Millətə xidmətin “Əkinçi” nümunəsi

0
49

Zamanın ən ağır sınaqlarında belə bir millət kimi sözümüzü deməyi bacarmışıq. Bəzən olub ki, bizi boynumuzdan yox, sözümüzdən asıblar. Sözümüz qılıncımızdan kəsərli olub çox zaman. Nizami sözü, Füzuli sözü, Nəsimi sözü demişik yeri gələndə. Qılıncların vurduğu yaralardan sağalanlar çox olub, ancaq sözün yarasından sağalanların adı heç kimə bəlli deyil (əlbəttə ki, söhbət sözü qananlardan gedir). Bu yerdə bir haşiyə çıxmaq istəyirəm. Bir gün bir hökmdar vəzirinə deyir ki, mənə dünyanın ən gözəl, ən ləziz ətindən kabab bişirtdir. Vəzir bir neçə saatdan sonra dil kababı gətirir. Aradan bir müddət keçir. Hökmdar vəzirə deyir ki, mənə dünyanın ən eybəcər, ən acı ətindən kabab bişirtdir. Vəzir yenə də kababı dildən hazırlatdırıb gətirir. Hökmdar bu sirrə məəttəl qalır və üzünü vəzirə tutub deyir: “Bu sirdən məni agah et, bu müəmmanı aç”. Vəzir gülümsəyir: “Hökmdar sağ olsun, dünyada dildən gözəl, şirin və dildən eybəcər, acı bir şey yoxdur”, – deyir. Bu həqiqəti əbəs yerə yazımın gözünə qatmadım. Ana dilimizin üzünə qapıların çırpıldığı, ana dilində bir kəlmə deyənin başına min oyun açıldığı dönəmlərdə “Əkinçi” adlı bir qəzet ərsəyə gəldi. Avropada cild-cild kitabların, qəzetlərin çap olunmasına baxmayaraq, “Şeyx Nəsrullah”ların at oynatdığı müsəlman Şərqində quru sözdən göyərən, min əzabla-əziyyətlə əlifbanı öyrənin şüarını “it boğuşduran”lara, hamamda qeybət edənlərə çatdırmaq üçün zülümlə, ölümlə döş-döşə gəlmək hünər istəyirdi. Qara komalardan aydınları, işıqlı beyinləri çıxarmaq, haqqı bulmaq üçün çalışmaq, oxumaq sözünü yüz dəfə, min dəfə anlatmaq və onların ümid yerinə çevrilməkdən ötrü nələr çəkmədi “Əkinçi”. Millətin keçmişinə, gələcəyinə sahib çıxmaqla diri ikən ölü canlara çevrilənlərə üsyan edən Həsən bəy Zərdabi qanından da keçdi, canından da. Söz də dən kimidir, əgər münbit torpağa düşərsə, suyu vaxtında verilərsə bol məhsul almaq, gələcəyə gün ağlamaq olar. Vay o gündən ki, nə əkməyə qoyalar, nə də biçməyə.Və beləcə, gözün görə-görə külfətin acından ölə, sabaha səndən bir nişanə qalmaya. Bəli, “Əkinçi” də əkmək, xışlamaq, yaxşı məhsul götürmək istəyirdi. Mövhumatın, nadanlığın yuva saldığı çürümüş beyinlərə beş-on ağıllı fikri çatdırmaq üçün yandı “Əkinçi”. Xırman ürəyini qarğa-quzğunlar daşıdı “Əkinçi”nin. Qəflət yuxusunda yatmaqla qeyri-millətlərdən geri qalmağı, elm dalınca gedənləri lağa qoymağı axırda bütövlüyünə də zərbə vurdu bu millətin. Bir ovuc sağlam dən səpdi, böyük bir xidmət göstərdi millətə “Əkinçi”. Cəmi iki il… “Əkinçi”dən sonra da Azərbaycanı “rəng”lər işğal etdi. Qırmızılar, ağlar, sarılar. Yad dildə danışanlar, yad dildə düşünənlər… Ruhun şad olsun, Həsən bəy!

Hafiz TƏMİROV, DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı