Hər birimizin fəxri xeyriyyəçi, ziyalı Fərəcov Elman Baxşeyiş oğlu

0
53

yaxşılıqHörmətli izləyicilərimizə həmyerlimiz haqqında qısa arayış: Zərdab rayonunun İsaqbağı kəndində doğulmuş, burada tam orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetini və Aspiranturanı uğurla başa vurmuşdur. Akademik F. Qasımzadənin rəhbərliyilə fəlsəfə elmləri namizədliyini müdafiə edərək alimlik dərəcəsi almışdır. Bir müddət ölkəmizin ali məktəblərində dərs demişdir. Hazırda Novosibirski şəhərində yaşayır və burada iş adamı kimi fəaliyyət göstərir. Qardaşı Fərəcov Fərəc  Baxşeyiş oğlu Qarabağ müharibəsində  şəhid olmuşdur.

XEYRİYYƏÇİ ÖZ VƏSAİTİ HESABINA KƏND QƏBİRİSTANLIĞINI ABADLAŞDIRDI

Elman Fərəcov İslam dəyərlərinə yüksək qiymət verilən bir ailədə dünyaya göz açıb. Anası Zöhrə xanım sağlığında və atası hazırda Bakı şəhərində yaşayan  Baxşeyiş kişi Həcc ziyarətində olmuşdular. Kəndlə sıx əlaqə saxlayan Baxşeyiş kişi İsaqbağının  problemləri barədə tez-tez öz oğlu ilə söhbətlər edir. Növbəti  problemlərdən biri kənd qəbiristanlığının abadlaşdırılması oldu. Və mən bu ilin oktyabr ayının 1-də  Ahıllar günü ilə əlaqədar həmin kənddə olarkən qəbiristanlığın tam abadlaşdırıldığının şahidi oldum. Bu mövzu ilə maraqlandığım üçün kənd tam orta məktəbinin direktoru Rəhim Rəhimovdan daha ətraflı məlumat aldım. Rəhim müəllim dedi ki, iş adamı Elman Fərəcovun  kəndimizdə həyata keçirdiyi xeyriyyəçilik tədbirləri əvvəllər də olmuşdur. Kənd qəbiristanlığının  abadlaşdırılması isə  hər birimizin ürəyincə oldu. Qəbiristanlığın ərazisi dəmir şəbəkə ilə hasarlanmış və 2 ədəd darvaza asılmışdır. Girəcəyə su hovuzu qoyulmuşdur. Krant və işıq çəkdirilmişdir. Qəbirlərin arası ilə rahat yerimək üçün daxili yollar qaydaya salınmışdır. Əraziyə ağac və gül kolları əkilmişdir. Qəbiristanlığa gedən yol da asfaltlanmışdır. 2 nəfər kənd sakini bu əraziyə xidmət etmək üçün ayrılmışdır. Rəhim müəllim daha sonra dedi ki, Elman Fərəcovun təhsillə bağlı xeyriyyəçiliyi də olub. Məsələn, bu il bizim məktəbdən neçə nəfər məzunumuzun ali məktəbə daxil olması ilə maraqlandı və onların siyahısını məndən aldı. Siyahısını götürdüyü yeni qəbul olmuş tələbələrin imkansızlarına maddi cəhətdən yardım etdi. Bu cür işlərin siyahısını daha da uzatmaq olar. Mən fəxr edirəm ki, Elman Fərəcov bu kənddə doğulub və ilk təhsilini İsaqbağı məktəbində alıb. Bu gün hər bir kəndin ziyalısı gəlib baxıb iş adamı Elman Fərəcovun xeyriyyəçilik fəaliyyətindən nümunə götürə bilər.

Rəhim müəllimin sözlərində böyük həqiqət var. İş adamı Elman Fərəcovdan bu günlər xüsusi ehtiramla söhbət açılır. Kənddə hər kəs xeyriyyəçinin gözəl əməlindən  bəhs edir. Müqəddəs Qurban bayramı ərəfəsində qəbir ziyarətinə gedənlər heç bir problemlə qarşılaşmırlar və hər biri ehtiramla “çox sağ ol, ELOĞLU” deyirlər.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”nin müxbiri.