Millət vəkilimiz Jalə Əliyeva: “İlk təbriki övladım edib”

2
57

Jalə-ƏliyevaMillət vəkilimiz Jalə Əliyevanın 8 mart düşüncələri: “Qadınlar hər gün, hər an hörmətə, sevgiyə layiqdirlər. Sevdikləri insanlar tərəfindən təqdim edilən o gül dəstələrini sadəcə 8 martda deyil, hər zaman almalıdırlar. Bu günü müstəqillikdən sonra da, sovet dövründən qalma ənənə kimi yaşadırıq. Sırf bu gün mənim üçün o qədər də əhəmiyyət daşımır. İlin 365 günü otrurub 8 martı gözləmək əhəmiyyətli sayıla bilməz. Bir halda ki, ümumi qəbul olunmuş gündür, bayramdır, bütün dünyanın diqqəti zəif cinsinin üzərindədir, hər qadın gözəl olmağa çalışır, elə mən də (gülür). Amma ailədə xüsusi qeyd etmək kimi bir ənənəmiz yoxdur. Mənə hörmət edən, sevən insanlardan həmişə təbrik almışam. İlk təbriki övladım edib. Özüm də övladam. Anamı, ailəmizin bütün qadın üzvlərini təbrik edirəm. Bir də onu deyim ki, qadınlar qadınları təbrik edəndə çox narahat oluram. Mənə elə gəlir bu gün kişilər qadınları təbrik etməlidir.

Azərbaycanda qadına dövlət səviyyəsində çox əhəmiyyət verilir, hörmət edilir. Bu təkzibedilməz faktdır. Amma təbii olaraq bu sahədə problemlər var. Bu gün həyəcan təbili çaldığımız problemlərdən biri də ailələrdə qadına qarşı zorakılığın, hüquq pozuntularının, ayrıseçkiliyin hələ də mövcud olmasıdır. Yaxşı olmazmı ki, o ailə qadına ildə bir dəfə qiymət verməkdənsə, digər günlərdə də ona hörmətlə yanaşsın?! 364 gün zorbalıq, təhqir edir, alçaldır, sonra ilin bir günü deyir “əziz xanımımı təbrik edirəm”. Hədiyyə almağa maddi imkanı olmasa da xoş sözlərlə qadının könlünü xoş tutmaq lazımdır. Qadının qadın olduğunu kişilərin unutmaması daha düzgün olardı.

Azərbaycan parlamentinin üzvü kimi deyirəm ki, bu gün dövlət səviyyəsində Azərbaycan qadınının cəmiyyətdə kişi ilə bərabər hüquqlarının təmin edilməsi üçün hər şey edilir. Ən yeni tariximizə baxsaq, ulu Öndər Heydər Əliyevin qadının cəmiyyətdə rolunun artırılması ilə bağlı tarixi fərmanları, Ailə, Qadın üzrə Komitənin yaradılması, daha sonra Prezidentimiz İlham Əliyevin fərmanı ilə bu komitənin səlahiyyətlərinin böyüdülüb Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilməsi, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın bütün dünyada Azərbaycan qadını timsalının ortaya çıxarılmasındakı əhəmiyyətli rolu, Azərbaycan parlamentində qadın hüquqları və gender siyasəti ilə bağlı qəbul edilmiş qanunlar buna misaldır. Bu addımlar yüksək səviyyədədir və Azərbaycan qadınına öz sözünü deməyə, karyera qurmağa imkan verir. Yetər ki, qadın özü bunu istəsin. Bizim qadınların dünya qadınlardan ən çox seçilən tərəfi ailəsinə hədsiz bağlı olmasıdır. Ancaq bu qadınlar təqdim olunan hüquq və azadlıqlarını ailəsinin rahatlığı uğrunda qurban verirlər.

– Qadın necə olmalıdır: baxımlı, evdar, işgüzar?

Hamısı bir yerdə olmalıdır (gülür). Qadınlar həm baxımlı, həm gözəl, həm iş sahibi, həm də evinin qadını olmaq istəyirlər. Bunların 3-ü bir arada çox çətindir. Yaradılışdan qadın fiziki baxımdan kişidən çox zəifdir. Ancaq qadın mənən güclüdür. Bütün bu vəzifələrin öhdəsindən şərəflə gələ bilirsə, həm işgüzar, həm evdar, həm də gözəl görünə bilər. Mən həmişə çalışıram ki, evimin rahatlığını digər işlərə çox qurban verməyim. Həmişə ocağın üstündə hazırladığım yemək olur, evim səliqə-sahmanldır. Amma vaxt çox azdır.

– Deyirlər hər güclü kişinin arxasında ağıllı qadın var. Doğrudanmı qadın böyük qüvvədir?

 – Çox böyük qüvvədir. İstəyərdim bu sterotipi dəyişək: Qadın güclü kişinin arxasında yox, yanında dayansın. Bir yerdə addımlasınlar.

– Bəs “əlinin xəmiri ilə kişi işinə qarışma” sözünə necə baxırsız?

 – Qadının gücü qanunvericilik, icraedici orqan və ya elm sahəsində kişinin səviyyəsində təmsil olunmağa çatırsa, elə əlinin xəmirini yuyub, önlüyünü çıxarıb o işlə məşğul ola bilər.

– Kimdən təbrik almaq daha xoşdur?

 – Sənə dəyər verən və sözün əsl mənasında onun üçün dəyərli olduğunu hiss etdiyin insanlardan. Açığı, 8 martda bir az kişilərə də yazığım gəlir. İş yerində və yaxud təhsil aldıqları yerdə kolletiv şəkildə bu bayramı təbrik etməyi boyun borcu bilirlər, vəzifə kimi qəbul edirlər. Onlara üzülürəm. O səpkili təbriklərə qadınlar hörmət mənasında gülümsəyirlər. Qadınlar hədiyyə aldığı insanı üçün dəyərli olduğunu bilmək istəyir. Bu şərt mənim üçün də əhəmiyyətlidir.

P.S. Biz də millət vəkilimiz Jalə Əliyevanı və onun timsalında bütün xanımlarımızı təbrik edirik.

Günel Səfərova

2 ŞƏRH

  1. Cox maraqli musahibe alinib.Allah size yar olsun hormetli Jale xanim.Fikirleri meni cox dusundurdu aferin.Zehmeti olan her kese tesekkurler.

  2. Jalə xanım gözəl xanımdır.Mən də onun bayramını təbrik edirəm.

Comments are closed.