Qadına ən böyük hədiyyə sevgi, hörmət və diqqətdir + VİDEO

5
102

8 mart8 mart – Beynəlxalq Qadınlar Günü… Bu bayram bir çoxları üçün adi gün, bəziləri üçün isə “sınaq dövrü”dür. Yarızarafat-yarıciddi bu günü “kişilərin qara bayramı” adlandıranlar da var. Amma unutmayaq ki, qadın, ilk növbədə, anadır. Qadınlar bayramında hər kəs öz imkanına görə, yaxınlarına hədiyyə alır və zənnimizcə, bu, çox normal haldır.

Hədiyyənin bahalısı, ucuzu olmaz. Səmimi, ürəkdən, sevgi ilə verilən kiçik bir hədiyyə, göstərişlə verilən bahalıdan qat-qat dəyərli və qiymətlidir.

Qadın ana, bacı, həyat yoldaşı, həm də gözəllikdir. Uca dinimizə görə, cənnət anaların ayaqları altındadır.  Demək, insan ananı həmişə uca tutmalı, sevgisini, rəğbətini qazanmalıdır. Yenə dinimizdə buyurulur ki, Allah-Təalanın insanlara rəğbəti valideynin rəğbəti ilədir. Yəni anaların duası bizə cənnəti qazandırar. Ana sevgisini pasport kimi rəsmiləşdirmək, ilin bircə gününə sığışdırmaq, ilk növbədə, ana adına hörmətsizlikdir. İlin bir günü yox, bütün günləri onun bayramı olmalıdır. Bu, bacılara da aiddir, həyat yoldaşlarına da, digər xanımlara da.

Qadın elə bir varlıqdır ki, o, təkcə 8 Martda yox, hər gün, hər saat, hər an diqqətə, hörmətə, sevgiyə layiqdir. Təəssüf ki, günümüzdə bir çoxları bunu başa düşmürlər. Elə boşanmaların sayının artmasının bir səbəbi də məhz budur. Qadın, ilk növbədə, hörmət tələb edir. Ailədə də, işdə də, cəmiyyətdə də. Bəs həyat yoldaşına hörmət etmək nə deməkdir? Əgər istəyirsinizsə, məsələyə bu sualın cavabından başlayaq…

Bir çox ailələrdə hörmət məfhumunu düzgün başa düşmürlər. Məsələn, bəziləri hörməti həyat yoldaşı üçün “hər şeyə hazır olmaq” kimi qəbul edirlər. Bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Hörmət hər iki tərəfə aiddir.

“Ailəm” jurnalının redaktoru Aydın Ucal deyir ki, hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır. Danışarkən hörmət, dinləyərkən hörmət, münasibətdə hörmət, ünsiyyətdə hörmət və s. “Hər şeydən əvvəl, hər hansı bir hadisə qarşısında özümüzü həyat yoldaşımızın yerinə qoyub, o şəkildə reaksiya verməliyik. Yəni həyat yoldaşımızla impatiya qurmalıyıq. Danışarkən səs tonumuzu, vurğularımızı seçməli, hər sözümüzə həssaslıqla yanaşmalıyıq. Danışmağı öyrəndiyimiz kimi, dinləməyi də öyrənməliyik. Həyat yoldaşımıza özünü ifadə etmək üçün imkan verməliyik. Vaxtından əvvəl hökm verməyə çalışmamalıyıq. Xüsusilə, cəmiyyət içərisində mübahisə etməməyə və həyat yoldaşımızı ittiham etməməyə diqqət yetirməliyik. Problemlərimizi təkbətək və qarşılıqlı hörmət çərçivəsində həll etməliyik. Təhqirə yol verməməliyik. Həyat yoldaşımıza hörmət etdiyimiz kimi, onun dəyər verdiyi şeylərə də (məsələn, ailəsi) hörmət etməliyik”,-deyə Aydın Ucal bildirdi.

“Həyatın mənası maddiyyatda deyil”

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Mələk Kərimova bizimlə söhbətində sualımızı həm xanım, həm də bir psixoloq kimi cavablandırdı. Mələk xanım dedi ki, qadınlar hər şeydən öncə diqqəti xoşlayırlar. Bu baxımdan 8 Mart ildə bir dəfə də olsa, xanımlarımız üçün diqqət günüdür: “8 mart simvolik olaraq seçilib və bu, xanımlarımıza “sən il boyu dəyərlisən” mesajı kimi qəbul olunur”.

Psixoloqun dediyinə görə, hədiyyənin böyüyü, kiçiyi olmaz. Hər şey onu necə təqdim etməkdən asılıdır: “Bahalı bir hədiyyəni elə təqdim edərsən ki, onun heç bir dəyəri olmaz. Hədiyyəni təqdim edərkən göstərilən münasibətdən də çox şey asılıdır. Kişilər bu məqama xüsusi diqqət verməlidirlər”.

Mələk xanımın sözlərinə görə, kişilər hədiyyə almağa “hamı alır, mən də alım” düşüncəsi ilə yanaşmamalıdırlar: “Hədiyyəni təqdim edərkən xoş söz söyləmək, səmimi duyğuları ifadə etmək lazımdır. “Nə yaxşı ki, həyatımda varsan” kimi xoş sözlər bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, müsahibimiz özü də hədiyyə umduğunu söylədi. Dediyinə görə, artıq təbriklər almağa başlayıb.

Lakin günümüzdə elə insanlar da var ki, onların yanaşmasına görə, hədiyyə dediyimiz şey mütləq bahalı olmalıdır. Hətta bir çoxları bahalı olmayan hədiyyəni özləri üçün təhqir kimi qəbul edirlər. Psixoloq Mələk Kərimova bu cür düşünənlərə belə cavab verdi: “Həyatın mənası maddiyyatda deyil. Sevdiyimiz insanın yanımızda olmağı, sağlığı bizim üçün nəyə desəniz dəyər. İnsan itirdikdən sonra qədrini bilməməlidir. Əşya qırıla, itə bilər. Amma münasibətlərin itməsi, qırılması çox təhlükəlidir. Əsas olan xoş münasibət, sevgi, hörmət və diqqətdir”.

Nicat İntiqam

5 ŞƏRH

  1. Cox gozel hediyyedi
    Allah butun qadinlara her an onlarin ehtiyaci olan diqqeti sevgini nesib elesin.
    Men butun qadinlarimiza Analiq zirvesine ucalmaqi arzu edirem
    Doqurdanda heyatda bundan gozel hediyye ola bilmez .

  2. Sag ol, dayioglu.Bu cur semimi meqale,videocarx eladir.Men de oz novbemde anani,xanimini,gul balalarini bir sozle deyer verib sevdiyin butun xanim qohum ve tanislarini,Xarkov seherinde yasayan hemyerlilerimizin adindan semimi qelbden tebrik edirem.Ugur daima yol yoldasin olsun.

  3. Мы познакомились благодаря судьбе,
    Ты так нежданно появился.
    За это благодарна я тебе,
    Что не стеснялся мне сказать: “влюбился”.
    Сама того не замечая,
    Прониклась чувствами к тебе
    И я теперь совсем другая,
    Мы познакомились благодаря судьбе…

  4. Çox sağ olun! Təşəkkürlər! Videoçarx superdir!Üzümü kişilərər tutub deyirəm ki, hədiyyə önəmli deyil, dilinizin altında qənd olsa yetər!!!

Comments are closed.