Zərdabda səhiyyənin təşkili və ilk həkimlərimiz – araşdırma

0
42
Mirağa Bağırov
Mirağa Bağırov

1935-ci il fevralın 5-də Zərdab rayon statusu alandan sonra – 1935-ci il fevralın 17-də Ağa İsayevin imzaladığı 1 saylı əmrdə yazılıb: «Zərdaba gəldim, bu gündən rayon səhiyyə inspeksiyasının (müfəttişliyinin) və ambulatoriyasının müdiri kimi fəaliyyətə başladım.” Ağa İsayevin 2 saylı əmri ilə Salman Qədirov Bıçaqçı kənd sovetliyinin həkim məntəqəsinə feldşer, Marusya Lavrova tibb bacısı, 4 saylı əmrlə Salman Əliyev aylıq əmək haqqı 180 manat olmaqla biofiaktor, Cabbar Abdullayev Zərdab malyariya dispanserinin müdiri, eyni zamanda bütöv maaşı saxlanmaqla ikinci həkim təyin edilmişlər. Həmin əmrlə Nusya Romanenko tibb bacısı, Paşa Şatkova kiçik tibb işçisi, Firuzə Əliyeva mamaça vəzifəsini tutmuşlar. Az sonra Anna Molçanova tibb bacısı, Kərim Qafarov sanitar benetiqator, Paşa Xarçenko kiçik tibb işçisi təyin edilmişlər.

1935-ci il aprelin 1-də Əlvənd kənd sovetliyində tibb məntəqəsi təşkil edilmiş, Karmuşko məntəqənin müdiri olmuşdur. Polad Mehdiyev Zərdab rayon səhiyyə inspeksiyasının katibi təyin edilmişdir. P. Mehdiyev az sonra Zərdab rayon partiya komitəsində işə qəbul edildiyi üçün vəzifədən azad olunmuşdur. Həmin il aprelin 20-də Çallı kənd sovetliyində tibb məntəqəsi təşkil edilmiş, P. Qorbunov məntəqənin müdiri təyin edilmişdir.

Səhiyyənin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Səhiyyə Xalq Komissarlığı təcrübəli həkimləri, tibb institutu tələbələrini rayona ezamiyyəyə göndərir, rayonda çalışan tibb işçilərinə əməli köməklik göstərirdi. 25.07.1936-cı ildə imzalanmış 25 saylı əmrdə yazılmışdır: ATİ-nin 6-cı semestr tələbəsi Cərullazadə ayda 200 rubl əmək haqqı və Bakıya gediş haqqının faktiki dəyəri ödənilməklə Zərdab rayonu üzrə sanitar agenti təyin edilir.

29.07.1936-cı ildə imzalanmış 25 saylı əmrdə isə belə yazılmışdır: Səhiyyə Xalq Komissarlığının göndərişi ilə ATİ-nin tələbəsi Hacıyev Yusif malyariyaya qarşı mübarizə tədbirləri həyata keçirmək üçün aylıq əmək haqqı 200 manat olmaqla Çallı sovetliyinə göndərilir.

1935-1937-ci illərdə (mart ayınadək) rayon səhiyyə müfəttişliyi (inspeksiyası) adı ilə tanınan tibb sahəsi 1937-ci ilin martından səhiyyə şöbəsi adlanmışdır. 1937-ci ilin mayınadək əmrlər rus dilində kiril qrafikası ilə, həmin tarixdən Azərbaycan dilində latın qrafikası ilə yazılmışdır.

Bu yazıda Zərdabda səhiyyənin təşkilinə qısa nəzər saldıq. 1937-ci ildən sonra Zərdab səhiyyəsinə İrşad Əliyev, İsam Abdullayev, Qüdrət Əlihüseynov, Adilə Hacıyeva, Kamil Sadıqov, Gülməmməd Əliyev, Qüdrət İbrahimov, Qarakişi Fətiyev, tibb elmləri namizədi Tacı Qocayev, Aydın Azayev, Muradxan İsmiyev, Kamil Məmmədov, Aqşin İsmayılov rəhbərlik etmişlər. Hazırda bu vəzifədə Füzuli Abdullayev çalışır. 1935-1942-ci illərdə səhiyyə şöbəsinin müdirini Həmid Abbasov, Qəmər Salmanova və qeyriləri müvəqqəti əvəz etmişlər.

Səhiyyəmizin təşkilində, inkişafında, əhalinin sağlamlığının qorunmasında xidməti olan bütün insanları – rəhbər işçiləri də, sıraviləri də minnətdarlıqla xatırlayaraq dünyasını dəyişənlərə rəhmət, fəaliyyətdə olanlara uğur diləyirik.