Əlvənd kəndi ilə bağlı www.zerdab.com saytında yayımlanan məqalə böyük marağa səbəb olub. Qeyd edək ki, həmin yazıdan sonra Zərdab rayonunun Əlvənd kəndindən olan ziyalılar buraya qəsəbə statusu verilməsi təşəbbüsü ilə çıxış ediblər. Hələ ki, bununla bağlı hər hansı rəsmi mövqe açıqlanmayıb. Ümid edək ki, Əlvənd ziyalılarının, əlvəndlilərin adından irəli sürülən bu təşəbbüsə rəsmi mövqe bildirənlər olacaq.
Bu yazımızda Əlvənd kəndi ilə bağlı digər maraqlı faktlara da toxunmağa çalışacağıq.
Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşıb. Ağqoyunlu hökmdarı uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınmış Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat edib) Zərdabın Əlvənd kəndindən olduğu ehtimal edilir.
Bir daha qeyd edək ki, Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən “Dəvəçökəyi” adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilib. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılıb. Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.
Əlvəndin yaşlı sakinləri kəndin bir məhəlləsini bu yaxınlara qədər Biləqanlı adlandırırdılar. Mütəxəssislər bunu XIII əsrdə monqolların məhv etdiyi qədim Beyləqan (xarabalıqları Mil düzündədir, Örənqala adlanır) şəhərindən köçüb gələnlərin nəsilləri hesab edirlər.
XVIII əsrə aid sənədlərdə Əlvənddən ipəkçilikdə, ticarət və gəmiçilikdə müəyyən rolu olan yer kimi danışılır. Mənbələrdə yazılır ki, həmin vaxtlar burada ipək emalı müəssisəsi, gəmi dayanacağı, çoxlu karvansara, ticarət binaları, Qarabağa gediş-gəliş üçün bərə vardı. Əlvənd bazarına uzaq-uzaq yerlərdən alış-veriş etməyə gələrdilər. Bu yerlərin kənd təsərrüfatı məhsulları Əlvənddə toplanar və gəmilərlə uzaqlara daşınırdı. İndi də Qarabağ ərazisində “Əlvənd yolu” deyilən qədim bir yol var.
Həsən bəy Zərdabi 1893-cü ildə yazırdı ki, XIX əsrin 60-cı illərində Moskvada yaşayan Şamaxı sakinləri Qədir ağa və Hacı Abdulrəhman qardaşları hər biri yüz vedrəyə qədər su tutan 30-a yaxın çuqun qazan alıb gətirib onları Əlvənd kəndində qurdurublar və biyan kökü şirəsi istehsal etməyə başlayıblar. Sonralar bir nəfər alman Ucar yaxınlığındakı Qarabörk kəndində biyan kökü şirəsi hazırlamağa başlayır. Təbii çoxalan biyan Zərdabın demək olar bütün sututar ərazisində yetişirdi. Əvvəllər biyandan ancaq mal-qara üçün qaba yem kimi, oduncağından isə ocaqda yandırmaq üçün istifadə edirdilər. Biyan kökü şəkər istehsalı üçün əvəzsiz xammal kimi kəşf edildikdən sonra onun sənayedə istifadə olunması zərurəti meydana çıxdı və biyan kökü tədarük etmək zərdablılar üçün yeni bir fəaliyyət növünə çevrildi. Kür çayı boyunca yabanı halda yetişən biyanın şöhrəti sonralar dünyanın bir çox ölkələrinə yayılmışdı. Kür vadisindəki biyan kökü və ondan alınan şirə Avropaya, Amerikaya yollanırdı. Qeyd edək ki, bu zavodlarda emal edilən biyan kökünün tədarükçüləri arasında zərdablılar çox idi. Dəmiryolu yükün daşınması üçün yaxşı imkan yaratdığı üçün zavodlar əsasən dəmiryol stansiyaları yaxınlığında tikilirdi. Məhsul isə zavodların yaxınlığındakı qonşu rayonlardan daşınırdı.
1887-ci ilə aid bir sənəddə Əlvənd adının yanında “Böyük kənd” sözü də yazılıb.
Əlvəndə bir zamanlar Kürdəmirin Sovla kəndindən də köçüb gəliblər. XX yüzilliyin 40-cı illərində isə Ermənistanın Abaran rayonunun Kirəşli kəndindən zorla çıxarılan 35 azərbaycanlı ailəsi Əlvəndə deportasiya edilib.
İkinci dünya müharibəsi zamanı – 1941-ci il avqust ayının 25-də alman təyyarəsi Əlvənd üzərində uçub və bu kəndə bomba atıb. Həmin yandırıcı bomba taxıl zəmisinə düşüb, amma xoşbəxtlikdən partlamayıb. Qeyd edək ki, həmin bomba zərərsizləşdirilib və bu gün də Zərdab Rayon Tarix Diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.
www.zerdab.com
Çox maraqlı tarixi araşdırmadı.Ugurlar Sizə.
Comments are closed.