Xalq musiqimizin təbliğatçısı, həmyerlimiz Çingiz Abbasov

4
89

 

Çingiz Abbasov
“Çingiz Abbasovun Xan Şuşinski, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova və onlarla digər sənət korifeyləri haqqında çəkdiyi televiziya proqramları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Az.TV-nin qızıl fondunun zənginləşməsində xüsusi xidməti, fədakarlığı var”.

Çingiz Abbasov 1950-ci il yanvarın 24-də Zərdab rayonunda anadan olub. İncəsənət Universitetini bitirib. 1973-cü ildən taleyini Azərbaycan Dövlət Televiziyası (AzTV) ilə bağlayıb. Çingiz müəllimin maraqlı bir fikri var. O, deyir: “Müğənni olsaydım, tək öz həyatımı yaşayacaqdım, amma indi bütün sənət adamlarının həyatını yaşayıram”. Çingiz müəllim bu sözləri təsadüfən deməyib. Bu yazımızda məhz onun həyat və yaradıcılığından bəhs edəcəyik. Qeyd edək ki, həmyerlimiz hazırda AzTV-nin “Musiqi və əyləncəli proqramlar” redaksiyasının redaktorudur.

Yaxınlarının dediyinə görə, Çingiz müəllimin atası Qurban kişinin musiqiyə, incəsənətə xüsusi rəğbəti var imiş. Ölkənin bir çox tanınmış muğam ifaçıları onunla dostluq edib, evinin qonağı olublar. Çingiz Abbasov tələbə ikən Azərbaycan Akademik Milli Dram Teatrına işə düzəlir. Xalq artistləri İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Hamlet Xanızadə, Səməndər Rzayev, Məmmədrza Şeyxzamanov, Həsənağa Turabov və zamanın digər tanınmış aktyorları ilə ünsiyyətdə olmağı onun gələcək həyat yolunda önəmli rol oynayır. Çingiz müəllim bu sənətkarlardan görüb-götürdükləri ilə özü də zamanla onlardan birinə çevrilib…

Aktyor sənətinə, teatr aləminə nə qədər maraq göstərsə də, əsrarəngiz muğam dünyası, xalq mahnılarımız onu özünə daha çox cəlb edib. İncəsənət aləmində Çingiz Abbasovun xüsusi xətir-hörməti var. O, son dərəcə vacib və xeyirxah bir işlə – xalq musiqimizin təbliği ilə məşğuldur. Araya-ərsəyə gətirdiyi verilişlər, düzənlədiyi konsert proqramları muğamatımıza, xalq havalarına hədsiz sevgidən xəbər verir. “Xalq musiqisinin inciləri” rubrikasında vaxtilə lentə aldığı Yaqub Məmmədov, Əbülfət Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev, Arif Babayev, eləcə də onlarla korifey sənətçilərimiz bu rubrikanın qonağı olub, ürəkləri riqqətə gətirən ifalarıyla hamının zövqünü oxşayıblar.

Çingiz AbbasovÇingiz Abbasovun Xan Şuşinski, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova və onlarla digər sənət korifeyləri haqqında çəkdiyi televiziya proqramları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Az.TV-nin qızıl fondunun zənginləşməsində xüsusi xidməti, fədakarlığı var.

Qeyd edək ki, istedadlı həmyerlimizin zəhməti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2006-cı ilin noyabrında ölkə Prezidentinin sərəncamı ilə Çingiz Abbasov Azərbaycan Televiziyası və Radiosunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Yaxın dostları, Azərbaycanın tanınmış sənətkarları yaxşılıqdan, insanlıqdan, dostluqdan söz düşəndə həmyerlimiz Çingiz Abbasovu fərəhlə xatırlayırlar. Onlardan bəzilərinin qəhrəmanımız haqqında fikirlərini oxucularımıza təqdim edirik.

Xalq artisti, professor Arif Babayev:

Xalq musiqisinin təbliği sahəsində Çingizin əməyi danılmazdır. Çox qayğıkeş və səmimi bir insandır. Xalq musiqimizin böyük dayağıdır.

Əməkdar artist Sabir Mirzəyev:

– Xalq musiqisindən söhbət düşən kimi Çingiz Abbasov yada düşür. Çünki xalq musiqisini Çingizsiz təsəvvür etmək qeyri-mümkündür.

Xalq artisti Əlibaba Məmmədov:

O, muğamı, xalq musiqisini, qəzəliyyatı çox gözəl bilir. Redaktor üçün bu çox vacib şərtdir.

Xalq artisti, professor Canəli Əkbərov:

Çingiz Abbasov illər öncə milli musiqimizə, onun qorunmasına necə hörmətlə, ehtiramla yanaşırdısa, bu gün də eyni həvəslə xalqımıza xidmət edir. Çingiz Abbasov AzTV-də musiqiçilərin, mən deyərdim ki, səlahiyyətli səfiridir.

Sənətşünaslıq doktoru, professor İlham Rəhimli:

– Adətən deyirlər hər kəsin ürəyi yumruğu boydadır. Çingizin ürəyinin ölçüsü yoxdur. Çünki o özü təpədən dırnağa ürəkdir.

Millət vəkili Rafael Hüseynov:

Cavid yazıb ki: “Arif odur ki, gülsün içində bahar”. Sənə aiddir bu sözlər. Çünki sən o qədər safsan ki, lap ən sərt qışda da içərin bahar işığıyla doludur!

www.zerdab.com saytı olaraq biz də dəyərli, istedadlı həmyerlimizə uzun ömür, cansağlığı, xoşbəxtlik və işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

www.zerdab.com

 Qeyd: Yazının hazırlanmasında “Xalq” və “Ayna” qəzetindəki materiallardan da istifadə olunub.

4 ŞƏRH

  1. Salam Cingiz.Men Ezime ,gonshun,Xaspolad müellimin gizi.Uzun illerden sonra senin hakkinda eshitmek mene cox xosh oldu.Men 21 ildir ki Almaniyad yashayiram.Eger bu yazimi oxusan mütleg menimle elage saxla.Hörmetle Ezime

  2. Musiqi sahəsindəki xidmətlərinə görə Çingiz müəllimə minnətdarıq.

Comments are closed.