Zərdabda veteranlar və ağsaqqallarla görüş keçirildi-fotolar

0
71

Zerdab-rayonuZərdab Rayon İcra Hakimiyyətində ağsaqqalların və veteranların nümayəndələri ilə 2012-ci il ərzində rayonun ictimai-siyasi və sosial-iqtisadi sahəsində görülən işlər və 2013-cü ildə qarşıda duran vəzifələr barədə icra başçısının hesabat məruzəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, görüşdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev öncə respublikada və rayonda 2012-ci il ərzində görülən işlər barədə görüş iştirakçılarını məlumatlandırıb. Başçının hesabat məruzəsindən konkret faktlar gətirilərək qeyd olunub ki, 2012-ci ildə rayonda Ümumi Daxili Məhsul istehsalı 98 milyon 246 min manat təşkil edib. Bunun 43,4 faizi kənd təsərrüfatının, 37,3 faizi tikintinin payına düşür. İl ərzində tikinti-quruculuq işlərinə ayrılmış investisiyanın həcmi 36,2 milyon manat olub ki, bu da əvvəlki ildəkindən 8,5 faiz çoxdur.

İcra başçısı digər sahələrdə də baş verən əsaslı dəyişikliklər barədə də görüş iştirakçılarına ətraflı məlumat verib. Rayon rəhbəri ötən ilin ən əlamətdar gününün 7 oktyabr tarixi olduğunu razılıq və minnətdarlıq hissi ilə qeyd edib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zərdaba səfər edib, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, su bulağının, YAP rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı Heydər Əliyev parkı və Veteranlar evi ilə tanış olub, rayon ictimaiyyətinin, o cümlədən ağsaqqalların nümayəndələri ilə görüşüb.

İcra başçısı Zərdaba və zərdablılara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını və səmimi təşəkkürlərini bildirib.

İcra Hakimiyyətinin başçısı 2013-cü ildə görüləcək işlər və Dövlət başçısının müvafiq sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına hazırda aparılan işlər barədə də ətraflı məlumat verib.

Veteranların və ağsaqqalların nümayəndələri çıxış edərək bütövlükdə 2012-ci ildə rayonda aparılan tikinti-abadlıq işlərindən, insanları narahat edən sosial problemlərin uğurla həll edilməsindən danışıb, rayonun kəndlərinə qaz xəttinin çəkilişini, şəhərdə su və kanalizasiya xəttinin tikintisini, kənd yollarının və şəhərdaxili yolların asfaltlanmasını, küçələrə yeni elektrik dirəklərinin quraşdırılmasını, kommunal binaların dam örtüyünün təzələnməsini, məktəb tikintilərini, yeni qəsəbənin salınmasını xüsusi vurğulanıb və bir daha dövlət başçısına minnətdarlıq ediblər. Rayonda keçən il Veteranlar evinin istifadəyə verilməsini onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Veteranlar çıxışlarında görülməsi vacib olan məsələləri də diqqətə çatdırıblar.

Yayılan məlumatda o da qeyd olunur ki, görüşdə Azərbaycan dövlətçiliyinə zərbə vurmaq istəyən müxalifət meylli bir qrup insanların qeyri-qanuni hərəkətləri qətiyyətlə pislənilib. Veteranlar və ağsaqqallar bir daha şəhid vermək, çörək növbəsinə dayanmaq istəmədiklərini, sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini bildiriblər. Həmçinin çıxış edən ziyalı ağsaqqallar erməni dəyirmanına su tökən Əkrəm Əylislinin Azərbaycana ləkə olduğunu, onun və digər onun kimilərin gündən-günə çiçəklənən doğma vətənimizdə yaşamağa mənəvi haqları olmadıqlarını vurğulayıblar.

Yayılan xəbərə görə, veteranlar 2013-cü ildə Ulu Öndərin 90 illik yubiley tədbirlərində və bu il ölkəmizdə keçiriləcək növbəti Prezident seçkilərində fəal iştirak edəcəklərini bəyan edilər.

Görüşə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev dəyərli fikir və təkliflərə görə ağsaqqallara minnətdarlıq edib, onların arzu və təkliflərinin nəzərə alınacağını bildirib.

Zerdab-rayonu

Zerdab-rayonu3

Zerdab-rayonu