Zərdabda keçiriləcək buraxılış imtahanlarının təfərrüatları…

0
91

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Zərdab rayonunun orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən www.zerdab.com saytına verilən məlumata görə, iyunun 18-də saat 10:00-da Zərdabda orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanları 2 binada keçiriləcək. İyunun 18-də Zərdab rayonu üzrə 513 XI sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.
www.zerdab.com saytı xatırladır ki, həmin gün saat 15:00-da orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanları da keçiriləcək. Zərdab rayonu 724 IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. – Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcəklər.

www.zerdab.com