Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə həmvətənlərimizi, rayon sakinlərini təbrik edib. www.zerdab.com saytı təbrikin rayonumuza aid olan hissələrini təqdim edir: “Əziz həmvətənlər! Hörmətli rayon sakinləri! Sizi və Sizin şəxsinizdə bütün zərdablıları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy 2013-cü il hər birinizə möhkəm can sağlığı, xoşbəxtlik, səadət, bütün ailələrə bol ruzi və bərəkət bəxş etsin.
Bu günlər bizim üçün milli birliyimizin rəmzinə çevrilmiş Dünya Azərbaycanlılarının həmrəylik günü ilə də əlamətdardır. Bu bayramın qeyd olunması ümummilli lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, 50 milyonluq azərbaycanlının mənəvi bütövlüyünü, dil, əqidə və əməl birliyini təsdiqləyən bir tarixdir.
Bu bayram münasibətilə də mən Sizlərə yenilməz birlik, daha çox həmrəylik arzulayıram.
2012-ci il Zərdabi yurdunun da tarixində çox böyük əhəmiyyətə malik bir il olmuşdur. Zərdab öz inkişafının yeni mərhələsində inamla irəliləyir, yeni-yeni uğurlara imza atır. Bu il bizim hamımız üçün ən əlamətdar hadisə oktyabrın 7-də dövlətimizin başçısı cənab İlham Əliyevin yenidən rayonumuza tarixi səfəri olmuşdur. Cənab Prezidentin həmin gün rayon ictimaiyyəti ilə səmimi görüşü, Heydər Əliyev Mərkəzinin, YAP rayon təşkilatının, Gənclər Mərkəzinin binalarının, Küllülü-Zərdab su kəmərinin açılışında iştirak etməsi, Veteranlar evi ilə tanış olması, səfərdən sonra rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə əlavə tədbirlər haqqında sərəncam imzalaması və rayonda tikinti-quruculuq işlərinin genişləndirilməsi məqsədilə 2 milyon manat vəsait ayırması zərdablıları ürəkdən sevindirmiş və daha əzmlə işləməyə ruhlandırmışdır.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına rayonda tikinti-quruculuq işləri bu gün də eyni ahənglə davam etdirilir.
Tarixə çevrilməkdə olan 2012-ci ildə ölkə Prezidenti tərəfindən Zərdab və zərdablılarla bağlı 9 sərəncam imzalanması və həmyerlimiz Həsən Bəy Zərdabinin 170 illik yubileyinin həm respublikamızda, həm də rayonumuzda Prezident Administrasiyasının məsul işçilərinin, çoxsaylı mətbuat və kütləvi informasiya vasitələri işçilərinin iştirakı ilə təntənəli qeyd olunması hər bir zərdablının qəlbini fərəh hissi ilə doldurmuşdur.
Cənab Prezidentin bir sərəncamı da məhkumların əhv olunması ilə bağlıdır və həmin siyahıda da 1 nəfər zərdablının adı var. (Babazadə Orxan Aruz oğlu)
Bu ilin dekabr ayında 1 nəfər həmyerlimiz – Qoruqbağı kənd sakini, “Zerdab.com” saytının rəhbəri, jurnalist Nicat İsmayılov Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər arasında keçirdiyi müsabiqənin qalibi olub.
2012-ci ildə rayonumuzda geniş tikinti quruculuq işlərinin aparılması, sosial, istehsal xarakterli obyektlərin tikintisinin genişləndirilməsi, respublikanın tanınmış elm və incəsənət xadimlərinin ictimaiyyət nümayəndələri ilə görüşləri də rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanmışdır.
2008-2012-ci illər ərzində rayon üzrə bütövlükdə 300-dən çox obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.
Son dövrlərdə yenidən qurulan və tikilib istifadəyə verilən obyektlər, Heydər Əliyev parkındakı yenidənqurma işləri müasir tipli elektrik dirəkləri, küçələrə və yollara vurulan yeni asfalt örtüklər və digər tikinti, abadlıq işləri şəhərimizə xüsusi gözəllik vermişdir.
Ölkə Prezidentinin sərəncamı ilə 8 kəndi və 10 minə yaxın əhalini birləşdirən 47 km uzunluğunda Zərdab Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün ilkin mərhələdə 5,4 milyon manat vəsait ayrılması və artıq 12,0 km yolun yüksək keyfiyyətlə tikilməsi təkcə həmin kəndlərin yox, bütün rayon sakinləri tərəfindən dərin razılıqla qarşılanmışdır.
Dövlətimizin başçısının tapşırığına əsasən rayonda su və kanalizasiya xəttinin, kəndlərimizə qaz xəttinin çəkilişi uğurla davam etdirilir. Artıq 600-ə yaxın ailə təmiz, içməli bulaq suyundan istifadə edir.
2008-2012-ci illər ərzində təhsil, səhiyyə və mədəniyyət sahəsində də uğurlu nəticələr əldə olunmuşdur. 2007-ci ildə ali məktəbə cəmi 47 nəfər məzun qəbul olunmuşdursa, 2012-ci ildə bu rəqəm 102 olmuşdur. 600-dən çox bal toplayanların sayı xeyli artmış, 1 nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür. Son 5 ildə 13 yeni məktəb binası tikilmiş, 4 məktəbin istilik sistemi bərpa olunmuş, 5 məktəb, 2 uşaq bağçası əsaslı təmir edilmişdir. Hazırda 3 yeni məktəb binasının tikintisi davam etdirilir,
Fürsətdən istifadə edib rayonumuzda məktəb binalarının və uşaq bağçalarının tikintisinə və təmirinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya bütün zərdablıların səmimi minnətdarlıqlarını və ən xoş arzularını çatdırıram.
Əldə olunan bu uğurlarımıza görə isə ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə səmimi təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
2012-ci ildə rayonda mədəni-kütləvi tədbirlərin kütləviliyinin və rəngarəngliyinin artırılması da diqqət mərkəzində olmuşdur ki, bu da insanlarımız tərəfindən sevinclə qarşılanmışdır.
Son illərdə rayonda 15 nəfər Qarabağ əlilinə, 15 nəfər Böyük Vətən Müharibəsi əlilinə pulsuz minik maşınları verilmişdir.
Bu gün cəmiyyət sürətlə inkişaf edir. Xalqın rifahının daha da yaxşılaşdırılması, sosial problemlərin daha sürətlə həll olunması istiqamətində işlərimiz çoxdur. Bunun üçün hər birimizdən şəxsi məsuliyyət, yüksək intizam, gərgin və səmərəli iş tələb olunur.
Gələn il bir neçə əlavə məktəb binasının, həmçinin Statistika İdarəsi üçün inzibati binanın tikilməsi nəzərdə tutulur.
Mən əminəm ki, hər bir zərdablı, mənim həmyerlilərim gələcəyə nikbinliklə baxır və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, 2013-cü ildə hər kəs öz imkanlarından daha məqsədyönlü, daha səmərəli istifadə edəcəkdir.
Əziz zərdablılar bir daha Sizi qarşıdan gələn bayramlar münasibətilə ürəkdən təbrik edirəm, Sizə can sağlığı, xoşbəxtlik, ailə səadəti və yeni ildə daha böyük uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!”.