Zərdablı qəhrəman tankçı – şəhid Nurəmir Əliyev

0
104

Qarabağ müharibəsində Zərdab rayonundan 130-dan çox gənc torpaqlarımızın azadlığı uğrunda şəhid olub. 104 nəfər isə döyüşlərdə yaralanaraq əlil olub. Zərdabın belə qəhrəman oğullarından biri də qəhrəman tankçı Nurəmir Nurəddin oğlu Əliyevdir. Nurəmir Əliyev 1967-ci ilin yanvarında Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini sovet ordu sıralarında keçib. Qarabağda ermənilərin törətdiyi vəhşiliklərə dözməyən N. Əliyev 1992-ci ildə könüllu olaraq milli ordu sıralarına qoşulub. Cəbhənin Fizuli istiqamətində gedən döyüşlərdə, xususilə Horadizin azad olunmasında göstərdiyi igidliklərə görə, dəfələrlə komandanlığın təşəkkür məktublarına layiq görülüb. 1993-cü ilin 4 iyun tarixində Korazıllı kəndi istiqamətində düşmənin tankını məhz çavuş Nurəmir Əliyevin komandirlik etdiyi tank ekipaji məhv edib. 1994-cü il 5 yanvar tarixdə isə Şükürbəyli kəndi istiqamətində igid həmyerlimiz düşmənin 2 tank əleyhinə raket və rabitə qurğusunu ələ keçirərək hərbi hissəyə təhvil verib. Çavuş N. Əliyev 1994-cü il 26 yanvarda aşağı Əbdürrəhmanlı kəndinin azad olunmasında qəhrəmancasına ŞƏHİDLİK zirvəsinə yüksəlib.

Zamil və Sahil Əliyev adlı iki oğlu var. Qürurverici haldır ki, igid həmyerlimiz Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2011-ci il tarixli 1552 saylı sərancamı ilə “Hərbi xidmətə görə” medalı ilə təltif olunub.

Məlumatları və fotoları Zerdab.com saytına göndərdi: Rasif Qaçayzadə