində göstərib ki, həmin hadisədən sonra Rəşadı öldürmək fikrinə düşməyib, əgər öldürmək niyyəti olsaydı, bunu son 3 il ərzində reallaşdırardı: “Düşünürdüm ki, bir səhvdir edib. Ona görə də Rəşadla zəng barədə hər hansı söhbət etmədim. Əgər onu öldürməyi əvvəlki illərdə qətiləşdirsəydim, bunu edərdim. Amma fikirləşmişdim ki, Rəşad kənd əhli arasında hər hansı fikir söyləsə, camaatın arasında yaysa, dost-tanış arasında nəsə bildirsə, onu öldürəcəkdim. Zəngin üstündən 3 il keçmişdi. Rəşadın danışıqlarında, hərəkətlərində şübhəli məqamlar hiss edirdim. Rəşad həmkəndlilərimlə işlədiyim mağazaya gəlir, uşaqların yanında atmacalı sözlər deyirdi. Elə başa düşürdüm ki, yəqin Rəşad arvadıma zəng vurmağını uşaqların yanında deyib, hələ üstəlik birinin üstünə də beşini qoyub danışıb.

Ona görə də içimi gəmirən bu narahatçılığa son qoymaq üçün Rəşadı öldürəcəyimi qətiləşdirdim. Qətli həyata keçirmək üçün əlverişli şərait axtarırdım. Nəhayət, bu şərait 2014-cü il, dekabr ayının 29-da yetişdi”.

V.Mehdiyevin ifadəsinə görə, hadisə baş verən gün axşam saatlaırnda Rəşad digər həmkəndliləri ilə birlikdə onun işlədiyi mağazaya gəliblər:“Rəvan İmanov, Səbuhi Ağayev və Elçin İmaməliyev də Rəşadın yanında idi. Mağazadan ərzaq və spirtli içki alıb yaxınlıqdakı tikilidə yeyib içdilər. Bir qədər sonra onları qonşu kənddə yerləşən “Üçqardaş” kafesinə aparmağımı xahiş etdilər. Ancaq bir məsələ barədə düşünürdüm ki, əgər əlverişli şərait yaranarsa, Rəşadı öldürəcəm.

Ona görə də razılaşdım. Kafedən çıxanda qaynım Emil də orada idi. Onunla sağollaşandan sonra Elgün, Elçin, Səbuhi və Rəşadla birlikdə maşına əyləşib kəndə doğru istiqamət aldım. Rəşadla maşında tək qalmaq üçün uşaqlara dedim ki, bibimqızıgilə gedirəm. Uşaqlar maşından düşdülər, bircə Rəşad qaldı. Çünki yolumuz eyni idi”.

Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu deyib: “Avtomoibil yolunda süni vəziyyət yaratdım, təkər çalaya düşdü. Rəşaddan yardım göstərməsini xahiş etdim. O, avtomobildən düşən kimi arxasınca gəlib bıçaqla sinəsindən zərbə endirdim. Yolun kənarındakı boş torpaq sahəsinə qaçmağa başladı. Arxasınca çatıb çənəsinə, boğazına bıçaqla ardıcıl zərbələr vurdum. Rəşad müvazinətini itirib yerə yıxıldı. Maşından götürdüyüm benzini hərəkətsiz vəziyyətdə yerdə uzanan Rəşadın üstünə töküb od vurdum. Avtomobilə əyləşib tez-tələsik hadisə yerindən uzaqlaşdım.

Gərək onu öldürməzdim. Çox peşmanam. Bu hərəkətim bir nəfərin qəbrə, bir nəfərin həbsxanaya getməsinə səbəb oldu. Rəşadı xüsusi amansızlıqla, qəddarlıqla öldürmək fikrim olmayıb. Qısa zamanda onu öldürüb cinayətin izini itirmək istəmişəm”.

Mərhumun atası İnşallah Zeynalov virtualaz.org saytına hadisənin ilk günü qatilin cinayəti etiraf etmədiyini, qətli başqa şəxslərin üzərinə atdığını deyib: “Vüsal əvvəlcə heç nəyi boynuna almadı. Cinayət başqa şəxslərin boynuna atırdı. Kənd sakini Rəvan İmanovun adını çəkirdi. Deyirdi ki, maşını həmin gün Rəvana vermişəm.  Polis əməkdaşları Rəvangilin evində axtarış apardılar. Rəvanı və bir neçə nəfəri həbs etdilər. Amma sonradan hamısı buraxıldılar. Vüsal da dedi ki, cinayəti təkbaşına törətmişəm. Hadisədən sonra Vüsalın atası Ələsgər bizə gəlib oğlunun qətldən xəbəri olmadığını bildirirdi”.

Zərərçəkmişin iddiasına görə, Vüsal Mehdiyev bu cinayəti təkbaşına törətməyib, oğlunun qətlində başqa şəxslərin də əli olub, amma istintaq zamanı bunlar araşdırılmayıb: “Mənim oğlumun heç kimə düşmənçiliyi olmayıb. Rəşad həm ailədə, həm də kənd arasında təlim-tərbiyəsi ilə fərqlənib, ətrafında insanlarla mehriban münasibət qurub. Vüsal mənim oğlumu təkbaşına qətlə yetirməyib. Oğlum fiziki cəhətdən ondan qat-qat güclü olub. Mənim övladımı bir deyil, bir neçə nəfər qətlə yetirib. Oğlumun qətlində Vüsalın qaynı Emin Manaflıdan da şübhələnirik. Hadisə yerində iki avtomaşının olduğunu görən mikroavtobusun sürücüsü, digər şahidlər istintaq zamanı dindirmədilər, araşdırma aparılmadı. Vüsal qətli törədəndən sonra yenidən başqa şəxslərlə hadisə yerinə gəlib, cinayətin izini itirməyə çalışıb. Mikroavtobusun sürücüsünün gördüyü həmin iki avtomaşın Vüsalgilə məxsus olub. Hadisə vaxtı havalı kimi idim. Zərdab Rayon Pois Şöbəsinin rəis müavini Mədət Hümbətalıyev özü əvvəlcə bizə deyirdi ki, maşının yanında bir neçə ayaq izləri var. Sonradan həmin ayaq izləri də “yoxa çıxdı”. Kimsə cinayətkarlara “krışalıq” edir. Elə Vüsalı da öyrədiblər ki, başqa şəxslərin adını çəkmə, yoxsa cəzan ağır olacaq. Məhkəmədə də dedim ki, Mədət Hümbətalıyevin, Vüsalın və Ələsgərin telefonlarının anten dairəsinin müəyyən edilməsi ilə bağlı vəsatət qaldırdım. Təmin etmədilər. Əlim hər yerdən üzülüb. Mənim başqa variantım yoxdur”.

Zərərçəkmişin nümayəndəsi Tural Süleymanov virtualaz.org saytına açıqlamasında bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadələri arasında ziddiyyətlər var. İstintaq zamanı V.Mehdiyev ifadəsində mərhum Rəşad Zeynalovun qətlini  əvvəlcədən planlaşdırdığını desə də, məhkəmədə fərqli ifadə verib.