Hamımızın fəxri – Kərəm Kürqıraxlı – VİDEO

3
78

KƏRƏM KÜRQIRAXLIKərəm Kürqıraxlını mən daha öncələrdən tanımışam – hələ ötən əsrin 70-80-ci illərindən. Onda Azərbaycan Dövlət radiosunun məşhur “Bulaq” verilişinin redaktoruydum və Zərdabın Otmanoba kəndində Kərəm Müslümov adında (Kürqıraxlı ləqəbini sonradan götürüb) bir şairin varlığından redaksiyamıza gələn dinləyici məktublarından xəbər tutmuşduq. Sonralar şeirləri ilə də tanış olduq. Yenə də dinləyicilərin sayəsində. Təbii ki, o şeirləri səsləndirir, həm də özünü görmək, dilləndirib səsini eşitmək istəyirdik. Axı, radio həm də səs deməkdir. Sonra özünü də gördük, çıxışını lentə aldıq, öz səsiylə şeirlərini yaydıq. Və gördük ki, Kərəm bütün varlığı ilə, yəni görünüşü, boy-buxunu, xasiyyəti, sadəliyi, səmimiyyəti ilə şeirlərinə oxşayır. İsnişdik və bir növ o bizim ştatdankənar müxbirimiz oldu. Əlbəttə, şeir üzrə. Bundan sonra o özü yaşadığı doğma kəndindən tez-tez şeirlərini göndərməyə başladı. “Bulağ”ın əvəzsiz ifaçısı Səməndər Rzayev onun şeirlərini xüsusi şövqlə oxuyardı. Deyərdi ki, biz tərəfin adamıdı, yazısından yulğun kollarının ətri gəlir. Bizimlə tanışlığından sonra Kərəm elə bil ki, daha çox, daha sürəkli şeirlər yazmağa başlamışdı. Bəlkə də həyatında ilk dəfə rast gəldiyi bu təmənnasız iltifatımız onun ilhamına qanad taxmışdı. Bəli, Kərəm qələmə, yaradıcılığa daha möhkəm inamla sarılmışdı. Günü-gündən Kərəm Kürqıraxlı adında bir el şairinin sözü-söhbəti daha uzaqlara yayılır, el şənliklərindən, toy mağarlarından qoşmaları, təcnisləri aşıqlar, xanəndələr dilindən pərvazlanırdı.

Kərəm Kürqıraxlını bu balaca, heyrətamiz dərəcədə unikal məmləkətimizdə, adları dillər əzbəri olmuş, düzüb-qoşduqları nəyə görəsə yüzlərlə, minlərlə yazarların yazılarından seçilən Məzahir Daşqın, Alqayıt, Bəhmən Vətənoğlu, Sücayət, Əli Qurbanov, Məmməd Aslan, elə Zəlimxan Yaqub kimi el şairləri səfinə aid etmək olar. O da adları sadalanan sənətkarlar misallı sözü təmiz deyir, bəzək-düzəksiz, kəsəsinə deyir. Bir də sərt, boz, nəştər kimi iti. Və görünür tükü tükdən seçməyi bacaran xalqımız da məhz bu üslubu, bu tərzi ta əzəldən qəlbinə, ruhuna, milli boyuna tən bilib. Onun üçün Füzuli babamız, Vaqif, Dədə Ələsgər, Aşıq Alı, Aşıq Şəmşir dillərin təkindən düşmür, Əli Kərim demişkən zamana yanıqlar veribən gələcəyə doğru addımlayırlar.

Qoşma Kərəm Kürqıraxlıda daha uğurlu alınır, odur ki, ən çox yayılan da onun qoşmalarıdır. O, bu üç-dörd bəndlik şeirlərində el-camaatın ən ümdə arzularından, dərd-sərindən, problemlərindən ustalıqla söz açır. Onu daha çox əhatəsində yaşadığı bəzi insanların xislətindəki naqisliklər, deformasiyalar, çatlar narahat edir. Kərəm dost etibarsızlığına yanıb-yaxılır, unutqanlığa dözmür, milli dəyərlərin ayaqlar altında tapdanmasına darılır, rüşvətxorluq mərəzinə qarşı üsyan edir, kişilərə vicdanlı, qadınlara ləyaqətli olmağı tövsiyyə edir. Və bütün məqamlarda Kərəmi biz bir ağsaqqal, dünyanı görüb dərk etmiş müdrik qismində görürük. Bu mövzularda qələmə aldığı şeirlər insanların ürəyindən xəbər verdiyinə görə tez də qavranılır, yaddaşlara hopur, məclislərdə ağızdan-ağıza dolaşır.

Kərəmin yaradıcılığını sərf-nəzər eləyəndə şairin boy artımı mənasında bir elə dəyişiklik hiss olunmur. Yəni Kərəm 70-80-ci illərdə, hələ yeniyetmə, gənc ikən nə yazıbsa, hansı templə, hansı vüsətlə yazıbsa bu gün də elə yazır. Bəlkə də bəziləri indicə dilimə gətirəcəyim müqayisəni yersiz sayacaq, amma vallah-billah, istər Füzulimizin, istər Vaqifimizin, istərsə də Dədə Ələsgərimizin yaradıcılığını da izləyəndə bu halın şahidi olmaq mümkündür. Yəni onlar da gəncliyində nə sayaq yazıblarsa, ixtiyar çağlarında da o cür yazıblar. Bu, vergi məsələsidir, atam-anam, uca Allahın seçib-sonaladığı bəndələrinə lütfüdür. Zənn edirəm Kərəm Kürqıraxlıya da həmin lütfdən bir qırıq pay düşüb. Və sovetin bərk gedən dönəmlərində, ölüm-zülümlə olsa da Kərəmin öz səsiylə yazıb efirə ötürdüyümüz bu şeirlərə diqqət kəsilsəniz, o lütfdən işartıları siz də hiss edəcəksiz.

İNDİ

 Vaxtında hörmətlə öldü kişilər

Yoxsa gələrdilər amana indi

El dərdi çəkənlər möhtac olardı

Yetimdən beş manat umana indi.

****

Gördüyün yabılar daha nərdilər

Müqəddəs olanlar böhtan, şərdilər

Atlar arpa yeyib kişnəşərdilər

Yazıqlar həsrətdir samana indi.

****

Ocaqlar qaralıb, közmü qalıbdı?

Ədaləti görən gözmü qalıbdı?

Kişilərdə vəfa, sözmü qalıbdı?

Baxan yox ilqara, imana indi.

****

Düzlüyüm ömrümə şöhrətdi, şandı

Oğul var atanın haqqını dandı

Bəşərə verdiyi nuru yalandı

Günəş həsrət çəkir dumana indi.

****

Könül, düyün vaxtı nə boşal, nə dol

Yerə gül əkmişdin dönüb oldu kol

Yaşaya bilmirsən Kərəm, yaxşı yol

Bax belə dəyişib zəmanə indi.

****

GÖRƏSƏN

 Baxt sınadım, o gün söndü çırağım.

Bu əzaba baxt nə deyir görəsən

Kəmfürsətlər taxta çıxıb şah oldu.

Şah kor oldu, taxt nə deyir görəsən.

****

Başımıza göydən yağan daş oldu.

Gözümüzdən axan qanlı yaş oldu.

Şər xeyirə, xeyir şərə tuş oldu

Bəs bu işə haqq nə deyir görəsən.

****

Başa düşən çıraq kimi əriyir

İçin-için hey ağlayıb kiriyir,

Bu haqsızlıq ayaq tutub yeriyir,

Buna zaman, vaxt nə deyir görəsən.

****

Cib kəsənlər canımıza daraşdı

Rüşvətə bax, görün necə yarışdı

Halal-haram alt-üst oldu, qarışdı

Sinəmdəki ox nə deyir görəsən.

****

Zalımların kəməndinə düşmüşük.

Görə-görə dərd odunda bişmişik.

Kərəm, sağkən cəhənnəmə köçmüşük

Ədalətsiz şah nə deyir görəsən.

****

ALIB GEDİR

 Nə bir qocalmışam, nə qarımışam

İndidən gözümü yaş alıb gedir.

Şeir çəmənzarım çiçək açmamış

Ömür gülşənimi qış alıb gedir.

****

Hikmətli bilməyir nadan hər sözü

Acı yel əsəndə kül örtür közü

Qoca dəyirmandı bu dünya özü

Dolan xəzinələr boşalıb gedir.

****

Yoxdu bir çarəsi istər alış, yan

Hər tərəfdə qırğın, hər tərəfdə qan

Dəllal bazarına dönüb bu dövran

Nadanlar, satqınlar baş alıb gedir.

****

Hanı yeri, göyü satın alanlar

Bürüyüb dünyanı gedir yalanlar

Kəsilir alim tək başı olanlar

Pulun göstərənlər “beş” alıb gedir.

****

Nə qədər etsək də sözü, söhbəti

Kimsə alverindən qalmayır qəti.

Varlının evində qırqovul əti

Yoxsul ordan-burdan leş alıb gedir.

****

Kürqıraxlı Kərəm, fikir ver çağa

Qananlar qul olub, qanmazlar ağa

Bir belə zülümə, bu haqsızlığa

Dinənlər on beş il iş alıb gedir.

İntiqam Mehdizadə

http://www.youtube.com/watch?v=oW18g5Nz57Y

3 ŞƏRH

  1. Allah uzun omur can saqliqi versin uqurlari bol olsun.
    Sen quran dunyani bende daqidir
    Qurduqun yerlere birde bax Allah
    Seni tanimayan alcaq bendeler
    Serxowluq eyleyir pirde,bax Allah
    Urekler meyitdi,sinemiz qebir
    Beden elden getdi qalmadi sebir
    Gor bu ne oyundu ,bize bir se-bir
    Duwmene wew veren nerde baxAllah
    Dozsekde dunyanin her savawina
    Baxan yox gozlerin axan yawina
    Qoyub bir milleti sapanddawina
    Vezife axtaran qurda baxAllah
    Goydeki bulud tek,Kerem dolmuwuq
    Tamam saralmiwiq tamam solmuwuq
    Doqma yurdumuzdan qacqin olmuwuq
    Bir el cekmeyen derde baxAllah

Comments are closed.