Ermənilərin yüzlərlə texnikasını məhv edən zərdablı qrantamyotçu – şəhid Zakir İsaqov

2
183

Zərdabın Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən və şəhid olan igid oğullarından biri də İsaqov Zakir Nüsrət oğludur.

Zakir İsaqovun digər müharibə iştirakçılarından bir fərqi var – o, Qazaxıstanda yaşayırdı və özünə rahat həyat şəraiti qura bilmişdi. Lakin vətənin dar günündə Zakir özünə qurmuş olduğu rahat şəraitdən imtina etdi və ölkəmizə qayıdıb, könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatıldı…

İsaqov Zakir Nüsrət oğlu 1958-ci il noyabr ayının 19-da Zərdab rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. 1975-ci ildə orta məktəbi bitirib. Ermənistan SSR-in Kirovakan şəhərində hərbi xidmətdə olub.

Hərbi xidməti başa vurduqdan sonra Qazaxıstan Respublikasının Quryev şəhərində Politexnik Texnikumuna daxil olub və təhsilini davam etdirərək, orada yaşayıb.

Müstəqilliyimizin ilk illərində ermənilərin doğma Azərbaycanımıza hücumu başladıqdan sonra Zakir İsaqov da öz borcunu qaytarmaq üçün öz el-obasına qayıtdı və könüllü olaraq 1992-ci il sentyabrın 14-də Tərtər batalyonunda xidmətə başladı.

Zakir vətənimizin müdafiəsi üçün əlindən gələni edirdi. O, Tərtər batalyonunda qrantamyotçu idi. O, qrantamyotdan çox dəqiq atəş açırdı və demək olar, hədəf aldığı bütün texnikaları məhv edirdi. Zakir hər atəşi ilə düşmənin hərbi maşınlarını, texnikalarını zərərsizləşdirirdi.

Zakir seçdiyi mövqe ilə düşmən gülləsindən yayınır və öz işini görürdü. O iştirak etdiyi döyüşlərdə sayı dəqiq bilinməyən onlarla düşmən texnikasını alova qərq etmişdi. Onun bu qəhrəmanlığını görən ermənilər çıxış yolu kimi snayperə əl atdılar. Belə ki, ermənilər Zakir İsaqovu yalnız snayper gülləsi ilə vurub zərərsizləşdirə bildilər. Beləcə, Zakir İsaqov qızğın döyüşlərdən birində qəhrəmancasına şəhid oldu. Allah Zakir qardaşımıza və onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin.

www.zerdab.com

2 ŞƏRH

  1. Fexr edirem ki bele hemyerlim hemkendlim olub. Ele bizim kendimizde bir kuce de onun adini dasiyir. Allah rehmet elesin

  2. Zakir Isaqov esger yoldaslari ile birlikde sirxabend etafinda doyuslerde ermeni muhasiresine dusub ve bir nece gun muhasirede qalirlar.Esger yoldaslarinin ve komandirlerinin dediyine gore kicik mese talasinda qalmali olurlar.Her teref tutulu oldugu ucun ermeni snayperi ile meseden kenere cixmaq mumkun olmur.Erzaq ve silah-sursatin qurtarmasi esgerleri olumle qarsi-qarsiya qoydugu bir vaxtda Zakir Isaqov oz komandirlerine muraciet edir ki, hemin snayperleri mehv etmek ucun icaze isteyirem.Cenab komandir men bu yerlerde xidmetde olmusam ve snayperlerin harada yerlesdiyini bilirem deyerek komandirden icaze alir ve oz komekcisi ile gece saat 11-de sal qayalarin eteyine sigina-sigina saat 6 radelerinde hemin snayperleri mehv edir ve esgerler muhasireni yararaq xilas olurlar. Komandir hemise Zakiri xatirlayaraq deyir: “240 esger ve bir de menim Zakire can borcumuz var”.

Comments are closed.