Karvanlar Kürü Zərdabın kəndlərindəki bərələr vasitəsilə keçərək Qarabağa üz tuturdular – TARİX

0
105

Zərdab ilk yaranışdan Qarabağa qapı rolunu oynayıb. Hələ qədim zamanlarda Bakıdan, Salyandan gələn gəmilər, Şamaxıdan yol alan karvanlar Kürü Zərdabın kəndlərindəki bərələr vasitəsilə keçib Qarabağa üz tutmuşdur.

Ə. Məmmədov «Qarayazı düzündən Xəzər dənizinə qədər» kitabında yazır ki, bizim günlərə kimi öz adını saxlamış Körpükənd çox güman ki, Bərzənclə (IX-X əsr) birlikdə yaranmışdır. Orta əsrlərin sonuna aid tarixi sənədlərdə göstərilir ki, bu kənddə (Körpükənd) bərə olmuşdur. Şamaxıdan gəlib Qarabağ ərazisinə, Gürcüstana, İrana gedən karvanlar bu körpüdən keçirdi. N. Zeydalisin 1859-1864-cü ilin məlumatları əsasında 1870-ci ildə yazdığı «Bakı quberniyası» adlı kitabında Körpükənd bərəsindən danışılır və hətta deyilir ki, Bakı-Salyan poçt yolunun bir qolu Kür çayı boyunca üzü yuxarı qalxaraq Körpükəndə gəlib çatır. Vaxtilə burada balıq vətəgəsi də olub. Yazılı mənbələrdən bu da məlumdur ki, Bakı-Tiflis dəmiryolu çəkilməmişdən qabaq Mərkəzi Rusiyadan Gürcüstana aparılan yüklərin bir hissəsi Həştərxandan gəmi ilə Şimali Şərqi Bank qəsəbəsinə gətirilər, oradan da əvvəlcə yelkənli gəmilər, sonralar isə kiçik həcmli paraxodlarla Körpükəndə daşınardı. Yük arabaları buradan Tiflisə yollanırdı.

Yeri gəlmişkən «Əkinçi» qəzetinin 4 noyabr 1875-ci il tarixli sayında Əsgər Adıgözəl Gorani Peterburqdan xəbər verirdi: «Bu günlərdə vəzirlərin məclisində Badkubə dəmir yolu təsdiq olunub. Ol yol Tiflisdən, Qarayazdan, Gəncədən, Gorandan, Zərdabdan, Hacıqabuldan Badkubəyə gedəcək».

Amma nədənsə bu yol inşa edilərkən məlum olduğu kimi, Zərdabdan deyil Ucardan keçmişdir.

Bizim nəslin yadında qalan ikinci bərə 1980-cı illərədək Qoruqbağı kəndi yaxınlığında fəaliyyət göstərirdi. Bu Zərdabdan Qarabağa – Ağcabədi rayonuna getmək istəyənlərin, necə deyərlər, əlindən tuturdu. Bərənin xidmətindən bir çox kəndlərimizin sakinləri istifadə edirdilər. Ağcabədi bazarına gedənlər mal-qaranı bu bərə vasitəsilə Kürün sağ sahilinə keçirirdilər. Bərənin xidmətindən avtomaşınları, traktorları bu sahildən o sahilə keçirmək üçün də istifadə olunurdu. Xüsusilə Zərdabda sövet dönəmində pambıqçılığın genişləndiyi illərdə bərə daha da məhsuldar və gərgin işləməli olurdu.

XX əsrin ikinci yarısının ortalarında bərənin yaxınlığında Zərdabı Ağcabədi ilə birləşdirən müasir tipli körpü tikildi. Beləliklə bərənin fəaliyyətinə ehtiyac aradan qalxdı və bərə öz varlığını dayandırmalı oldu.

Zərdab şəhərinin cənub qurtaracağında da bərə fəaliyyət göstərirdi. Bərənin xidmətindən Kürün o tayına keçmək istəyən hər kəs istifadə edirdi, söz yox ki, müəyyən haqq ödəmək müqabilində. Sonralar bərə əsasən K. Marks adına kolxoza xidmət göstərirdi. Kolxozun Kürün sağ sahilində əkin sahələri vardı və kolxozçular o taya bu bərə vasitəsilə keçirdilər. Hətta bu bərədə 1967-ci ilin iyul ayında bədbəxt hadisə də baş vermişdi. Pambıqçıları işdən gətirən avtomobil bərəyə oturdularkən sürüşüb Kür çayına düşmüş, bir neçə qadın Kürdə boğularaq həlak olmuşdu.

Bərələrdən biri də Qaravəlli kəndi ərazisində idi. Bu bərə də Qarabağa körpü funksiyasını yerinə yetirirdi. Yeri gəlmişkən, mənbələrin verdiyi məlumata görə, əvvəllər yarımköçəri heyvandar olan qaravəllilər Kür vadisinə XIX əsrin axırlarında gəlib bina salmışlar. Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər Şirvanda, Araz boyunda – Mildə, Muğanda yaşamışlar. Zərdabın Qaravəlli kəndində məskunlaşmış sakinlərin indiki Ağsu rayonundakı Qaravəlli kəndindən gəldiklərini söyləyirlər. Onların Arazboyu kəndlərindən gəldiklərini deyənlər də var. Qaravəllilər bu fikirdə həmrəydirlər ki, onların əcdadları urğalılar, babalılar, cocanlılar «comalağının» – nəslinin nümayəndələridir.

XIX əsrin ikinci yarısında – 1853-cü ildən sonra bəylərin himayəsindən azad edilən kəndlilər Zərdabı tərk edir, sahil boyu bağlara çəkilirlər. Beləliklə sahildə kiçik kəndlər – Sarıqaya, Pərvanlı, Yarməmmədbağı, Lələağacı, Nəzərallı, Şıxbağı, Ağabağı kəndləri yaranır. Gəndəbil kəndi də onlardan biri idi. Gəndəbildə balıq vətəgəsi, bərə də olmuşdur.

Kür çayı üzərində hərəkət edən bərələrdən biri də Əlvənd kəndi ərazisində olmuşdur. Qeyd edək ki, Əlvəndin orta əsrlərin sonuna yaxın bina edildiyi güman olunur. A. Bakıxanov «Gülüstani-irəm» əsərində Əlvəndin adını çəkir və yazır ki, 1775-ci ildə «Ağası xan da Əlvənddə oturub, bütün Şirvana hökümran oldu».

XVIII əsrə aid başqa sənədlərdə Əlvənd haqqında ipək istehsalında, ticarətdə, gəmiçilikdə müəyyən rolu olan bir yer kimi danışılır. Bu vaxt Əlvənddə ipək emal edən emalatxana, gəmi dayanacağı, çoxlu karvansaralar, ticarət binaları vardı. Əlvənddəki şənbə bazarına Ağcabədi, Zərdab, Göyçay, İmişli və Ucardan alverə gəlirdilər. Bu yerlərin kənd təsərrüfatı məhsulları Əlvəndə toplanar və gəmilərlə daşınardı.

Zərdabın Ağabağı və digər kəndlərində də bərələr olmuşdur. Bu bərələrin köməyi ilə Zərdab Qarabağa Şirvanın qapısı funksiyasını layiqincə yerinə yetirmişdir. Bu gün həmin vəzifəni Kür çayı üstündə tikilmiş müasir körpülər icra edir.

Kür çayı başlanığıcını Türkiyənin dəniz səviyyəsindən 2741 metr yüksəklikdə olan Qars yaylasından götürür. Qafqazın ən böyük çayı olan Kür dörd ölkənin ərazisindən keçib Xəzər dənizinə qovuşana qədər 1515 km. məsafə qət edir. Bu çayın 900 kilometrə qədəri Respublikamızın ərazisindən keçir. Elə buna görə də Kür çayını Azərbaycanın «baş küçəsi» adlandırırlar. Kür Zərdabın bütün ərazisindən axır. Zərdabın 41 yaşayış məntəqəsindən 22-si onun sahilində yerləşir. Çayın ən dolu, su bolluğu olan hissəsi məhz Azərbaycandadır. Kürün ən sakit, lal axarı Şirvan düzündə, Mərkəzi Aranda, o cümlədən Zərdab ərazisindədir. Baxmayaraq ki, onun bəzən «dəliliyi tutanda» elə Aranda da az fəlakətlər törətmir. Bu səbəbdən çox hallarda ona «Dəli Kür» də deyirlər.

Kür çayı, onun bol suları Azərbaycan üçün, xüsusilə Mərkəzi Aranda yerləşən əhali üçün, həm də yalnız əhali üçün deyil, bu yerlərin təbiəti, flora və faunası üçün Allahın bəxşişi, hədiyyəsidir. Onun lacivərd suları təkcə əkin-biçin üçün əvəzsiz həyat mənbəyi deyil, həm də gözəllik, sağlamlıq çeşməsidir. Kürkənarı Tuqay meşələri yaxşı istirahət, sağlam həyat mənbəyidir. Bu meşələrdəki quşların nəğməsi, yayda günəş «ağzından od tökəndə» salxım söyüdlərin, qarağac, qovaq, palıd ağaclarının sərin kölgəsi ruhun dincəlməsi, insanların istirahəti üçün əvəzsiz nemətdir.

Hələ qədim zamanlarda varlı-hallı adamlar, ixtiyar və imtiyaz sahibləri Kürün sahilinə dincəlməyə və ov etməyə gələr, yay aylarını burada keçirərmişlər. Bir vaxtlar Qarabağ hakimi İbrahim xan da öz dəstəsi ilə Kür qırağına səyahət etmiş, orada uzun müddət qalmışdır. Rəvayətə görə, yerli əhali Xanın dəstəsi üçün azuqə hazırlamaqdan çətinlik çəkərək, kömək üçün M. P. Vaqifə müraciət etmişlər. İbrahim xanın eşik ağası – vəziri olan M. P. Vaqif «Kür qırağının əcəb seyrəngahı var»… qoşmasını məhz burda yazıb, xanəndəyə oxutdurmuş, Xan Vaqifin arzusunu başa düşərək Şuşaya qayıtmaq əmri vermişdir.

Qeyd edək ki, Xanın öz dəstəsi ilə istirahət etdiyi həmin məkanın təxminən Yastıyol və Qoruqbağı əraziləri olduğu güman edilir. Qoruqbağının keçmişdə zərdablıların əkin və bağ yeri – «qoruq» olması da məlumdur ki, bu da İbrahım xanın oraya istirahət və ov üçün səfər etməsinin mümkünlüyünü söyləməyə əsas verir.

M. P. Vaqif həmin şerində yazır:

Qış günü qışlağı Qıraqbasanın,

Gözüdür Aranın, cümlə-cahanın,

Belə gözəl yerin, gözəl məkanın

Bir gözəl obası hayıf ki, yoxdur?

Şair hələ o vaxt Kür qırağını nəinki Aranın, hətta « Cümlə-cahanın» gözü adlandırmışdır. Bu, yerində deyilmiş tərifdir və Kür qırağı, doğrudan da, çox səfalı, ab-havalı bir məkan idi.

Kürün sahilləri zaman-zaman məşhur ov həvəskarlarını da özünə cəlb etmişdir. Ta qədimdən burada xanlar, bəylər ov səyahətinə çıxmış, qırqovul, turac, qızıl qaz, yaşılbaş ördək ovlamışlar. Sovet dönəmində Rusiyadan- Moskvadan Zərdaba məxsusi qaban (çöl donuzu) ovlamaq üçün yüksək çinli zabitlər – marşallar, generallar gəlmişlər. Təəssüf ki, indi o ov quşlarının və ov heyvanlarının nəsli kəsilməkdədir.

Yaşlı zərdablılar dahi şairimiz S. Vurğunun Zərdaba gəlib Kür çayı sahillərində ov etməsini şirin xatirə kimi danışırlar. Deyirlər ki, şair qoşalüləsi çiynində Kür çayı sahillərində ov edərkən, hamının Şıx Ağasəf deyə çağırdığı, ikinci dünya müharibəsinin ehtiyatda olan qvardiya kapitanı Ağasəf Əliyevlə rastlaşmış, Kürü Zərdabın cənub qurtaracağındakı bərədən keçərək, sağ sahildə ov etmiş, ayrılarkən qoşalülə ov tüfəngini orada olan çobana bağışlamışdı.

Kür zərdablılar üçün təkcə gözəllik və seyrangah, ov məsgəni deyil, həm də qida, ərzaq boxçası idi. İkinci dünya müharibəsi (1938-1945) illərində bir çox zərdablını aclığın yaratdığı ölümün pəncəsindən Kür sularının və onun kənarındakı meşələrin nemətləri almışdır. Kür çayı daşqınlarının yaratdığı axmazlardakı «yer fındığı», çayın özündə və digər sututarlardakı cürbəcür balıqlar əsas qida məhsuluna çevrilmişdi. Şahidlərin dediklərinə görə, o illərdə balıq həddindən çox imiş. Elə bil Böyük Yaradan balığı bu məzlum insanları xilas etmək üçün göndərmişdi. Bir ağıda deyildiyi kimi:

Əzizim naçar ağlama,

Gündür, keçər ağlama.

Qapını bağlayan fələk

Bir gün açar, ağlama.

Mirağa Bağırov