Dahi alim və jurnalist H. Zərdabi “Kaspi” qəzetinin 12 yanvar 1884-cü il tarixli 9-cu sayında dərc olunmuş Zərdabdan göndərdiyi məktubunda səhiyyəmizin o vaxtkı durumunu belə tesvir edir: “Bizim bu böyük qəzaların ərazisi boyunca hara getsən heç yerdə nə xəstəxana, nə aptek görməzsən. Bütöv bir qəzanın yeganə həkimi isə müxtəlif tibbi şəhadətnamələr tərtib etməyi və meyitləri yarmağı güclə çatdırır. O, elə gün olmur ki, hansısa qətl törədilən və ya başqa cinayət baş verən öz böyük ərazisində gəzərək bu hadisələr olan yerə baş çəkməsin. Burada hansı müalicədən söhbət gedə bilər?
…Bizim qəzanın ucqarlarında tibbi yardım tapmaq qətiyyən mümkün deyil, ara həkimləri-türkəçarəçilər isə meydan sulayırlar, kef çəkirlər: onlar burada hökmrandırlar, bura onlar üçün cənnətdir.
…Hər hansı güclü dərman bizim bu ara həkimlərinin əlində dəlinin əlində iti bıçaq olan kimi bir şeydir; bağırsaqlardakı ağrının səbəbini müəyyənləşdirmədən, misal üçün, yalnız bilməklə ki, xəstənin qarnı işləmir, onlar xəstəyə o qədər aleksandr yarpağı yedizdirirlər ki, xəstə elə həmin gün də canını tapşırır. Belə halların kütləvi olmasına baxmayaraq, bu cüvəllağı ara həkimləri öz əməllərini davam etdirirlər, çünki mömin müsəlmanlar alın yazısına, bəlanın Allah tərəfindən əvvəlcədən müəyyənləşdirildiyinə inanaraq ölümü dərmanın ayağına yazmırlar və bir də doğma adamlarının meyitinin yarılacağından qorxaraq susurlar, olanları unutmağa və Allahın iradəsinə buraxmağa çalışırlar”…
1935-ci il fevralın 5-də Zərdab rayon statusu alandan sonra əsaslı şəkildə idarəetmə və xidmət strukturlarının təşkilinə başlanmışdır. Həmin gündən 12 gün sonra-1935-ci il fevralın 17-də Ağa İsayevin imzaladığı 1 saylı əmrdə belə yazılıb: “Zərdaba gəldim, bu gündən rayon səhiyyə inspeksiyasının (müfəttişliyinin) və ambulatoriyasının müdiri kimi fəaliyyətə başladım”…
Ağa İsayevin 2 saylı əmri ilə Salman Qədirov Bıçaqçı kənd sovetliyinin həkim məntəqəsinə feldşer, Marusya Lavrova tibb bacısı, 4 saylı əmrlə Salman Əliyev aylıq əmək haqqı 180 manat olmaqla biofiaktor, Cabbar Abdullayev Zərdab malyariya dispanserinin müdiri, eyni zamanda bütöv maaşı saxlanmaqla ikinci həkim təyin edilmişlər.
Həmin əmrlə Nusya Romanenko tibb bacısı, Paşa Şatkova kiçik tibb işçisi, Firuzə Əliyeva mamaça vəzifəsini tutmuşlar. Az sonra Anna Molçanova tibb bacısı, Kərim Qafarov sanitar benetiqator, Paşa Xarçenko kiçik tibb işçisi təyin edilmişlər.
1935-ci il aprelin 1-də Əlvənd kənd sovetliyində tibb məntəqəsi təşkil edilmiş, Karmuşko soyadlı birisi məntəqənin müdiri olmuşdur. Polad Mehdiyev Zərdab Rayon Səhiyyə İnspeksiyasının katibi təyin edilmişdir. P. Mehdiyev az sonra Zərdab Rayon Partiya Komitəsində işə qəbul edildiyi üçün əvvəlki vəzifəsindən azad olunmuşdur. Həmin il aprelin 20-də Çallı kənd sovetliyində tibb məntəqəsi təşkil edilmiş, P. Qorbunov məntəqənin müdiri təyin edilmişdir.
Səhiyyənin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Xalq Səhiyyə Komissarlığı təcrübəli həkimləri, Tibb İnstitutunun tələbələrini rayonlara ezamiyyəyə göndərir, rayonda çalışan tibb işçilərinə əməli köməklik göstərirdi. 1936-cı il iyulun 25-də imzalanmış 25 saylı əmrdə yazılmışdır:
“ATİ-nin 6-cı semestr tələbəsi Cərullazadə ayda 200 rubl əmək haqqı və Bakıya gediş haqqının faktiki dəyəri ödənilməklə Zərdab rayonu üzrə sanitar agenti təyin edilir”.
29. 07. 1936-cı ildə imzalanmış 25 saylı əmrdə isə belə yazılmışdır: “Xalq Səhiyyə Komissarlığının göndərişi ilə ATİ-nin tələbəsi Hacıyev Yusif malyariyaya qarşı mübarizə tədbirləri həyata keçirmək üçün aylıq əmək haqqı 200 manat olmaqla Çallı sovetliyinə göndərilir”.
1935-1937-ci illərdə (mart ayınadək) Rayon Səhiyyə Müfəttişliyi (inspeksiyası) adı ilə tanınan tibb sahəsi 1937-ci ilin martından Səhiyyə Şöbəsi adlandırılmışdır. 1937-ci ilin mayınadək bütün əmr və sərəncəmlar yalnız rus dilində kiril qrafikası ilə, həmin tarixdən sonra Azərbaycan dilində latın qrafikası ilə yazılmışdır.
1935-1942-ci illərdə Rayon Səhiyyə Şöbəsinin müdirini Həmid Abbasov, Qəmər Salmanova və qeyriləri müvəqqəti əvəz etmişlər.
Ümumiyyətlə, Zərdab səhiyyəsi təşkil olunandan indiyə qədər böyük inkişaf yolu keçmişdir.
Bu gün rayon ərazisində Zərdab rayon Mərkəzi Xəstəxanası, 5 kənd sahə xəstəxanası, 12 kənd həkim ambulatoriyası, 12 feldşermama məntəqəsi fəaliyyət göstərir. Hazırda səhiyyə şöbəsinin 571 işçisi var. Onlardən 67 nəfəri həkim, 340 nəfəri orta tibb işçisi, 164 nəfəri digər işçilərdir.