Zərdabda məskunlaşan Şuşalı xanımın təbriki məni kövrəltdi

4
63

Tərlan AbdullayevaYazda açan Xarı bülbülün indi bol vaxtıdır. Bircə kolun üstündə də qönçə qalmayıb. Hamısı – “gəl, məni dər”-deyir. Dərilib bağışlanmaq istəyir. Gözəl günlərimizdə gül bağışlanmağın əsas səbəblərindən və incə məqamlarından biri bayramlarımızdır. Ancaq nə yazıq ki, 23 ildir bayram niyyətinə Xarı bülbül dərilmir. Elə açdığı yerdə də xəşəm olur. Çünki onun ətrafında “dilini” bilən, qoxusunu “anlayan” yoxdur. Ulu Yaradan bu duyğulardan zövq almağı ancaq azərbaycanlılara bəxş edib. Bu gün onlar Şuşada olmadığı üçün Şuşanın simvolu olan Xarı bülbül düşmənə etiraz əlaməti olaraq “qeyb” olub. Axı, erməni heç vaxt Xarı bülbülün “dilini” bilə bilməz. Bu da bir möcüzədir ki, Şuşadan başqa heç bir torpaqda yetişməyən Xarı bülbül bu ilin aprel ayında Qaxın Şıxlı kəndində bir ailənin həyətində “peyda” olub. Başqalarını deyə bilmərəm, mən bu təbiət hadisısini belə yozuram ki, erməni məkrindən qəhr olan Xarı bülbül Şıxlı kəndinə gəlməklə bizə Şuşa həsrətini bir daha xatırladır. Bu düşüncələrimi qeyd etməyimə səbəb bu gün görüşdüyüm şuşalı bir xanım oldu. Adı Nüşabə, soyadı Əliyevadır. 23 ildir ki, ailələri ilə birgə Zərdabda məcburi köçkün həyatı yaşayırlar. Əslində, ilk anda gəlişinin səbəbini anlamadım. Həmişəki qayda üzrə özünün və ailə üzvlərinin əhvalı ilə maraqlandım. Anası, II qrup əlil Sitarə xanımın səhhəti ilə bağlı söhbət etdik.
“Şükürlər olsun ki , yaxşıyıq” dedi. Və gözləmədiyim şəkildə, indiyə qədər eşitmədiyim faktlardan bəhs etdi: -Evimiz Şuşa şəhərindəki keçmiş Şaumyan küçəsi 6–da yerləşirdi. 1 saylı orta məktəbə getdim və buranı bitirdim. Sonra 72 saylı texniki peşə məktəbinə daxil oldum. Şuşa ermənilər tərəfindən işğal olunana qədər Şuşadakı məşhur xalçaçılıq sexində işləyirdim. Əvvəlcədən rəssamlıq və dərzilik qabiliyyətim də vardı. Ona görə də məndə xalçalar çox yaxşı alınırdı. Xalçalara işlədiyim naxışlar, əvvəlcədən nəzərdə tutulmuş naxışlara yaradıcı yanaşma dillər əzbəri idi. Rayonomuzda çıxan “Şuşa” adlı qəzet hərdən mənim haqqımda məqalələr çap edərdi. O, məqalələr təkcə mənə deyil, bütün ailəmizə sevinc gətirərdi. O vaxt mənim kimi gənclərə qəzet əlçatmaz görünərdi. Sonra hər şey dəyişdi. Tale elə gətirdi ki, biz Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğulduğu rayonda məskunlaşmalı olduq. Şuşa döyüşlərində yaralanan atam Misir Əliyev Zərdabda vəfat etdi və biz atamı Gəlmə qəbirstanlığında dəfn etdik. Bacılarım burada ailə həyatı qurdu. Və bununla da biz Zərdaba möhkəm tellərlə bağlandıq. Bu müddət ərzində qaşılaşdığımız bütün çətinlikləri həlli edərkən  Zərdab Rayon İcra Hakimiyyəti Aparatı ilə birgə “Əkinçi” qəzeti də bizə çox dəstək oldu. Buna görə də öz adımdan və ailəmiz  adından qarşıdan gələn Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə “Əkinçi” qəzetinin yaradıcı kollektivini və çox hörmətli Zerdab.com-un çox hörmətli sədrini, Sizi ürəkdən təbrik edirəm – dedi.
Çox sağ olun, Nüşabə xanım! Allah Sizdən razı olsun və həsrətində olduğunuz doğma yurda qovuşdursun. Mən də Sizi qarşıdan gələn Ramazan bayramı münasibətilə tədrik edir, bu müqəddəs ayda dualrınızın müstəcab olmasını Böyük Allahdan diləyirəm.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ” NİN MÜXBİRİ

4 ŞƏRH

  1. Hörmətli Tərlan xanım , bu yazını oxumaq imkanını indicə tapdım . Mənim haqqımda yazdığınız fikirlərinizə görə Sizə və Zerdab.com-un rəhbərliyinə öz adımdan və ailəmiz adından təşəkkür edirəm . Mən də Sizin keçmiş peşə bayramınızı ürəkdən təbrik edirəm .
    Əziz Tərlan bacım , Siz bu dünyada ən yaxşı şeylərə layiqsiniz.

  2. Çox sağ ol , Nüşabə ! Mən də sənə təşəkkür edirəm . Məndən Sitarə anaya salam söylə. Tezliklə görüşərik , inşəllah.

  3. Tərlan müəllim , hər vaxtınız xeyir olsun ! Nüşabə mənim baldızımdır . Bu yazını oxuyub çox təsirləndim . Şuşalı günlərimiz yadıma düşdü . Doğurdan da Nüşünün çox gözəl əl qabiliyyəti vardı .Gözəl xalçalar toxuyurdu . Allah erməninin tifağını dağıtsın .Qurulu düzənimizdən olduq .

Comments are closed.