Həsən bəy Zərdabi: “Kaspi”, “Новое обозрение” və “Гафгаз” qəzetlərinə (3)

0
47
Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi

TƏRCÜMƏ ETDİ: İSAMƏDDİN ƏHMƏDOV.

Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi

Zərdab, Göyçay qəzası. Aprelin 5-dən bu günə qədər Kürün suyu elə qalxmaqda davam edir. Biz, çayın sahilində yaşayan insanlar kükrəyib-coşan su ilə var gücümüzlə mübarizə aparırıq, lakin çox təəssüf ki, bu mübarizədə zəhmətimiz də, sərf etdiyimiz enerji də, hamısından vacibi isə, əkinlərimiz də məhv olub gedir.

Bu günə qədər əkinlərin yarıdan çoxu məhv olub, kəndimizin evlərinin yarıdan çoxunu isə su basıb. Və burda başqa bir bəla üz verib—çöl siçanları əhaliyə ciddi ziyan vurur. Bu siçanlar su basan ərazilərdən qaçaraq, bizim tarlalarımıza basılıblar və hələlik su çıxmayan taxıl əkinlərimizi məhv edirlər. Siçovullar burada çoxalıblar, həm də tək bizim kənddə yox və həm də bu birinci dəfə deyil, lakin nədənsə, bu məsələyə əhəmiyyət verilmir, halbuki siçovullar ən azı çəyirtkələrin əkinlərə vura bildiyi qədər bizlərə ziyan vururlar…

Elə indicə, bu saat gözətçilər qaçaraq xəbər gətirdilər ki, su Dəkkə və Mehman ərazisini basıb. Böyükdən-kiçiyə hamı evindən çıxaraq, çalışıb-vuruşur, amma təəssüf ki, heç nə edə bilmirlər. Ən azı bunu  Mehman barədə qətiyyətlə demək olar: deyirlər buradakı bəndləri Kür bir neçə verst ərazidə yuyub aparıb, həmin ərazidə isə ən azı 25-30 min pud taxıl vardı. Bu yeni bədbəxt hadisə məni tamam çaş-baş salıb. Axı, mən də suyun hər an fəlakət törədə biləcəyindən ehtiyatlanıram, çünki daşqın məni də hər tərəfdən əhatəyə alıb.

Mənim evim və bağım 4 desyatin sahəni əhatə edir. Hər tərəfdən bağımın və evimin dövrəsində bənd yaratmışam, lakin bu saat su mənim həyətimin səviyyəsindən 1 arşın hündürə qalxıb. Düz 1 aydır ki, 10 adam əlində bel dayanmadan bu bəndi möhkəmləndirir, bununla belə bütün cəhdlərimizə baxmayaraq, su bağıma keçmişdir və mənim bir hissəsini başqa yerlərdən gətirtdiyim, bir hissəsini isə bu diyarın müxtəlif yerlərindən yığıb gətirdiyim (2 minə qədər) sevimli ağaclarımı hər gün su bir az da altına alır.

HƏSƏN BƏY.  «Kaspi» qəzeti, 1882-ci il, №59.