Zərdabi ocağından çıxanların məzarları haradadır, yaşadıqları ünvanlar bəllidirmi?

2
146

Zərdabi ocağından çıxan ailə üzvlərinin, doğmalarının məzarı haradadır, onların yaşamış olduqları ünvanlar bəllidirmi?

Həsən bəy Zərdabinin və onun ailə üzvlərinin keşməkeşli həyat yolları…

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas

Vətənimizin dilbər guşələrindən biri, Kür çayının sahilində yerləşən, keçmiş Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhəri) maarifpərvər bir ailədə gələcəyin Həsən adlı tarixi şəxsiyyəti dünyaya göz acmışdır. Onun babası Rəhim bəy və atası Səlim bəy dövrünün sayılıb-seçilən adamlarından olmuşlar. Onlar Göyçay qəzasında xeyriyyəçiliklə məşğul olaraq elmə, maarifə, incəsənətə himayəlik etmişlər.

Azyaşlı Həsənin təhsili ilə əvvəlcə atası Səlim bəy məşğul olur, onda elmə, təhsilə, vətənə, xalqa məhəbbət hissi aşılayır. Faydalı öyüd-nəsihətlərindən, verdiyi ilk təhsildən bəhrələnən körpə Həsəni atası sonra Zərdab kəndində fəaliyyət göstərən mədrəsəyə qoyur və o, burada ibtidai təhsilini alır.

Atası Səlim bəy artıq yetkin bir gənc olan Zərdabini 1852-ci ildə Şamaxıda yenicə açılmış müasir üsulda  rus dilində təhsil verən məktəbə gətirir. O, bu məktəbdə rus dilini dərindən öyrənir, elmi biliklərə yiyələnir və 1858-ci ildə həmin məktəbi böyük müvəffəqiyyətlə bitirir. Həsən bəyin dövlət hesabına 1-ci Tiflis gimnaziyasına göndərilməsi məsləhət görülür. Həmin ili, yəni 1858-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib gimnaziyanın V sinfinə daxil olan Həsən bəy bu təhsil ocağını 1861-ci ildə gümüş medalla bitirir. Bu müvəffəqiyyətinə görə, 1861-ci ilin avqust ayında imtahansız, dövlət hesabına Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olur.

Bu böyük təhsil ocağı Həsən bəy Zərdabinin dünya görüşünün formalaşmasında və gələcək işlərinin elmi, siyasi, iqtisadi, hüquqi cəhətdən həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. 1865-ci ildə Universitet təhsilini başa vurur. Bu təhsil ocağını əla qiymətlə bitirdiyinə və nümunəvi əxlaqına görə 1865-ci ilin iyun ayının 10-da Universitetin Elmi Şurası ona təbiət elmləri namizədi alimlik dərəcəsi adını verir.

Universiteti bitirərkən onun bu təhsil ocağında qalıb işləməsi təklif olunsa da Həsən bəy bununla razılaşmır. Böyük ideya və amallar sahibi olan Zərdabi “Vətənim Azərbaycandan kənarda qalmağı özüm üçün ölüm hesab edirəm” deyir. O, sözsüz ki, xalqını zülmətdən, gerilikdən xilas etmək üçün Azərbaycana qayıtmaq məcburiyyətində qalır və bununla əlaqədar yazırdı:

H. Zərdabinin Moskva Universitetini bitirməsi haqqında Attestat

“Mənim xalqım bu saat şirin yuxudadır, cəhalət girdabında boğulur, mənim kimi adam bunu görüb onlardan kənarda qala bilməz”, “elmsiz bu zəmanədə dolaşmaq mümkün deyil”. Bəli, Həsən bəy bu fikirlərlə yaşayır, yaradır və öz xalqının xeyrinə iş görmək istəyirdi.

Həsən bəy Zərdabi Moskva Universitetini bitirdikdən sonra ölkəyə dönərkən Tiflisdə “Mejevaya palata” (Torpaq sərhəd hüdudlarını  müəyyən edən, torpaq bölgüsü işi ilə məşğul olan, yerquruluşu tədbirləri sistemini həyata keçirən idarə) adlı idarədə işləməklə yanaşı, eyni zamanda burada “8-ci mejevaya” (mərzçəkmə) komissiyasında məhkəmə üzvü kimi fəaliyyət göstərir. O, yoxsul və kimsəsizləri müdafiə etdiyinə görə idarə rəhbərliyi və bu idarənin müdafiə etdiyi çar məmurları burada işləməyinə imkan verməmişlər. Həsən bəyə Tiflisdə sui-qəsd hazırlanır, onu öldürmək istəyirlər. Xalqımızın böyük oğlu M.F.Axundovun müdaxiləsi nəticəsində bu sui-qəsd baş tutmur. O, birtəhər canını qurtarıb Bakıya gəlir.

1866-ci ilin 28 dekabrında Bakı Qəza İdarəsində işə düzələn Zərdabi bir müddət pasport-masa rəisi və kargüzar vəzifəsində çalışır. Lakin Həsən bəy Zərdabinin burada da işləməsi qeyri-məqbul sayılır.

Odur ki, Qubaya gedir və 1868-ci ilin 28 fevralında məhkəmədə barışıq məhkəməsinin katibi vəzifəsinə təyin olunur. Burada da analoji haqsızlıqları görüb, onlara qarşı mübarizə aparır. Nəticədə yerli bəylər Zərdabini öldürmək qərarına gəlirlər. Lampa işığında, iş otağında məşğul olan zaman atılan güllə pəncərənin şüşəsinə dəyib ondan yan keçir. Zərdabi Qubada da uzun müddət işləyə bilmir. 1868-ci ilin 4 oktyabr tarixində məhkəmənin katibi vəzifəsindən kənarlaşdırılır.

1869-cu ilin 18 noyabrınadək işsiz qalan Həsən bəy Şamaxıda şəxsi vəkilliklə məşğul olur. Nəhayət, 18 noyabr 1869-cu il tarixdən etibarən Bakı real gimnaziyasında yeganə Azərbaycanlı olaraq təbiət tarixi fənnindən tədrisə başlayır.

Zərdabi məktəbdə təhsil alan kasıb tələbələrə yardım etmək, yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə “xeyriyyə cəmiyyəti” yaratmaq ideyasını irəli sürür, cəmiyyətin nizamnaməsinin təsdiqinə nail olur. Beləliklə də Həsən bəy Zərdabi 1872-ci ildən etibarən Cəmiyyəti Xeyriyyənin əsasını qoymuşdur.

Oxumağa göndərilən uşaqların qayğısını çəkmək, rus dilini bilməyən şagirdlərə həm rus dilində, həm də ana dilində tədris üçün tərbiyəçi qadın haqqında fikirləşir.

Həsən bəy Zərdabi həyat yoldaşı Hənifə xanım və qızı Pəri ilə birlikdə (yanvar 1877)

Xoşbəxt bir təsadüf Həsən bəyə yardımçı olur. Tiflisdə nəşr olunan “Kafqaz” qəzetində, Tiflisdə “Müqəddəs Nina” qız məktəbini bitirən məzunların siyahısı ilə tanış olur. Siyahını nəzərdən keçirdikdə qeyri millətlərin arasında Hənifə adlı müsəlman qızının adına rast gəlməsi onun böyük sevincinə səbəb olur.

Həsən bəy Zərdabi Hənifə xanımda “var-dövlət, zahiri gözəllik olmasın, təki onda el üçün döyünən sadə, insanpərvər qəlb olsun” fikri, xəyalı ilə Tiflisə yola düşür. Fikirləşir ki, belə olan halda onunla ailə həyatı qura bilər, həyat yoldaşı ilə çiyin-çiyinə xalqın uşaqlarını öz ətrafına toplayar, yeni-yeni məktəblər açar, arzu və istəklərinə nail olar.

Kübar qızlar məktəbinin direktoru Həsən bəy Zərdabinin nə məqsədlə gəldiyini bildikdə sevincək ona Hənifə xanımın qısa tərcümeyi-halını danışır. Məktəbin direktoru Həsən bəyi buraxılış münasibətilə keçiriləcək gecəyə dəvət edir.

Həsən bəy Zərdabinin bu tədbirdə möhtəşəm musiqi sədaları altında Hənifə xanımla tanışlığı, onların rus dilində danışıqları qarşılıqlı anlaşma şəraitində keçir.

Həyat yolları, fikirləri, amalları üst-üstə düşən ideya, məslək yoldaşı kimi Bakıya gəlirlər. Hənifə xanım Bakıya gəldiyi ilk gündən gərgin fəaliyyətə başlayır. Həsən bəyin oxutduğu yoxsul şagirdlər onun simasında öz doğma analarını tapmış olurlar. Lakin imkansızlıq, maddi vəziyyətin ağır olması, cəmiyyətə yardım göstərilməməsi Həsən bəyin fəaliyyətini məhdud dərəcədə ağır vəziyyətə salır, müsəlman cəmiyyəti-xeyriyyəsi bağlanır.

Həsən bəy Zərdabi Hənifə xanım Abayeva (Məlikova) ilə 1872-ci ildə ailə həyatı qurur. Bir il sonra 1873-cü ildə onların Bakı şəhərində Pəri adlı ilk övladları dünyaya gəlir.

Bəs Həsən bəyin ailə həyatı qurduğu Hənifə xanım kim idi?

Milliyyətcə türk olan Hənifə xanım Abayeva (Məlikova) 05 may 1856-cı ildə Şimali Qafqazın Nalçik şəhərində anadan olmuş, Tiflisdə “Müqəddəs Nina” qız məktəbində təhsil almışdır.

Hənifə xanım həyat yoldaşı Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində fəal iştirak etmiş və çox böyük dünya görüşünə malik Azərbaycanın ilk maarifçi qadınlarından olan tarixi şəxsiyyətdir. Hənifə xanım Məlikova 1880-ci ildə öz mənzilində məktəb açaraq kasıbların, kimsəsizlərin təhsili ilə məşğul olmuşdur.                  

Həsən bəyin kiçik qızı Qərib Soltan xanım Məlikova xatirələrində yazırdı: “…Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Bu uşaqların biri Qubadan gəlmişdi. O, oxumaq istəyini qətiyyətlə atama bildirmişdi. Atam onu zarafatla Azərbaycanın Lomonosovu adlandırırdı. Seyidov familyalı bu uşaq sonra ali hüquqşünas təhsili aldı. Atam bu uşaqlara çox qayğı və diqqət göstərirdi. Uşaqlar onun ümid və ixtiyarı idi…”.

Qərib Soltan xanımın anası Hənifə xanım özünün tərcümeyi-halının “Məşğuliyyət növü” bölməsində yazırdı: “…1-ci türk cəmiyyətinin pansionunda türk şagirdlərinə pulsuz dərs vermişəm, 1877-ci ildə hökumət pansionu bağladı… uşaqları gizli oxutmağa davam etdim”. Məlumdur ki, çar hökuməti tərəfindən pansionun bağlanmasının və Hənifə xanımın şagirdlərə gizlin olaraq dərs deməsinin başlıca səbəbi ondan ibarət idi ki, o zaman gənc Azərbaycanlı ziyalıların yetişməsindən imperiya hakimiyyəti, çar rejimi çox narahat idi.

Hənifə xanım əri Həsən bəylə Zərdab kəndində polis nəzarəti altında yaşamağa məcbur olanda da o, qadınlar arasında maarifçilik işi ilə məşğul olur, Həsən bəyin açmış olduğu məktəbdə dərs deyir. Məlikovlar ailəsi Bakıya köçdükdən sonra, Hənifə xanım 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin direktoru olmuş, eyni zamanda 1904-1908-ci illər ərzində yaşlılara dərs demiş, Bakıdakı “Nicat” cəmiyyətinin qadın bölməsinin yaradıcılarından olmuşdur. 1909-1919-cu illərdə şəhər dövlət birinci rus-tatar (Rus-Azərbaycan) qız məktəbinin müdiri işləmişdir. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra, Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifələrdə çalışmışdır. Qafqazın bütün müsəlman qadınlarının mənəvi anası hesab olunan Hənifə xanım “Azərbacanın əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

Yaşlı nəslin nümayəndələri olan, müəyyən ziyalılarımızın söylədiklərinə, onların yazılarına diqqət yetirdikdə belə məlum olur ki, bütün həyatı boyu müəllimlik etmiş, pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan maarifinin təşəkkülü adı ilə bağlı olan, 1929-cu ildə dünyasını dəyişən Hənifə xanım Məlikovanın şəhər qəbiristanlığında dəfn olunduğu və sonradan onun məzarının yerinin dəyişdirildiyi və Fəxri Xiyabanda əri Həsən bəyin yanında dəfn olunduğu bildirilir.

Lakin deməliyik ki, belə bir tarixi şəxsiyyətin məzarının faktiki olaraq harada olmasından, qəbirüstü abidəsindən bu gün bir nişanə belə yoxdur. Əgər Həsən bəyin ömür-gün, ideya, məslək yoldaşı olmuş Hənifə xanım onun yanında dəfn olunubsa bu tarixi şəxsiyyətin məzarının yeri niyə bəlli deyil, qəbirüstü abidəsi niyə yoxdur?

Qayıdaq söhbətimizin əvvəlinə.

O, zaman Həsən bəy Bakı real gimnaziyasının müəllimi idi. Onun təşəbbüsü və rəhbərliyi altında 23 mart 1873-cü ildə Nəcəf bəy Vəzirovun qarşılıqlı fəaliyyəti ilə Bakı real gimnaziyasının binasında M.F.Axundovun “Sərgüzəşti vəziri-xan Lənkəran” komediyasının tamaşası göstərilir və həmin tarixdən etibarən Həsən bəy Zərdabi tərəfindən Azərbaycanda Milli teatrın əsası qoyulur.

“Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun”, “Qəzet camaat üçündür, camaat qəzet üçün deyildir” deyən  Həsən bəy ana dilində, “Əkinçi” başlığı altında qəzetin nəşr olunmasına razılıq əldə etməsi məqsədilə Qafqaz Senzura Komitəsinə, Bakı Qubernatoruna olan müraciətlərindən, uzun yazışmalardan, ağır əzab, əziyyətdən 7 il sonra qəzetin nəşrinə hökumətdən icazə alır. Nəhayət, Həsən bəy 1875-ci il 22-si iyunda “Əkinçi” adlı qəzetin Azərbaycan dilində nəşrinə başlayır. Bununla da Həsən bəy Zərdabi tərəfindən Azərbaycan Milli Mətbuatının əsası qoyulur.

Həsən bəy “Əkinçi”nin əsas yazarı olmaqla, o, həmin qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki bir işçisi və həm də korrektoru kimi fəaliyyət göstərir. “Əkinçi” nəşr olunduğu gündən bağlananadək çarizmə, köləliyə qarşı barışmaz mübarizə aparır və rejimin hər hansı bir sahədə yeritdiyi haqsızlıqlara, kortəbii hərəkətlərə öz mənfi münasibətini bildirir.

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı Qubernatoru onu mütəmadi izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab etmiş və nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır, 1878-ci ildə isə o, gimnaziyadan müəllimlikdən azad edilir. Çar hökuməti üçün “təhlükəli” hesab edilən Həsən bəyin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (Krasnodar) şəhər gimnaziyasına müəllim göndərmək adı ilə Bakı gimnaziyasından uzaqlaşdırılır.

Həsən bəy hara gedirdisə, kimə müraciət edirdisə ona iş verən yox idi. Bu zaman onun həyatında faciə baş verir. Üç yaşlı qızı Fatma vəfat edir və bunun dalısınca bir yaşına çatmamış üçüncü qızı da dünyasını dəyişir.

Bir müddət işsiz qalan, Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə doğma kəndi Zərdaba köçdüyü vaxtda Pəri artıq 7 yaşının içində idi.

Həsən bəy bu zaman Azərbaycanda qız məktəbi açılmasına nail olmadığından qızı Pəri xanımı Tiflisə aparır və onu anası Hənifə xanımın vaxtı ilə təhsil aldığı rus qız gimnaziyasına qoyur. Pəri xanım burada anasının sabiq müəllimələrinin yanında yaşayır və rus qız gimnaziyasında təhsil alır.

Onu da qeyd edək ki, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan Azərbaycanlı qadın Həsən bəy Zərdabinin böyük qızı, Azərbaycanın ilk Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı Pəri xanım Məlikova (Topçubaşova) olmuşdur.

Burada Həsən bəyin böyük qızı Pəri xanım Məlikova (Topçubaşova) haqqında bilgilərimizə dair bir qədər məlumat vermək yerinə düşərdi. 1873-cü ildə Bakı şəhərində dünyaya gələn, Həsən bəy Zərdabi ocağından çıxan, Azərbaycan ziyalısı Pəri xanım Topçubaşova kim olmuşdur?

Əlimərdan bəy Topçubaşov kimi dahi bir şəxsiyyət, ictimai-siyasi xadimin ömür-gün yoldaşı olmaqla onunla həyatı boyu birlikdə Azərbaycanın müstəqilliyi, xoşbəxt gələcəyi yolunda əzablı yollar keçən Pəri xanımın kim olması bizə çox şeylərdən xəbər verir. O, Azərbaycanın dahi şəxsiyyəti, 1897-1917-ci illərdə ”Kaspi” qəzetinin redaktoru, Birinci Dövlət Dumasının deputatı və orada “Müsəlman qrupunun” başçısı, Rusiya müsəlmanlarının IV qurultayının nümayəndəsi, “İttifaqi müslimin” partiyasının yaradıcılarından və MK-nın daimi bürosunun üzvü, 1917-1920-ci illərdə Bakı Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin sədri, Azərbaycanın ilk parlamentinin sədri işləmiş, Paris sülh konfransında müsavat nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun (1862-1934) həyat yoldaşı olmuşdur.

Pəri xanım müəllimə idi. O, 1893-cü il 31 dekabrda Əlimərdan bəy Topçubaşovla ailə həyatı qurmuşdur. Kiçik yaşlarında valideynlərinin hər ikisini itirən, nənəsinin himayəsində böyüyən Ə. Topçubaşov Həsən bəyin simasında özünə ikinci ata, Hənifə xanımın simasında ikinci ana tapmışdır.

 Pəri xanımın və Əlimərdan bəyin Tiflis həyatı, oradan Hənifə xanıma yazdıqları məktublar maraqlı bir vaxta təsadüf edir. 14 ildən  artıq bir müddət idi ki, Həsən bəy  Zərdabi vəfalı  həyat yoldaşı Hənifə xanımla  birlikdə  doğma kəndi  Zərdabda yaşayırdı.

Azərbaycan Respublikası Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Həsən bəy Zərdabi irsi ilə bağlı araşdırmalar apararkən bu dahi şəxsiyyətin böyük qızı Pəri xanım Topçubaşovanın anası Hənifə xanım Abayevaya və eyni zamanda onların kürəkəni Əlimərdan bəy Topçubaşovun  Hənifə xanıma yazdıqları məktubların əlyazması diqqətimi cəlb etdi (F. № 633, s. 1, iş 38).

Rus dilində yazılan həmin məktubların Azərbaycan dilinə tərcümə etdiyim mətni ilə oxucularımızı tanış etməklə, Həsən bəy Zərdabi ailəsində təlim-tərbiyə, təhsil, ataya-anaya dərin hörmət, sevgi, ülvi məhəbbət hisləri ilə bağlı faktları bir nümunə olaraq oxucuların, gənclərimizin diqqətinə çatdırmaq istərdim.  

Atası Həsən bəyin, anası Hənifə xanımın himayəsindən, nəvazişindən kənarda, qürbətdə yaşayan, hər vaxt  onların isti  nəfəsini, maddi və mənəvi ehtiyacını  hiss edən Pəri xanımın anasına ünvanladığı məktubla tanış olduqda, zamanın, tarixin hökm sürdüyü  keşməkeşli şəraitdən asılı olmayaraq Tiflis rus qız gimnaziyasının son kursunda təhsilini davam etdirən Azərbaycan ziyalısının xoşbəxt həyat, azadlıq, məhəbbət uğrunda, sevgi yolunda mübarizəsində Koroğlunun Nigarını, Nəbinin Həcərini, Məcnunun Leylisini gördüyümüz kimi, gözümüz önündə Əlimərdan bəyin Pərisinin obrazı canlanır.

Pəri xanımın anası Hənifə xanıma məktubu:

“Mənim ünvanım: Köhnə Tamojnaya küçəsi, Vlasovun evi, Pəri xanım Topçubaşova.

Əziz ərimi Sizə müvəqqəti olaraq qonaq göndərirəm. Baxarsan ki, o Sizdə hansı  təəssüratlar yaradacaq. Bil ki, onun nə atası, nə də anası yoxdur və ümid edir ki, Siz onları əvəz edərsiniz.

Əziz sevimli ana!

Mən sənin qarşında çox günahkar olduğum üçün indiyə qədər sənə məktub yazmamışam.

Öz günahımı bütünlüklə dərk edirəm və sənin mühakimənə buraxıram. Dünən 31 dekabrda kəbin aktı bağlandı və axşam mən Mərdan bəygilə köçdüm. Hər şey yaxşı və şən oldu, yalnız sən çatışmırdın. Mən yəqin bilirəm, əziz ana, əgər sən burada olsaydın, hamı ilə birlikdə şənlənərdin və mənə görə xoşbəxt olardın. Hə, həqiqətən demək olar ki, burada tale böyük rol oynadı. Onda fikirləşirdim ki, tezliklə kursu bitirdikdən sonra bir yaxşı adam tapılacaq, həm məni sevsin, həm də mən özüm sevim. Belə ki, onun məni dəlicəsinə sevdiyinə şübhə yoxdur və bunu onu şəxsən  görən xalam təsdiq edə bilər.

Kəbin aktın bağlanmasına qədər xırda bir anlaşılmazlıq oldu, mən axırıncı günə qədər yemək yemədim. Atam isə, məlum oldu ki, 10 min pul tələb edib, Mərdan isə bu pulu nağd verə bilməyib. Belə böyük məbləği mən hər dəqiqə tələb edə bilərdim, onda isə bu pul olmazdı. Mənə isə kəbin üçün hansı məbləğin ödənilməsinin qətiyyən fərqi yox idi. Mən ona dedim ki, nə qədər bacarır ödəsin. Ata özü də mənimlə razılaşdı ki, belə şeydən ötrü biz toyu poza bilmərik.

Mənim əzizim, mənə çox kədərli və ağır gəlir ki, sən yox idin, amma ola bilərdin, biz ona görə tələsdik ki, kəbin bağlandıqdan sonra ayrı-ayrı yaşamaq  ağılsızlıq olardı, sən isə belə tez gələ bilməzdin. Amma, inanıram ki, əzizim, sən imkan düşən kimi yığışıb gələcəksən, ona görə ki,  Mərdanın yerquruluşu (yerölçmə) məktəbində dərsləri var və məzuniyyət götürmək asan deyil. Belə ki, biz özümüz bayrama (maslennitsa) qədər ancaq gələ bilərik. Hə, əzizim gözləmirdim ki, səndən belə tez ayrılmağa məcbur qalacağam, razılaş ki, görünür tale belə imiş. Fərqi yoxdur, tez ya gec mən ərə gedəcəkdim, mənə sevdiyim adama ərə getmək başqasına ərə getməkdən daha yaxşıdır. Mərdan xahiş edir ki, səni möhkəm öpüm və deyim ki, sənin arzun yerinə yetdi və o sənin sevimli qızın üçün yaxşı ər olacaq. Burada mənə onun (Mərdan bəyin) tanışlarının tənəsindən qurtaran mələk kimi baxırlar. Belə ki, onların maddi vəziyyətləri sizə məlumdur və məlumdur ki, o 10 min ödəmək iqtidarında deyil, mən isə nə qədər pul ödəyəcəyini onun öz ixtiyarına buraxdım. Xahiş edirəm, əzizim, cecim və xalçalarımı göndərəndə mənim albom, portfelimi, şəkil qrupumu və öz şəxsi evim olacağı zaman mənə bağışlayacağına söz verdiyin mürəkkəbqabını da göndər.

Bağışla, əzizim, biz hər şeyi sənsiz həll etdik, amma mən yəqin bilirdim ki, sən bizə qarşı olmazsan. İndi isə xahiş edirəm ki, sakit ol və öz qızının xoşbəxtliyinə sevin. Bil ki, mən nə qədər xoşbəxt olsam da, səni heç vaxt unutmaram və öz əziz və yaxşı anamı həmişə sevəcəyəm. Ümidvaram ki, sən Mərdanı da belə sevəcəksən, ona görə ki, o buna layiqdir.

Bərk-bərk öpürəm səni, Qərişi və Səfişi. Baş əyirəm, yaz. Səni daima sevən qızın”.

 Əlimərdan bəy Topçubaşovun Hənifə xanıma məktubu:

 Çox hörmətli və əziz ana!

“Ana” kəlməsi mənim üçün o qədər əziz səslənir və həyatımda ilk dəfə elə böyük zövqlə çox dərin mənası olan və bu günə qədər mənim üçün izah edilməz  qalan bu sözlə Sizə müraciət edirəm!

İndi ilk dəfə mən bu sözü şüurlu surətdə və böyük ümidlə ifadə edirəm ki, mən Sizin ana ürəyinizdə hüznlü bir səda tapacağam, hansı ki, bu gündən etibarən (özümə inam tapmaq ümidi ilə) mənim çox sevimli Pərim ilə birlikdə Sizin övladlarınız arasında mənə də lazımi yer ayrıla bilər.

Mən belə cəsarət və qətiyyətlə danışıram, halbuki Sizdə olan nəvazişi hələ görməmişəm, Sizi görüb, Sizi öpməmişəm, amma bilirəm Sizin münasibətinizi  qazanacaq və ya Sizin əsas şərt və tələblərinizi qane edəcəyəm, dediyiniz kimi, kim Sizin kürəkəniniz olmaq xoşbəxtliyini qazanmaq istəyirsə, ilk növbədə Sizin qızınızı sevməlidir.  

Bəli, əziz ana, mən Sizin tələblərinizə cavab verirəm, başqa sözlə mən mənim əvəzsiz Pərimi sevirəm, onu şərəfli və nəcabətli bir məhəbbətlə sevirəm, həyat yoldaşım kimi, özümə bərabər bir yoldaş kimi sevirəm.

Hansı ki, bundan  sonra mənim sevincimi və kədərimi bölmək taleyi düşür, belə ki, mənim üçün huri mələk rolu oynayır ki, bu gündən o, mənim ideyalarımın qayəsini, zəhmət və məqsədini təşkil edərək mənim həyatımı bəzəyəcək, bizim müqəddəs amallarımızın birgə həlli yolunda ona daha çox enerji və güc verəcək, həm də cəhalət qaranlığında çapalayan bədbəxt müsəlmanlarımızın maarifləndirilməsi kimi şərəfli bir işin həyata keçirilməsi üçün xeyir verəcək.

Bir sözlə, mən Sizin qızınızı sevirəm, bir həyat yoldaşı kimi isə şərəflə, həqiqətən hərarətlə inanıram ki, mənim ona olan  münasibətimi bu gündən heç nə dəyişə bilməz, əksinə, ailə həyatımızın hər günü mənə mənim əziz Pərimə qarşı olan  məhəbbətimi artırır. Belə ki, mənim böyük xoşbəxtliyim naminə o da mənə eyni qaydada mərhəmət göstərir.

Buna görə də, əgər mənim Pəriyə qarşı məhəbbətimin müqəddəsliyinə və səmimiliyinə dair sözlərim Sizin üçün qənaətbəxş deyilsə onda bundan sonra  mənə gözləmək qalır, o vaxta kimi ki, Pərim öz dəlil və sübutları ilə Sizi şəxsən inandırsın, hansı ki, Sizdən heç nə gizlədə bilməz və şəhadətnamə Sizin üçün  mənim sözlərimin həqiqiliyinə inanana qədər təsəlli olar ki, bu haqda mən Sizə yazıram.

Pərini mən o qədər sevirəm ki, əlbəttə ona yaxın olan şəxsləri o qədər sevməyə bilmərəm, hansı ki, bu gündən mənim ürəyimə yaxın olurlar. Düzdür, hələlik mən yalnız çox hörmətli atanı və sevimli Midhəd qardaşı görmüşəm, lakin mən təkcə onları sevmədim, qiyabi surətdə də olsa mənim əziz anamı və balaca bacı və  qardaşımı sevdim və ümidvaram ki, bunu öz keyfiyyətlərimlə onlarda özümə qarşı hörmət hissi qazana bilməsəm də, yenə də Pəriyə olan məhəbbətimlə onların hörmətini qazanacağam.

Yalnız mənim üçün yeganə “son ümid” yeri olmasına əsaslanaraq və bütünlüklə  bəraət qazanaraq, ümidvar olduğumu bildirirəm ki, Siz məni bağışlayacaqsınız, əgər mən bu dəfə  bircə ona görə susuram ki, nə üçün mən indiyə qədər Sizə yazmamışam, ikincisi ona görə ki, nə üçün  bizim toyumuz başqa cür yox məhz belə quruldu: bu izahata və suallara cavabları Sizinlə  şəxsən görüşənə qədər saxlamağı lazım bildim, hansı ki, Pəri ilə mən birlikdə həsrətlə və səbirsizliklə başqa daha münasib vaxtda qohum kimi ürəkdən danışa bilərik. Hələlik isə, Sizə Pərinin və Midhədin sağlığını xəbər verirəm, Sizin qarşınızda baş əyirəm, Sizi və uşaqları qiyabi öpürəm, Sizə ürəkdən hörmət edən və sevən Sizin kürəkəniniz, Əlimərdan Topçubaşov, 29 yanvar 1894-cü il Tiflis ş.”.

Həsən bəyin həyatında baş verən acınacaqlı, keşməkeşli vəziyyətə baxmayaraq o, millətinin bir çox nümayəndələrinin, övladlarının əsl Azərbaycan ziyalısı, təhsilli, təlim-tərbiyəli, xeyirxah bir şəxsiyyət kimi yetişməsinə, xoşbəxt ailə həyatı  qurmalarına nail olmuşdur.

Pəri xanımın anasına yazdığı bu məktubdan aydın olur ki, 1893-cü ilin 31 dekabrında toy mərasimi keçirilir, həmin günü kəbin aktı bağlanır və o, axşam gəlin köçür. Pəri xanım məktubunda belə bir maraqlı faktı qeyd edir ki, xırda anlaşılmazlıq ucbatından axırıncı günə kimi yemək yemədim. Səbəb isə bu olmuşdur ki, adətə görə onun atası tərəfindən Əlimərdan bəydən 10 min kəbin haqqı-başlıq tələb olunub. Əlimərdan bəy isə bu pulu nağd vermək imkanında  olmamışdır. Pəri xanım Əlimərdan bəyin nə qədər kəbin haqqı verməyə imkanı varsa o qədər ödəməyi lazım bilir. Həsən bəy də qızının təklifi ilə razılaşaraq belə şeydən  ötrü toyu poza bilmərik deyir.

Məktubdan məlum olduğu kimi, Pəri xanımla Əlimərdan bəyin Tiflisdə ailə həyatı qurması zamanı onun atası Həsən bəy, böyük qardaşı Midhəd bəy  və xalası (bibisi) onun yanında olmuşlar (Söhbətin xaladan, yaxud bibidən getdiyi qaranlıq qalır-müəllif). Onların iştirakı ilə kəbin aktı bağlanılmışdır, lakin bu zaman Pərinin sevimli anası Hənifə xanımın burada olmaması ona çox pis təsir göstərmişdir. Pəri xanımın məktubda anasının toy mərasiminə tez bir vaxtda gəlməsinin mümkünsüzlüyünü bildirir və kəbin kəsildikdən sonra, anasının yolunu gözləmək və o gələnə qədər ayrı yaşamaq ağılsızlıq olardı deyə düşünür. Apardığım araşdırmalar deməyə imkan verir ki, doğrudan da belədir. Çünki o zaman Həsən bəyin ailəsi Zərdabda yaşayırdı. Həsən bəy və böyük oğlu Midhət bəy Tiflisdə olduqları zaman Hənifə xanım üçün azyaşlı uşaqları Qərib Soltan xanımla və Səffət bəylə birlikdə ucqar Zərdab  kəndindən Tiflisə gəlmək çətin olardı və eyni zamanda o zaman ev, mənzil, məişət, təsərrüfat işlərinin  bir an belə yiyəsiz-başsız qalması müşkül məsələ idi.

Pəri xanım anasına yazdığı məktubunda Əlimərdan bəyin onu dəlicəsinə sevdiyini  və xalasının da  bunu təsdiq etdiyini  anasına çatdırır. Əlimərdan bəyi dərin məhəbbətlə sevən Pəri xanım məktubunu sona yetirdikdən sonra məktubun  başlanğıcına, birinci səhifəyə qayıdaraq başlığın sağ küncündəki ağ yerə köndələn  surətdə bu sözləri yazır. “Bil ki, onun nə atası, nə də anası yoxdur və o ümid edir ki, Siz onları əvəz edərsiniz”.

Pəri xanım anasının yolunu səbirsizliklə gözləyir və eyni zamanda tezliklə Əlimərdan bəylə birlikdə anasının yanına yetişəcəyini bildirir. Amma obyektiv səbəbdən tez bir zaman ərzində sevimli anasına qovuşmasının  mümkünsüzlüyünü bəyan edir. Bunun isə Mərdan bəyin Tiflisdə yerquruluşu (yerölçmə)  məktəbində dərslərinin olması və məzuniyyət götürməsinin çətinliyi ilə bağlı olduğunu nəzərə çatdırır. Yalnız Zərdaba ata ocağına gəlişlərinin bayrama (maslennitsa) qədər mümkün olduğunu bildirir (maslennitsa – xristianlarda pəhriz bayramı kimi qeyd olunur – E. Həsənov).

Burada bir məqama diqqət yetirək, 1889-cu ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Əlimərdan bəyin Tiflis yerquruluşu məktəbində (zemlemernoye uçilişe) dərs deməsi təsadüfü deyildir. Çünki Həsən bəyin özü hələ 1865-ci ildə Moskva Universitetini bitirdikdən sonra Tiflisdə “Mejevaya palata” (Torpaq sərhəd hüdudlarını  müəyyən edən, torpaq bölgüsü işi ilə məşğul olan, yerquruluşu tədbirləri sistemini həyata keçirən idarə) adlı idarədə işləməklə yanaşı, eyni zamanda “8-ci mejavaya” (mərzçəkmə) komissiyasında məhkəmə üzvü kimi fəaliyyət göstərmişdir. Həsən bəy harada, hansı sahədə işləməsinə baxmayaraq, torpaq işçisi kimi ona doğma olan bu sənətin əsl mütəxəssisi olaraq yaşadığı dövr ərzində kənd təsərrüfatı işlərinə, əkinçilik-bitkiçilik sahələrinin elmi əsaslarla inkişaf etdirilməsinə çalışmış və bir yer quruluşçusu kimi torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında torpaqların naturada (yerdə) bölgüsü işini aparmış, sərhəd hüdudlarının bərpası və hüquqi baxımdan tənzimlənməsi yolunda böyük xidmətlər göstərmişdir.

Heç təsadüfi deyildir ki, Həsən bəy Zərdabinin torpaq-yerquruluşu (yerölçmə) sənətinə bağlılığı onun oğulları Almaniyada və Fransada ali mühəndislik təhsili alan Midhəd və  Səffət bəydən yan keçmədiyi kimi kürəkəni Əlimərdan bəydən də yan keçməmişdir. Əlbəttə, Əlimərdan bəyin də Tiflisdə yerölçmə  məktəbində  bu sahə üzrə dərs deməsinə Həsən bəyin təsiri olmaya bilməzdi. Əlimərdan bəyin sonrakı həyat yolunun müəyyənləşməsində və qazandığı uğurlarda da Həsən bəyin böyük rolu olmuşdur.

Məktubdan məlum olur ki, ərə gedən Pəri xanım ev ünvanlarını “Köhnə Tamojnaya küçəsi, Vlasovun evi, Pəri xanım Topçubaşova” kimi göstərir və anasından xahiş edir ki, onun adına saxladığı cecim və xalçalarını göndərəndə ona məxsus olan albom, portfeli, şəkil qrupunu və öz şəxsi evi olanda ona bağışlayacağına söz verdiyi mürəkkəbqabını da göndərsin.

Burada Hənifə xanımın qızı Pəri xanıma ayırdığı cecimlə bağlı tarixi bir faktı  qeyd etmək istərdim.

Həsən bəy Zərdabda yaşadığı dövrdə həyat yoldaşı Hənifə xanımla ipəkqurdu yetişdirmiş və ondan ipək istehsal etmişdir. Heç də təsadüfi deyil ki, Həsən bəyin şəxsi təcrübəsinə əsaslanan və topladığı çoxsahəli sənət nümunələri arasındakı ipək məmulatını Hənifə xanımla birlikdə 1889-cu ildə Tiflisdə keçirilən Qafqaz Kənd Təsərrüfatı və Sənaye sərgisində nümayiş etdirmişdir. Yerli üsullarla ipəkqurdu yetişdirdiyinə görə Həsən bəy sərginin gümüş medalına layiq görülmüşdür. Sərginin kataloqunda göstərilmişdir ki, Həsən bəy Zərdabinin ipəkçiliyə dair düzəltdiyi model herbarilər sərginin girəcəyində sağ tərəfdə yerləşdirilmişdir.

Eyni zamanda Həsən bəy sərgiyə qiyməti 29 manat 70 qəpik və 34 manat  olan iki ədəd ipək cecim təqdim etmişdir. Belə məlum olur ki, Zərdabi əslində bu sərgidə peşəkar sənətkar toxucu kimi iştirak etmişdir. Hənifə xanım isə sərgiyə  bir neçə ipək parça və bədii tikmə nümunəsi vermişdir. Kataloqda bununla əlaqədar qeyd olunmuşdur ki, Göyçay mahalından Xanım Məlikova Zərdabi sərgiyə ipək parça təqdim etmişdir. Bu təqdim olunan parçalar qədim nümunələr əsasında toxunulmuşdur. Bunlara baxanda toxucuların ustalığına, sənətkarlığına heyran qalmaya bilməzsən.

Sözsüz ki, Hənifə xanımın qızı Pəri xanıma ayırdığı cecim və xalçalar həmin qiymətli  nümunələrdən olmuşdur.

Pəri xanımın anasına yazdığı kövrək hislərlə dolu məktubla bərabər Əlimərdan bəyin Hənifə xanıma yazdığı məktub daha incə, Həsən bəy Zərdabi şəxsiyyətinə və ümumilikdə onun ailəsinə dərin sevgi və qayğı ruhunda çox böyük alilik və ziyalılıqla yazılmışdır.

Məktubda həyat yoldaşı  Pəri xanımı “son ümid” yeri adlandırması, ona qarşı  məhəbbətinin səmimiliyini qeyd etməsi, Həsən bəyi çox hörmətli, nüfuzlu ata adlandırması, onun üçün izah edilməz qalan “Ana” kəlməsi ilə Hənifə xanıma müraciət etməsi və sair ifadələr Əlimərdan  bəyin çox böyük amal, ideya, məslək, dərin insani keyfiyyətlərin sahibi olduğundan xəbər verir. Onlar haqqında  yuxarıdakı qısa bilgini ona görə verdim ki, Əlimərdan bəyin və sevimli Pərisinin  Azərbaycanımızın xoş gələcəyi və azadlığı naminə hansı yollardan keçdikləri oxuculara  aydın olsun.

Pəri xanım Topçubaşovanın 5 övladı olmuşdur. Onlardan dördü-oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşov, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova və eyni zamanda anaları ilə birlikdə ataları Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak etmişlər. Pəri xanım Fransada mühacirətdə olmuş və 1947-ci ildə orada dünyasını dəyişmiş, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunmuşdur.

Həsən bəylə Hənifə xanım Zərdabda yaşadıqları ərəfədə artıq onların böyük oğlu Midhəd bəy, kiçik oğlu Səffət bəy, kiçik qızı Qərib Soltan xanım və Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikov Göyçay bölgəsinin Zərdab kəndində dünyaya gəlmişdi.

Zərdabişünaslara yaxşı məlumdur ki, Həsən bəy Zərdabinin hər bir övladının həyatı və yaradıcılığı haqqında indiyədək bir sıra tədqiqatçı alimlər və ziyalılarımız tərəfindən yazılan kitablarda, mətbuat səhifələrində, son vaxtlar isə internet saytında müəyyən məlumatlar verilmişdir. Hesab edirəm ki, Həsən bəy Zərdabi kimi dahi bir şəxsiyyətin nəinki özünün, eyni zamanda onun vəfalı həyat yoldaşı olmuş Hənifə xanımın və onların hər bir övladının, yaxın qohumlarının, doğmalarının  xalq yolunda qurban getmiş keşməkeşli həyat yollarının dərindən tədqiq olunmasına zəruri ehtiyac vardır. Bu hər bir Azərbaycan aliminin, ziyalısının, müəlliminin mənəvi borcudur.

Zərdab həyatı dövründə Həsən bəy vəfalı ömür-gün, ideya, məslək yoldaşı Hənifə xanımla xalq yolunda maarifçilik, kənd təsərrüfatı sahəsində çoxsahəli ciddi işlərlə məşğul olur, mətbuatdan kənarda qalmır, müntəzəm olaraq tənqidi, müxtəlif məzmunlu məqalələr yazaraq onları Tiflisdə nəşr olunan “Kafqaz”, “Tifliski listok”, “Novoye obozreniye”, “Ziya” və Bakıda çıxan ”Kaspi” və sair qəzetlərə göndərir və dərc etdirirdi.

Doğma yurdu Zərdabda yaşadığı zaman Həsən bəyin ən uğurlu işlərindən biri o idi ki, burada iki sinifli məktəb açılmasına nail olmuşdu. Bütün bu yolda birgə addımlayan Həsən bəylə Hənifə xanım övladlarının da təlim-tərbiyəsi ilə məşğul olur, onlarda xalqa məhəbbət, əməyə, torpağa bağlılıq hissi aşılayırdılar.

Həsən bəy Zərdab həyatı dövründə, 1896-cı ildə Göyçay bölgəsinin Zərdab kəndində dünyaya gəlmiş kiçik qızı Qərib Soltanı 6 yaşı olanda Tiflisə aparır və onu anası Hənifə xanımın sabiq müəlliməsinə tapşırır. O, Tiflisdə qız gimnaziyasında təhsil alır.

Kənddə yaşadığı dövrdə yoxsul kəndlilər, fəaliyyət göstərən ziyalı dostları tez-tez Həsən bəyə baş çəkir və onu Bakıya dəvət edirdilər. Yaranmış mövcud vəziyyət, xəstəlik, eyni zamanda oğlanları Midhət və Səffət bəyin, qızları Pəri və Qərib Soltan xanımın, eyni zamanda 7 yaşında ikən atasını itirmiş və əmisinin ailəsi ilə birlikdə yaşayan, onun himayəsində olan qardaşı oğlu Rəhim bəyin təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərən, hər şeydən öncə onlarda xalqa hörmət və məhəbbət hissi aşılayan Həsən bəy və Hənifə xanım uşaqların təhsili üçün də mütləq Bakıya qayıtmal idi. Bir tərəfdən də aldığı acı bir xəbər, 01.06.1888-ci ildə Şamaxıda S.Ə.Şirvaninin vəfatı xəbəri onu sarsıdır. Sadiq dostun ölümü Zərdabini qocaldır. Qeyd edək ki, S.Ə.Şirvaninin realist şer yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz  “Əkinçi”nin təsiri ilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şerlər yazaraq onları Azərbaycanın ilk mətbu orqanında nəşr etdirirdi. Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, “Əkinçi”də çap etdirdiyi şerləri ilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs “Əkinçi” cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.

Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat.

İnsani duyğulara, zəngin dünya görüşünə malik olan Həsən bəy Zərdabi Ucarda vəkillik xidmətindən çıxandan sonra 1896-cı ildə ailəsi ilə birlikdə Bakıya qayıdır və burada daha qaynar həyata atılır. Zərdabinin yaxından iştirakı ilə 1897-ci ildə daha bir qadın orta məktəbi açılır. Məktəblər haqqındakı islahat qızların təhsili məsələsinə də təsir göstərir. 1898-ci ildən etibarən rus-tatar məktəbləri açılmağa başlayır. Həsən bəyin böyük köməkliyi, təşkilatçılığı və rəhbərliyi sayəsində 1906-cı il avqust ayının 15-də Azərbaycan müəllimlərinin I qurultayı çağırılır. Yeni-yeni dərsliklərin yazılması, müəllimlərin ixtisasının artırılması, məktəblərdə, bütün tədris ocaqlarında ana dili və ədəbiyyatın tədrisinin yaxşılaşdırılması və sair bu kimi məsələlərin həlli sahəsində çox böyük tarixi bir əhəmiyyət kəsb edən Azərbaycan müəllimlərinin birinci qurultayının keçirilməsi Həsən bəy Zərdabinin adı ilə bağlıdır. O, həmin qurultaya sədrlik etmiş, N.Nərimanov isə sədr müavini olmuşdur. Qurultayın bütün işləri Həsən bəyin və N.Nərimanovun rəhbərliyi altında keçirilmişdir.

Görkəmli ictimai-siyasi xadim Həsən bəy Zərdabi 10 il müddətində Bakı Dumasının üzvü kimi müxtəlif vəzifələrdə olmaqla yanaşı, 1905-ci ildən maarif şöbəsinin rəisi vəzifəsinə təyin olunaraq ömrünün axırına kimi bu vəzifədə çalışmış, öz milləti və xalqı üçün sonsuz və misli görünməmiş dərəcədə xidmətlər göstərmişdir. Həsən bəy Zərdabi yazırdı: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”.

O zaman Azərbaycanda qız məktəbi olmadığı üçün Həsən bəy dövlətə müraciət edib azərbaycanlı qızlar üçün məktəb açmağa icazə istəyir. Həyat yoldaşı Hənifə xanımla birlikdə layihə tərtib edir. Gələcək məktəbin nizamnamə­sini yazır. İki ildən sonra, yəni 1901-ci ildə Bakıda ilk müsəlman qız məktəbinin açılmasına nail olur. Həsən bəy məktəb şura­sı­nın üzvü olur. Şərq dünya­sının ilk mesenatı Hacı Zeynalabdin Tağıyevin əvəzsiz xidmətləri sayəsində fəaliyyətə başlayan bu nümunəvi məktəbin direktoru (1901-1905) Hənifə xanım olur. Onlar yoxsul qızları çox böyük çətinliklə məktəbə düzəldir, bəzilərini isə öz hesablarına oxudurdular.    Qeyd edək ki, Qərib Soltan xanımın özü də anası Hənifə xanımın direktoru olduğu həmin məktəbin tələbəsi olmuşdur. Hənifə xanım tədrisdə qazanmış olduğu nailiyyətlərini onun şagirdlərinin uğurları hesab edir, eyni zamanda öz qızı Qərib Soltanın uğurları ilə də qürur hissi duyur, fəxr edirdi. Hənifə xanım fəxr edirdi ki, qızı Qərib Soltan Həsən bəy qızı Məlikova 1914-cü ildə İmperator Üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçmiş xalq məktəblərinin müəllimi adına layiq görülmüşdür. Onun almış olduğu bu ad təkcə demokrat valideynlərin nailiyyəti deyil, eyni zamanda bütün azərbaycanlı qadınlarının irəliləyişi, onların oxumaq və başqalarını da öyrətmək imkanlarının təsdiqi idi. Qərib Soltan Məlikovaya verilən həmin tarixi sənədi oxucularımızın diqqətinə yetirmək maraqlı olardı.

Qərib Soltan Məlikovaya ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə. 10 may 1914-cü il

Qərib Soltan xanım 1915-1918-ci illərdə şəhər rus-tatar (rus-Azərbaycan) qız məktəblərində, 1918-1920-ci illərdə rus-qız gimnaziyasında müəllim işləmişdir.

Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Qərib Soltan xanımın həyatı və yaradıcılığı ilə bağlı araşdırmalar apararkən  ona verilən digər belə bir Attestat sənədi (F.№ 653. s.1. iş 43) diqqətimi cəlb etdi. Həmin attestatla  da oxucularımızı tanış etmək maraqlı olardı.

Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən təsdiq olunmuş 4 noyabr 1938-ci il tarixli, 7564 nömrəli həmin attestatda yazılmışdır. “1918-ci ildə Bakıda qadınlar gimnaziyasının 7-ci sinfini bitirmiş və pedaqogika işi üçün təyin edilmiş imtahan stajını məktəbdə keçmiş Qərib-Sultan Həsən qızı Məlikova SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin müəllimlərə şəxsi ad vermə haqqındakı 1936-cı il 10 aprel tarixli qərarına əsasən ibtidai məktəb müəllimi adını alır”. O zaman ibtidai məktəb müəllimi adını almış 21 yaşlı  Qərib Soltan xanım artıq Bakıdakı III rus-müsəlman qız məktəbində müəllim işləyirdi.

Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında Attestat. 4 noyabr 1938-ci il

Ailə üzvlərinin repressiyası səbəbindən Qərib Soltan xanım Gəncəyə gedərək burada sakit həyat sürmək istəmişdir. Bir müddət Şəmkirdə və dünyaya gəldiyi doğma  Zərdab rayonunda müəllim işləmiş, yenidən Bakıya dönmüş, şəhər məktəblərində, kimsəsiz uşaqların oxuduğu məktəblərdə dərs demiş, onlara analıq etmiş, aldığı məvacibi şagirdlərinin maddi və mənəvi rifah halının yaxşılaşdırılması yoluna sərf etmişdir.

Qərib Soltan xanımın uzunmüddətli, qüsursuz pedaqoji fəaliyyəti nəzərə alınmış, SSRİ Ali Soveti tərəfindən 1948-ci ildə Azərbaycan SSR-in “Əməkdar müəllim”i fəxri adına layiq görülmüş, maarif sahəsində fəaliyyətinə görə “Lenin ordeni” ilə təltif olunmuşdur. Qərib Soltan xanım 1956-cı ilədək müəllimlik fəaliyyətini davam etdirmişdir.

Bütün həyatını xalqının maariflənməsinə, təhsilinə həsr edən, iztirablı həyat tərzi keçirən, üzüntülərə dözə bilməyən Qərib Soltan xanım Həsən bəy qızı Məliokova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.

Qərib Soltan xanım dərin fikir içində, xəyallarla yaşamış, atası Həsən bəylə, anası Hənifə xanımla birgə yaşadığı illər ərzində gördüyü, şahidi olduğu, yadında qalan günlərin tarixi yaddaşlarda qalması üçün onları qələmə alır və bu tənha insan bununla özündə bir qədər rahatlıq tapırdı.

O, “Atam haqqında xatirələrim” yazısında deyirdi: “Atam qonaq qəbul etməyi çox sevirdi… Atam onda “Kaspi” qəzetinin redaksiyasında işləyirdi.

Bir dəfə o, qulluqçusunu evə göndərərək anama xəbər verdi ki, redaksiya onun yanına Rusiyadan əziz qonaqlar gəliblər və onları hörmətlə qarşılamaq lazımdır. Anam bu xəbəri bizə çatdırdı…

Biz təzə paltarlarımızı geyindik. Axşam atam qonaqlarla birlikdə evə gəldi, anam onları eyvanda qarşıladı. Anamın rus dilində mükəmməl danışmağı onların çox xoşuna gəldi. Onlar gecə yarısına qədər oturdular…                    

Atam yalnız səhər bizə dedi ki, qonaqlardan biri yazıçı Maksim Qorki, o biri isə məşhur müğənni Şalyapin idi”.

Qərib Soltan xanım şahidi və iştirakçısı olduğu xoş günlərlə bahəm, yaşadığı kədərli, faciəli günləri də qələmə alırdı.

Atasının dəfin mərasimində millətin bu dahi insana olan dərin hörmət və rəğbətini görən Qərib Soltan xanım yazırdı: “Şəhərin tanınmış adamları mərhuma özlərinin son borcunu vermək üçün tabutunun yanında cərgə ilə dayanmışdılar. Onların sifətində nəcib kədər ifadəsi vardı. Arxada isə üzlərini dərin qırışlar basmış, gözlərindən sonsuz ehtiyac və əzab oxunan bütöv insan dənizi dalğalanmaqda idi. İnsan iztirabı və yanğısı özünün bütün təbiiliyi və səmimiliyi ilə məhz bu arxa sıralarda dayananların üzlərində sezilməkdə idi. Bu zavallı adamlar öz sədaqətli dostu və alovlu müdafiəçisi ilə həmişəlik vidalaşırdı”.

“Millətin mənəvi atası” hesab olunan dahi Həsən bəy 1907-ci ilin noyabrın 28-də səhər saat 11-də, çərşənbə günü əbədiyyətə qovuşdu. Həsən bəyin mənzilinə xalq kütləsinin axını başlamışdı. Bununla bağlı Qərib Soltan Məlikova xatirələrində yazırdı: “Dəfn mərasiminə gələn adamların çoxluğu az qala bütün şəhəri bura toplaması təəssüratını yaradırdı…, otağa bir ucdan əklillər gətirirdilər…, onlar üzərində təsəlli sözləri yazılmış, enli lentlərlə çevrələnmişdi. O qədər çox əklil vardı ki, yığıb-yığışdırmaq mümkün deyildi”.

Dəfn mərasimi günlərində Həsən bəyin böyük qızı Pəri xanımın əri, Məlikovlar nəslinin ağsaqqalına çevrilən Əlimərdan bəy Topçubaşov Peterburqda III Dövlət Dumasının iclaslarında olduğundan Zərdabinin dəfninin təşkilini Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Haşim bəy Vəzirov və digər nüfuz sahibləri, tanınmış ziyalılar, milli mətbuat nümayəndələrinin üzərində idi.

Mərasimdə Bakı Duması, “Kaspi” qəzetinin redaksiyası, rus və Azərbaycan dillərində nəşr olunan digər qəzet və jurnalların nümayəndələri, şagirdlər və tələbələr dəfn komissiyasının yaxın köməkçilərinə çevrilmişdilər.

Onun ailəsinə hər tərəfdən başsağlığı teleqramları göndərilir, ölümü kədərlə qeyd olunaraq haqqında məqalələr yazılır. Ümumxalq matəminə çevrilən, misli görünməyən dəfn mərasimində azərbaycanlılarla yanaşı Bakıda yaşayan bütün xalqların nümayəndələri də burada iştirak edir, bu dahi insanı son mənzilə yola salarkən onunla vidalaşmağa gəlir.

Dəfn günü matəm günü elan olunur, bütün məktəblər, obyektlər bağlanır, Həsən bəy təntənəli surətdə dəfn olunur. İçəri şəhərdə, Qoşa Qala qapısının arxasında yerləşən (Bakı şəhəri (İçəri şəhər), Böyük Qala qapısı, 47 saylı mənzil) evində dünyasını dəyişən Həsən bəy o zaman müsəlman icmasının ən nüfuzlu, tanınmış şəxsiyyətlərinin dəfn olunduğu Bibiheybət məscidinin həyətində torpağa tapşırılır.

Həsən bəy Zərdabinin Bakıda dəfn mərasimi

Həsən bəyin dəfni ilə bağlı Azərbaycanımızın görkəmli alimi, ziyalısı, diplomatı, humanist və qayğıkeş şəxsiyyəti Vilayət Quliyevin qələmə aldığı “Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni” başlıqlı məqaləsini, eləcədə Zərdabi irsi ilə bağlı digər yazılarını oxuyan hər bir kəs Zərdabinin necə unudulmaz tarixi bir şəxsiyyət olduğunun bir daha şahidi olur. Sözün əsil mənasında müəllifin bu və ya digər tədqiqatlarını mən çox böyük zəhmət tələb edən araşdırmalar əsasında yazılan və tarixin yaddaşına həkk olunan, tarixi faktları, reallıqları əks etdirən böyük bir əsər hesab edirəm. Və buna görə Vilayət müəllimə dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm.

Həsən bəy dünyasını dəyişdiyi son anda da xalqa sonsuz məhəbbətini  ifadə edərək belə demişdi: “Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti  müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün çox faydalı olar”. (“Kaspi” qəzeti, № 264, 1907-ci il).

Həsən bəy Zərdabi xəstə ikən daşınar və daşınmaz əmlakı ilə bağlı tərtib etdiyi  vəsiyyətnamənin 2-ci bəndinə diqqət yetirək:

Vəsiyyətnamə. “Aşağıda imza edən mən-Bakı şəhərində yaşayan, Göyçay qəzasının Zərdab kəndində torpaq sahibi, saray müşaviri Həsən bəy Məlikov 1907-ci il sentyabrın 20-də, sağlam düşüncə və möhkəm yaddaşla, öləcəyim  ehtimalı ilə bu vəsiyyətnaməni tərtib etdim.

“Mənim öz əməyimlə qazandığım daşınar və daşınmaz əmlakımı… mən, öz uşaqlarımdan-qanuni vərəsələrimdən və başqa qohum-əqrəbamdan başqa, arvadım Hənifə xanım Məlikovaya vəsiyyət edirəm; o, əməyimlə qazandığım yuxarıda sadalanan əmlaka ölümümdən sonra öz əmlakı kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək ixtiyarına malikdir…

2. Adını çəkdiyim arvadım uşaqlarımı-oğlum Səffət və qızım Qərib Soltan Məlikovaları yaxşı saxlamağa və tərbiyə etməyə, habelə ehsan vermək və dəfn üçün xərc çəkmək əvəzinə öz mülahizəsinə görə xalq maarifinin ehtiyacları üçün ianə verməyə borcludur”.  Azərbaycan Respublikası Əlyazmalar İnstitutunun arxivi (Arxiv-Z-Q-İ/196).

O, xalq qarşısında nə qədər məşhur, nə qədər böyük nüfuz sahibi idi ki, vəfatından sonra, 1907-ci ilin dekabrında Bakı şəhər Duması Bakı şəhər 2 nömrəli Rus-Azərbaycan məktəbinə onun adını vermiş və eni zamanda Moskva Universitetində onun adına təqaüdün təsis olunması barədə qərar qəbul etmişdi.

Lakin bütün bunlara baxmayaraq vətəninə, xalqına misilsiz tarixi xidmətləri olan Zərdabi şəxsiyyəti nəinki sağlığında, hətta ölümündən sonra da layiqli qiymətini almamışdır.

1937-ci ildə xəbər yayılır ki, yeni çəkilən Bakı-Salyan şose yolu Şıx kəndindəki Bibiheybət məscidinin ətrafında yerləşən qəbiristanlıqdan keçəcək. Kim istəyir doğmalarının, yaxınlarının məzarını köçürə bilər. O zaman Həsən bəyin ailəsindən kim qalmışdı? Həyat yoldaşı Hənifə xanım 1929-cu ildə Bakı şəhərində vəfat etmişdi, böyük qızı Pəri xanım Topçubaşova Fransada mühacirətdə olmuş, vətən həsrəti ilə yaşamış və vətənə dönə bilməmiş, 1947-ci ildə orada dünyasını dəyişmişdir. Böyük oğlu Midhəd bəy Almaniyada oxumağa göndərilmiş Cümhuriyyət tələbələrindən idi. Bakıda, Gəncədə yaşamışdır. O, Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi uğrunda apardığı quruculuq işlərinin qurbanı olmuş, ermənilərin danosu və üzə durması ilə 1937-ci ildə güllələnmiş, 1990-cı ildə bəraət almışdır. Kiçik oğlu Səffət bəy Fransada, sonra isə Türkiyədə yaşamış, təhsilini başa vurduqdan sonra Bakıya dönməyə çəkinmişdir.  Bu zaman Bakıda Həsən bəyin ailəsindən yalnız evin sonbeşiyi Qərib Soltan xanım qalmışdı.

Həsən bəyin möhtəşəm dəfnindən 50 il keçdikdən sonra, yaranmış mövcud zərurətə görə bu dahi insanın uyuduğu məzarın yeri mütləq dəyişdirilməli idi. Lakin, bunu kim etməli idi…? Bu xəbəri eşidən Qərib Soltan xanım təlaş içində nə edəcəyini bilmir, kimə müraciət etsin…? Bunun ən əlverişli yolunu fəhlə tapıb Bakı-Salyan şose yolunun tikintisi altında qalacaq cənazəni tez bir anda qəbirdən çıxarmaqda görür. Elə də edir, pul verib iki nəfər fəhlə tutur. 1937-ci ilin payızında mərhumun cəsədinin qalıqları  bir yeşiyə yığılır və hər iki muzdlu fəhlənin çiyinlərində Bayıla qədər gətirilir və buradan tramvaya qoyularaq Qərib Soltan xanımın mənzilinə gətirilir və ona təhvil verilir.

İztirablı həyat tərzi keçirən, bu zavallı xalq müəlliminin böyük qardaşı Midhəd bəy Məlikov qeyd etdiyim kimi, 1937-ci ildə güllələnmiş, kiçik qardaşı Səffət bəy Məlikovdan ömrünün  sonuna qədər xəbər tuta bilməmişdir, Parisdə yaşayan bacısı Pəri xanımın başına nələr gəldiyindən xəbərsiz olmuş, 1929-cu ildə anasını itirmişdi. Həyatının son illərində APİ-nin fizika kafedrasının müdiri vəzifəsində işləyən, qardaşı oğlu Rəhim bəy Məlikov isə 1936-cı ilin fevralın 23-də Bakı şəhərində naməlum şəkildə dünyasını dəyişmişdi.  Qərib Soltan xanımın özü isə Şəmkirin Zəyəm kəndində müəllim işləyərkən hədə-qorxuya, təhqirlərə məruz qalmış, ölüm qorxusu keçirmiş, əsəbləri pozulmuşdu.

Qərib Soltan xanımın yeganə təsəlli yeri o idi ki, atası Həsən bəyin cəsədinin yeşiyə yığılmış sümükləri, ruhu onun yanında idi. Hansı ki, Həsən bəyin gor evi bir neçə il qızı Qərib Soltan  xanımın mənzili olmuşdur.

Həsən bəyin vəfatının 50 ili tamam olurdu. Bu dahi mütəfəkkirin xatirə gününün qeyd olunması məsələsini tanınmış ədəbiyyatçı alim Abbas Zamanov Azərbaycan KP MK qarşısında qaldırır. Mərkəzi Komitənin şöbə müdiri Şıxəli Qurbanov məsələyə qarışır və yubiley komissiyası təşkil olunur. Layihə üzrə qəbirin abadlaşdırılması məsələsinə baxılan zaman məzarın harada olması sualı ortaya çıxır və onun yerini heç bir kəs bilmir.

Bu zaman Həsən bəyin Bakı şəhərində yaşayan yeganə varisi Qərib Soltan xanım yada düşür və ona müraciət etməli olurlar. Abbas Zamanov, tanınmış bioloq alim Mirəli Axundovla və eyni zamanda bir neçə filosof alimlə birlikdə Qərib Soltan xanımın yaşadığı mənzilə, onun yanına gəlirlər. Gələnlərə “Atamın hər şeyini məhv etdiniz, indi də gəlmişsiniz sümüklərini aparmağa? Bir də bu evə ayaq basmayın!” deyən Qərib Soltan xanım nəhayət, əsəblərini ələ aldıqdan sonra atasının 1937-ci ildə anası Hənifə xanımın yanında basdırıldığını bildirir. A.Zamanov tələbələri ilə birlikdə şəhər qəbiristanlığına üz tutur, Hənifə xanımın məzarı açılır, Həsən bəyin qutuya yığılan, xanımının ayaqları altında basdırılan sümükləri qəbirdən çıxarılır. Beləliklə, Həsən bəy 1957-ci ildə, üçüncü dəfə Fəxri Xiyabanda dəfn olunur.

Əziz oxucular, ziyalılarımız bir anlığa fikirləşək ki, bütöv azərbaycanlılığı ilə Azərbaycanın maarifçilik hərəkatında misilsiz xidmətləri olan Məlikovlar ailəsi bu gün müstəqil Azərbaycan Respublikasında necə yad olunur?

Qeyd edim ki, hələ son 20-30 ildən bəri, Zərdabi irsi, onun yaradıcılığı ilə bağlı Bakı şəhərində keçirilən tədbirlərdə respublikanın kütləvi informasiya, mətbuat orqanlarının nümayəndələrinin, şair və yazıçılarının, ziyalılarının iştirakı ilə keçirilən  və şəxsən mənim özümün də daima iştirak etdiyim bu tədbirlərin davamı bir çox hallarda Həsən bəy Zərdabinin Bakı şəhərindəki (İçəri şəhər) Böyük Qala qapısı 47 ünvanında yerləşən (hazırda kimə isə satılmış olan, qapısı bağlı qalan) mənzilinin və dahi mütəfəkkirin həmin evinin yanında qoyulmuş monoimental tunc heykəlin qarşısında keçirilir.

Oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, sözü gedən ünvanda yerləşən bu mənzil Zərdabiyə məxsus olmuşdur. Həsən bəy bu mənzilinin bir hissəsini “Əkinçi” qəzetinin redaksiyasına, bir hissəsini ”Cəmiyyəti-Xeyriyyə”nin pansionuna çevirmiş, Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım bu mənzilində ana nəvazişi ilə 10 kimsəsiz uşağın təlim-tərbiyəsi, təhsili ilə məşğul olmuşdur.

Sözün əsil mənasında Həsən bəyin mənzili millətinin təhsil, elm, incəsənət, maarif, mədəniyyət mərkəzinə çevirmiş, mənzilində ölkədə tanınmış neçə-neçə nüfuz sahibləri, dahi şəxsiyyətlərlə görüşmüş, onlarla həmfikir olmuş, çörək kəsmişdir.

Həsən bəy Hənifə xanımla ailə həyatı qurarkən o, bu evin gəlini olmuş,  həmin mənzildə onların ilk qız övladı Pəri xanımla bahəm üç qız övladı dünyaya göz açmışdır. Bu ata ocağında ikinci qızı Fatma üç yaşında dünyasını dəyişmiş, onun dalısınca bir yaşına çatmamış üçüncü qızı vəfat etmişdir.

Həsən bəyin övladları Pəri xanım, Midhəd bəy, Səffət bəy, Qərib Soltan xanım, qardaşı oğlanları Rəhim bəy Məlikov, Məhəmməd bəy Əlvəndi Bakı şəhərində yaşadıqları, oxuduqları zaman bu evin sakinləri olmuş, bu ocağın istisini, nəvazişini görmüş və buradan pərvazlanmış, həyata vəsiqə almışlar.

Millətinin xoş gələcəyi yolunda həyatını qurban vermiş millət fədaisi Həsən bəyin və ömrü boyu onunla bərabər addımlayan həyat yoldaşı Hənifə xanımın, eləcədə yuxarıda adları çəkilən cənnətməkan övladların ruhu “İçərişəhər” Böyük Qala qapısı 47 saylı ünvandakı Zərdabi ocağında deyildirmi? Məgər bu gün qapısı bağlı qalan bu mənzili Həsən bəy Zərdabi irsinin yaşadılması ilə bağlı hər hansı bir  fəaliyyət növünə çevirmək olmazmı?

Həsən bəy Zərdabinin vəfalı ömür-gün, ideya, məslək yoldaşı olan Hənifə xanım Məlikova, Azərbaycanın görkəmli şəxsiyyəti, Azərbaycanın ilk parlamentinin sədri, Əlimərdan bəy Topçubaşovun (1865-1934) həyat yoldaşı olan və anası Hənifə xanım kimi, əri ilə birgə Azərbaycanın müstəqilliyi, xoşbəxt gələcəyi uğrunda əzablı yollar keçən Pəri xanım Məlikova (Topçubaşova) (1873-1947), atalarının yolu ilə getmiş Midhət bəy Məlikov (1879-1937), Səffət bəy Məlikov (1886-1938), Qərib Soltan xanım Məlikova (1886-1967), eyni zamanda 7 yaşında ikən atasını itirən, Məlikovlar ailəsinin üzvü, əmisi Həsən bəy Zərdabinin himayəsində olmuş, hərtərəfli inkişaf etməsinə çox böyük qayğı göstərilən və bu qayğının təsiri nəticəsində 1906-cı ildə Bakı real məktəbini, 1912-ci ildə Kazan Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Azərbaycanın xalq maarifinin inkişafında çox böyük xidmətlər göstərmiş, ilk azərbaycanlı fizik-professor, görkəmli ali məktəb işçisi Rəhim bəy Məlikovun (1886-1936), eyni zamanda Zərdabda Zərdabi ailəsində böyüyüb, boya-başa çatmış ilk öncə Hənifə xanımdan təhsil, tərbiyə almış, onun sayəsində rus dilini mükəmməl öyrənmiş, Azərbaycan teatrının təməlini qoyan 5 aktyordan biri olan Həsən bəyin qardaşı oğlu Məhəmməd bəy Əlvəndinin (1872-1918) və digər bu kimi yaxın qohumlarının, doğmalarının xatirəsi necə yad olunur?

Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin sorğu məktublarına cavab olaraq Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Həsən bəyin ailə üzvlərinin, böyük oğlu Midhəd bəyin, eyni zamanda Həsən bəyin əmisi oğlu Xanlar bəy Məlikovun başına gətirilən bəlalı, faciəli məsələlərdən xəbər verən məktubları ilə oxucularımızı tanış etmək istərdim. 

Təəssüf ki, canını-qanını Azərbaycanımızın işıqlı gələcəyi uğrunda fəda edən Zərdabi və onun övladları, yaxın qohumları, ümumilikdə Məlikovlar nəsli ilə bağlı bu kimi məlumatlar arxivlərdə yatıb qalmaqdadır.

Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikovun  həyatı və yaradıcılığı ilə bağlı araşdırmalar apararkən aşağıda qeyd etdiyim sənədləri əldə etməyim mənim çox böyük sevincimə səbəb olmuşdur. Hesab edirəm ki, bu vaxtadək həmin sənədlərin tədqiqatçılarımız, tərəfindən əldə edilməməsinin, bunlara istinad olunmamasının nəticəsi olmuşdur ki, Midhəd bəyin keçdiyi həyat yolunun işıqlandırılması ilə bağlı qələmə aldığımız yazılarımızda bəzi hallarda müəyyən yanlışlıqlara yol vermişik.

Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində olarkən, fondda saxlanılan, Azərbaycan Sovet Sosialist Respublikası Xalq Daxiliyə İşləri Komissarlığı tərəfindən 21 dekabr 1925-ci il tarixli 2644 nömrəli məktubla iş yerindən Midhəd bəyə verilən arayış, əmək kitabçasının təsdiq olunmuş surətindən çıxarışı (F.№ 653. s.1. iş 53), onun 04.11.1929-cu il tarixdə yazdığı və imzası ilə təsdiq etmiş olduğu tərcümeyi-halı (F.№ 653. s.1. iş 53) diqqətimi cəlb etdi. Bu sənədlərin əldə olunması, ən başlıcası isə həmin tərcümeyi-halda yazılan faktlarla əmək kitabçasında yazılan və təsdiq olunanların bir-birini tamamlaması, üst-üstə düşməsi faktı bizə belə bir insanın həyatı və yaradıcılığı ilə yaxından tanış olmaqda, dəqiq olaraq tədqiqat işləri aparmaqda bizlərə geniş imkanlar yaratmışdır. 

Həmin sənədlərin kserosurətləri ilə oxucuları, tədqiqatçılarımızı tanış etmək maraqlı olardı.

   Midhəd bəyin tərcümeyi-halını, əmək kitabçasını nəzərdən keçirən hər bir ziyalımıza yaxşı məlum olar ki, millətinin işıqlı, xoşbəxt gələcəyi uğrunda bu millət fədaisi hansı yollardan keçmişdir. Əmək kitabçasından, eləcədə tərcümeyi-haldan məlum olduğu kimi, böyük bir mütəxəssislik səriştəsi ilə Kazandan doğma Bakıya şəhərinə dönən M.Məlikov 1925-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Xalq Daxiliyə İşləri Komissarlığı yanında Yerli Təsərrüfat Baş İdarəsinin Elektrikləşmə şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Midhəd bəy bu vəzifədə olarkən Şamaxıda və Lənkəranda elektrik stansiyalarının tikilməsi məqsədilə layihə tərtib etmiş, bilavasitə özü tərəfindən hər iki rayonda elektrik stansiyasının tikintisinə nail olmuşdur.

Onu da oxucularımızın diqqətinə çatdırmaq istəyirəm ki, yuxarıda göstərilən məktubda adları çəkilən Xanlar bəy Əsəd bəy oğlu Məlikov və Xanlar bəyin həyat yoldaşı Nazlı xanım Hidayət bəy qızı Həsən bəy Zərdabinin əmisi uşaqlarıdır. Deməli Xanlar bəylə Nazlı xanım əmioğlu, əmiqızı olmuşlar. Bu ailə də repressiya məruz qalmış, 1937-ci ildə Qırğızıstana sürgün olunmuşdur. Hal-hazırda Qırğızıstanın Şəkərçilik sovxozunda böyük bir Məlikovlar ailəsi yaşayır. Məlumdur ki, Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı, general-leytenant Fərəc bəy Ağayev ilk Azərbaycanlı generallardan (1811-1891) biri olmuşdur. Bu görkəmli hərbiçi haqqında tanınmış hərbiçi-jurnalist Şəmistan Nəzirlidən savayı tədqiqat aparan olmamışdır. Ş.Nəzirli yazır: “… O, ilk hərbi təhsilini Tiflis katet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb.

Xidmətin yeddinci ilində ən yaxşı qvardiya rotmisti Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilir. Peterburqda o, I Nikolayın xüsusi qvardiya komandiri vəzifəsinə təyin olunur. Elə burada da o, imperatorun və onun arvadı Mariya Aleksandrovnanın sevimlisi olur.

Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqda xüsusi qvardiya kazak polkunda qürursuz xidmət edən polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.

1853-cü ildə  Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev Qarabağın azərbaycanlı igidlərindən ibarət süvari alayı təşkil edir, özü də onun komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı dönməz bir iradə ilə vuruşmuşdur.

1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin alayına təhkim edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan eloğlumuz hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa görə üstündə “Cəsurluğa görə” yazılmış qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə bəzədilmiş birinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə) ordenləri ilə təltif olunmuşdur.

Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqda xüsusi qvardiya kazak polkunda qürursuz xidmət edən polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.

1853-1856-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayevə general-mayor rütbəsi verilir.

Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ-Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edir ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr tezliklə yığıldı. Döyüşçülər yürüşə məşhur Qarabağ kəhərlərində və layiqincə silahlanmış halda başladılar.

Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə General-leytenant rütbəsində istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə Cəmiyyətində çalışan general-leytenant Fərəc bəy Ağayev min səkkiz yüz doxsan birinci il noyabrın iyirmi altısında səksən yaşında Tiflisdə vəfat etmişdir” Şəmistan Nəzirli.

Həsən bəyin doğma dayısı, Azərbaycanın ilk generallarından biri Fərəc bəy Ağayevin xatirəsi necə yad olunur, Ş.Nəzirli istisna olmaqla, onun haqqında hansısa digər bir tədqiqatçı tərəfindən araşdırma aparılıbmı?

Həsən bəy Zərdabinin qardaşı oğlu Məhəmməd bəy Məlikov Əlvəndi 1872-ci ildə Şamaxı quberniyasının Zərdab bölgəsinin Əlvənd kəndində anadan olmuşdur. XIX əsrin sonlarına yaxın Məhəmməd bəy Zərdabdan Bakıya gəlir. O, tez bir zamanda burada dövrün qabaqcıl, ziyalı insanları ilə ünsiyyət yaradır. Azərbaycan dilini mükəmməl bilən, rus dilində yaxşı danışan və yazan Məhəmməd bəy Məlikov ilk-öncə şəhərdə müstəntiq yanında dilmanc işləyir, bir müddət vəkillik fəaliyyəti ilə məşğul olur.

Sonralar o, əmisi Həsən bəyin dəstəyi ilə müxtəlif vaxtlarda Bakı teatrlarında aktyorluq etmişdir. Səhnə fəaliyyətinə 1890-cı illərdə başlamış, tamaşalarda zəngin obrazlar yaratmışdır. Bu teatr fədaisi gah inzibatçı, gah rejissor olmuş, bəzən aktyorların geyimlərini hazırlamış, hətta qrimçini də əvəz etmişdir. Qeyd edək ki, Hüseyn Ərəblinski, Göyçalı Əbülfət Vəli ilə yanaşı teatr cəmiyyətinə birinci üzv yazılan Məhəmməd bəy Əlvəndi olmuşdur.

Həsən bəyin atası Səlim bəyin dayısı General-leytenant Fərəc bəy Ağayev

Məhəmməd bəy Əlvəndi M.F.Axundovun “Hacı qara” komediyasında Heydər bəy, N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” və “Müsbəti-Fəxrəddin” əsərlərində Əşrəf bəy və Rüstəm bəy, N.Nərimanovun “Nadir şah” faciəsində şah Təhmas, Ə.Haqverdiyevin “Ağaməhəmmədşah Qacar” dramında Murtuzaqulu xan, Ş.Saminin “Dəmirçi Gavə” əsərində Qəhtan, N.Qoqolun “Müfəttiş”ində Osip, V.Şekspirin “Otello” faciəsində Yaqo, J.Molyerin “Zorən təbib” komediyasında təbib və digər tamaşalarda parlaq obrazlar yaratmışdır.

H.Zərdabinin bir vaxtlar redaktoru olduğu “Kaspi” qəzetində 1908-ci il noyabrın 4-də Məhəmməd bəy bir dəstə müsəlman ziyalısı ilə “Nicat” cəmiyyəti nəzdində teatr qrupu təşkil etmək təşəbbüsü ilə çıxış etmiş, imkanlı müsəlmanları bu işə maddi və mənəvi kömək göstərməyə çağırmışdır. O, ucqar bölgələrə gedərək tamaşalar

Həsən bəyin qardaşı oğlu Rəhim bəy Məlikov Mehralı bəy oğlu

göstərir, teatrı təbliğ edir, savadsızlığın, nadanlığın, mövhumat və cəhalətin hökm sürdüyü yerlərə mədəniyyət toxumu səpirdi. Məhəmməd bəy xalqa xidmət edirdi, irticanın düşməni idi. Odur ki, irtica qüvvələri dövrün vicdanlı, namuslu sənətkarlarını səhnədən qovdu, təqib etdi və onları məşəqqətlərə saldı. Nəticədə o dövr teatrının 4 nəhəng siması-Cahangir Zeynalov, Əbülfət Vəli, Hüseyn Ərəblinski və Məhəmməd bəy Əlvəndi təqribən eyni vaxtda ayrı-ayrı şəraitdə fəlakətlərə düçar oldular.

Bütün varlığı ilə Azərbaycan teatrının tərəqqisinə xidmət edən M.Əlvəndinin ömrünün son illəri ehtiyac və üzüntü içində keçmişdir.

Millət fədaisi Məhəmməd bəy Əlvəndi yaratmış olduğu güclü səhnə obrazları ilə insanları ədalətə və birliyə çağırmışdır. O, həyatının son illərində küskün, incik bir ömür yaşamış, 1918-ci ilin mart qırğınlarını gözləri ilə görmüş və erməni vəhşiliyindən, bu soyqırımdan sarsılaraq havalanmış, ruhi xəstəliyə düçar olmuş, ağlını itirmiş və dünyasını dəyişmişdir.

Həsən bəyin böyük qızı Pəri xanım Məlikova. Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı

Mənbələrdən bizə belə məlumdur ki, Əlvəndi Bakıda Qurbanov küçəsində, çay fabrikinin yanındakı binanın ikinci mərtəbəsində yaşamışdır.

Sual olunur, Azərbaycan teatrının tərəqqisində müstəsna xidmətlər göstərmiş Həsən bəy Zərdabinin qardaşı oğlu olan, belə bir şəxsin yaşadığı yerin ünvanı dəqiqliyi ilə niyə xalqımıza bəlli deyil, onun məzarı haradadır? Onun yaxınlarından, doğmalarından kimləri olmuş və həyatda kimləri qalıb?     

Azərbaycanın bu görkəmli şəxsiyyətləri harada uyuyur,

Həsən bəyin kiçik qızı Qərib Soltan xanım Məlikova

qəbirləri haradadır, məzarlarının yeri bilinirmi, bilinirsə onların qəbirüstü abidəsi varmı, bu şəxsiyyətlərin yaşamış olduqları ünvanlar bizlərə bəllidirmi, bəllidirsə həmin ünvanlara xatirə lövhəsi vurulubmu, alimlərimiz və ziyalılarımız tərəfindən onların keçdiyi həyat yolu tədqiq olunubmu, eləcə də bu insanların həyata bəxş etmiş olduqları övladları, onların nəsil şəcərəsi haqqında bilgilər əldə etmişikmi? Sözün əsil mənasında deyərdim ki, əsla yox.

Harada olmasından, harada yaşamasından asılı olmayaraq canını-qanını Azərbaycanın tərəqqisi yolunda, işıqlı gələcəyi uğrunda fəda etmiş belə bir insanlara qarşı niyə bəs bizdə biganəlik vardır.

Zərdabinin böyük oğlu. Midhəd bəy Məlikov Zərdabi

Müxtəlif millətlərin nümayəndələrinin at oynatdığı Bakı şəhərində Həsən bəyə iradlar bildirilmiş, onu tutduğu yoldan çəkindirməyə, haqq səsini boğmağa çalışaraq deyirdilər; “Müsəlman kütləsi üçün dəridən-qabıqdan çıxmağa ehtiyac yoxdur. Çünki, çəkdiyin əziyyət qiymətləndirilməyəcək”.

Həsən bəy isə nadanlara belə bir cavab vermişdir. “Öz işinə qiymət-yəni mükafat umma. Səni tərifləyib göylərə qaldıracaqlarını düşünmə. Xalq üçün işlə. Onda o, ardınca gedəcək və sənin qədrini biləcək. Bunun üçün isə əvvəlcədən xalqın inamını qazanmaq lazımdır”.

Zərdabinin kiçik oğlu. Səffət bəy Məlikov Zərdabi

Allah sənə qəni-qəni rəhmət eləsin, ey millətin, xalqın önündə getmiş “millət fədaisi”, “Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası”, “alimlərin alimi”, “xalqın görən gözü və parlayan işığı”, “xalqların yol göstərəni” kimi sevilən  və təbliğ olunan Həsən bəy, bu fikirlərinizi, sözlərinizi necə də böyük  bir uzaqgörənliklə ifadə etmişsiniz.

Zərdab rayon İcra Hakimiyyəti tərəfindən 2009-cu il tarixində Zərdabi yurdunda (Zərdab şəhərində) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyi, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidə büstünün açılış mərasimi münasibətilə keçirilən tədbirə dəvət olunduğum zaman, tədbirdə iştirak edən respublikamızın görkəmli elm, mədəniyyət, tibb xadimləri, millət vəkilləri, Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə orqanları, Veteranlar Şurasının, ayrı-ayrı nazirlik və komitələrin nümayəndələrinin içərisində bütün tədbir boyu bir şəxs diqqətimdən yayınmırdı. Həmin şəxs M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müdiri, “Şöhrət” ordenli, əməkdar elm xadimi, 75 il öncə  Zərdabi yurdunda çıxan, Zərdabi nəslinin tanınmış nümayəndələrindən olan, həmyerlim akademik Böyükkişi Ağayev idi.

 Mən, akademik B.Ağayevlə Bakı şəhərində Həsən bəy Zərdabi yaradıcılığı ilə bağlı keçirilən tədbirlərdə, toplantılarda dəfələrlə bir yerdə iştirak etmiş, kabinetində onunla həmsöhbət olmuşam. Həsən bəy Zərdabinin yaradıcılığı və elmi irsi ilə bağlı yazdığım məqalələrlə, elmi-tədqiqat əsərlərimlə Böyükkişi müəllimi tanış etmiş və onları avtoqrafla dəyərli alimimizə

Akademik B.Ağayev Zərdabda Kür sahili boyu gəmi ilə gəzinti zamanı (10.05.2009-cu il).

təqdim etmişəm. Eyni zamanda Böyükkişi müəllim də öz növbəsində elmi əsərlərini, o cümlədən 80 illiyinə həsr olunmuş “Taleyin böyüklük töhfəsi” adlı kitabını avtoqrafla mənə təqdim etmişdir. Bu kitab mənim üçün ən dəyərli bir hədiyyə olmuşdur. Çünki, Həsən bəy Zərdabi nəslindən olan, bu böyük şəxsiyyətin ata-babasının və eyni zamanda özünün keçmiş olduğu keşməkeşli həyat yollarından xəbər verən bu kitabda qeyd olunan faktlar bir zərdabişünas kimi, mənim üçün böyük bir tapıntı, əsaslı bir tədqiqat materialı olmuşdur…

Qeyd edim ki, Böyükkişi müəllimin uşaqlıq illəri, orta məktəb və tibb institutunda təhsil aldığı, ilk əmək fəaliyyətinə başladığı illər Sabirabad rayonu ilə bağlı olduğundan o, özünü sabirabadlı hesab etmişdir. Hər bir dostu, tanışı belə onu sabirabadlı kimi tanıyırdı. Əslində isə B.Ağayev Zərdabın ən iri yaşayış məntəqələrindən biri olan qədim Əlvənd kəndində, Məlikovlar ailəsində 1928-ci ildə dünyaya gəlmişdir.

Onun uluları Zərdab torpağından, Məlikovlar nəslindən olmuşlar. Hansı ki, ata babası Böyük bəy Məlikov, ana babası Novruzəli bəy Məlikov Həsən bəy Zərdabi ilə bir nəsildən, bir kökdəndirlər. B.Ağayev anadan olanda valideynləri ona ata babasının şərəfinə Böyükbəy adını vermişlər. Lakin, bu bir faktdır ki, keçən əsrin 20-30-cu illərindən başlanan sürgün həyatı bütövlükdə Məlikovlar sülaləsinə, o cümlədən bu ailəyə, onların qohumlarına məhrumiyyətlər gətirmiş, onları represiya qurbanlarına çevirmişdir. Bu nəslin başının üstünü almış sürgün olunmaq qorxusuna görə, atası Ağakişi bəy “bəy” sözündən qaçaraq sənəddə Böyük bəy adını Böyükkişi, “Məlikov” soyadını isə Ağayev yazdırmaq məcburiyyətində  olmuşdur.

Oxucularımızın diqqətinə çatdırmaq istəyirəm ki, Böyükkişi müəllimlə doğma Zərdabi yurdunda görüşməyim mənim çox böyük sevincimə səbəb olan, yaddaşlardan silinməyən tarixi bir gün idi. Çünki, yaşı 80-i haqlamış həmyerlim, akademik B.Ağayev 75 ildən sonra birinci dəfə idi ki, doğma yurdu Zərdabda olurdu və heç vaxt Zərdaba dönməmişdi.

O, həmin gün Zərdaba böyük bir həsrət, sevgi, məhəbbət hissi ilə gəlmişdi. Həmyerliləri qarşısında çıxışı zamanı doluxsunan, gözləri yaşaran Böyükkişi müəllim çıxışına bu sözlərlə başladı: “Gəlmişəm ki, ana vətənimi, doğulduğum yerləri, daha doğrusu, əcdadımın yaşadığı yerləri görüm və bu qiymətli anı həyatımda itirməyim.

Akademik B.Ağayev Zərdabda Kür sahili boyu gəmi ilə gəzinti zamanı polkovnik A.Qurbaniyə müsahibə verərkən (10.05.2009).

Mən bu gün Zərdaba gələndə heç ümid eləmirdim ki, belə bir gözəl diyar, belə bir ab-hava, belə bir şərait, təntənə görəcəyəm. Doğrudan da Zərdab Azərbaycanın gözəl guşələrindən biriymiş”.

Tədbirlə bağlı, bir günlük səfərin təəssüratlarını Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Naxçıvan  Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, polkovnik Abdulla Qurbaninin qələmə aldığı, Azərbaycan MEA-nın müxbir üzvü Vəli Əliyevin və mən, Eldəniz Həsənovun elmi məsləhətçisi olduğumuz “Zərdabi yurdunda bir gün” adlı kitabda (Bakı, “Apostrof”, 2009, 192 səh.) müəllifin Böyükkişi müəllimlə söhbətləşməsinə dair ”75 ildən sonra doğma sahillərdə” başlıqlı yazısından müəyyən məqamları oxucularımızın diqqətinə çatdırmaq maraqlı olardı.

“Gəminin bir tərəfində dirsəklənərək, Kür sahillərinə həsrətlə baxan Böyükkişi müəllimə yaxınlaşıram. O, sanki bahar buludu kimi dolub. Dindirsən gözlərindən qan-yaş ələyəcəkdir. Onu şirin xəyaldan ayırdığıma görə üzrxahlıq edirəm.

-Böyükkişi müəllim, necədir? Xoşunuza gəlirmi?

Mənim uşaqlığım bu sahillərdə qalıb. 75 ildən sonra uşaqlığımın görüşünə gəlmişəm. Uşaqlığımı axtarıram.

-Uşaqlığınızı tapmağa ümidiniz varmı?

Var, elə ömrümün 75 ilini bu ümidlə yaşamışam.

-Kür sahilləri uzaq deyil ki. Bəs nə üçün belə gec uşaqlığınızın sorağı ilə doğma yerlərə gəlmişiniz?

Biz buradan getməmişdik, bizi məcburi köçürmüşdülər. Özgə dövr idi. Anamın göz yaşlarını indi də unuda bilmirəm. Gəmi sahildən ayrılanda o günləri yenidən yaşadım. Sanki canıma bir üşütmə düşdü. Doğma el-obadan, ayrılmaq necə də çətin imiş. Bunu qəribçilik çəkənlər bilir. İstər şah ol, istərsə nökər, fərqi yoxdur. Hər quşa öz yuvası doğmadır.

-Böyükkişi müəllim, deməli sizin ailəniz də 30-cu illərin əzab-əziyyətini görüb, eləmi?

Ən böyük əzab-əziyyət elə yurd-yuvadan ayrı düşmək deyilmi? Şura hökuməti qurulanda anamın hər iki babasını: Novruzəli bəyi və Əli bəyi həbs edib güllələdilər. Ana babam Əlabbas bəy Məlikov Əlvənddən sürgün olundu. Hər gün incidilən, təqib olunan ailəmiz Zərdabdan qaçmağa, köçüb getməyə məcbur oldu.

-Axı Zərdab uzaq deyildi.

Doğrudur, qəlb inciyəndə, üz dönəndə çətin olur. Mən də, anam da, əzizlərim də yurd sevgisini, Zərdabı, Kür sahillərinin həsrətini qəlbimizdə yaşatmışıq. Elə zənn etmişəm ki, uşaqlığımı qoyub getdiyim bu yerlərə bir də qayıtsam ürəyim parçalanar, dözə bilmərəm.

Böyükkişi müəllim. Bizim ailə də siz yaşayanları yaşayıb. Anam iki körpə ilə sürgündə olub. Ana qardaşım Əyyubu mən 70 ildən sonra axtarıb tapmışam. Qazaxıstandadır. Gözəl ailəsi, övladları, nəvələri var. Nə qədər çalışsam da onu Vətənə gətirə bilmirəm. Deyir o yerlərdə uşaqlığım qalıb. Bir də o ağrılı-acılı günlərimi yenidən yaşamaq istəmirəm.

Bax, elə mən də buna görə doğma yurda gəlməmişəm. Ancaq bircə gün də xəyalımdan çıxmayıb bu yerlər. Bir də ki, 75 ildə bizi yada salıb bu torpağa dəvət edənlər də olmayıb. Bir daha Zərdabın icra başçısı Lütvəli müəllimə təşəkkür edirəm ki, məhz onun sayəsində doğma ocaqda, doğma sahillərdəyəm.

Böyükkişi müəllim, bütün bu keşməkeşlər Zərdabi nəslindən olduğunuza görə başınıza gəlməmişdirmi?

Axı o vaxtlar Zərdabi nəslindən olan insanlara münasibət heç də birmənalı olmamışdır. Elədir rəhmətlik Həsən bəy sağlığında bir çox məşəqqətlərə sinə gərdiyi kimi, nəslindən olanlar da çox əziyyət çəkmişlər. Ancaq gələcəyə həmişə ümidlə baxmış, haqqın-ədalətin zəfər çalmağına inanmışıq….”.

 Bəli, elə bir zaman gəldi ki, Azərbaycan müstəqilliyini əldə etmiş oldu, yadelli işğalçılardan, məmurlardan qurtulduq. Sevindirici haldır ki, öz milləti, xalqı, dövləti bu gün Həsən bəy Zərdabi irsinin açılmayan səhifələrinə işıq salır.

Azərbaycan müstəqillik qazanandan, suverenliyini əldə etdikdən sonra xalq heç olmasa Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən qiymətləndirməli oldu. 2000-ci ildə “Əkinçi”nin 125 illik, 2005-ci ildə 130 illik, 2010-cu ildə 135 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi əhəmiyyət kəsb etməklə yalnız ölkəmizin çoxsaylı demokratik mətbuat, informasiya orqanları tərəfindən deyil, bütövlükdə Azərbaycan ziyalıları ilə yanaşı dünya azərbaycanlıları üçün də böyük bir bayrama, sevincə səbəb olmuşdur.

Məlumdur ki, Həsən bəyin yubileyi bu vaxtadək dövlət səviyyəsində qeyd olunmamışdır. Xalqımızın ən böyük sevincinə səbəb olan bir hal da odur ki, Həsən bəy Zərdabinin yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 04 iyun 2012-ci il tarixli Sərəncam imzalanmış və  yubileyin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Sərəncamdan irəli gələn məsələlərin həlli üçün qərar vermişdir.

1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransaya ilk rəsmi səfəri zamanı Əlimərdan bəy Topçubaşovun, Pəri xanım Topçubaşovanın və onların ailə üzvlərinin dəfn olunduqları Sen-Kludakı (Paris) xiyabana gedərək bu ailənin məzarı üstünə əklil qoyması tarixi bir əhəmiyyət kəsb etməklə, şəxsiyyətlərə verilən dərin hörmətin təcəssümüdür. Eyni zamanda Həsən bəy Zərdabi şəxsiyyətinin yetirmələrinə, onun övladlarına verilən bu qiymət dünya azərbaycanlıları uyuyan, yaşayan yerləri gəzən Zərdabi ruhunun şad olması deməkdir.

Heç şübhə etmirik ki, qısa zaman kəsiyində, Həsən bəy Zərdabi ailəsinin, onun həyata bəxş etmiş olduğu övladların, Məlikovlar nəslindən olan yaxın qohumlarının,  eyni zamanda təhsil vermiş olduğu tələbələrinin keçmiş olduqları həyat yolları haqqında hərtərəfli tədqiqat işləri aparılacaqdır.

Nəticə etibarı ilə həmin tarixi şəxsiyyətlər müstəqil Azərbaycan Respublikasında öz layiqli qiymətini alacaq, onların xatirəsi  əbədiləşəcək və bu zaman Zərdabinin ruhu şad olacaqdır.

Necə ki, Həsən bəyin yazdığı kimi; “… sümüyü torpağın içində, qoynunda dinclik tapacaq“.

2 ŞƏRH

  1. Salam. Bu yazıda çox maraqlı faktlar var. Müellife teşekkür edirik.

Comments are closed.