Oktyabrda şəhid olan Zərdab igidləri

9
143

Qarabağ müharibəsi

Payız qəmli xatirələr gətirsə də , növbəti baharın gəlişi mütləqdir

Hər hansı birimizin şəxsi həyatında hər hansısa bir günün, ayın , ilin məxsusi özəlliyi var. Və bizə dəyər verənlər belə vaxtlarda həmişə yanımızda olmağa çalışırlar. Ancaq elə özəl tarixlər də var ki , hər hansı bir şəxsin, ailənin , nəslin , kəndin , şəhərin deyil , bütövlükdə bir ölkənin tarixinə aiddir: bu özəl tarix zamanı gəlincə hətta Azərbaycan miqyasında hər kəs tərəfindən özəlliklə xatırlanır. Uzağa getmədən çox da uzaq olmayan keçmişə nəzər salmaq istərdim. Zəngilan ermənilərin Dağlıq Qarabağ ətrafında işğal etdikləri sonuncu , sayca yeddinci rayon oldu. Azərbaycanımızın bir parçası olan Zəngilan Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il oktyabrın 29-da işğal edildi. Bu tarixdə Zəngilanın erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhidi oldu ,44 nəfər isə itkin düşdü.

… Bu yazıma Zəngilanın işğal tarixini xatırlatmaqla başlamağım heç də təsadüfi deyil. Çünkü bu tarix bu gün də , hətta bu an da 35 minlik Zəngilan əhalisinin ən ağrılı bir günüdür. Xocavənd əhalisi də belə faciəni 1992-ci ilin 2 oktyabrında yaşadı. 145 nəfər şəhid ( həmyerlimiz-Bıçaqçı kəndində doğulmuş Şamilov Ceyhun Əlixan oğlu da 1994-cü ilin 26 yanvarında Xocavənd rayonunun Kuropatkino kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu –T.A) versə də , erməni faşistləri bu şəhərimizi də bizdən zorla “ qopartdılar “. Həmin vaxtlat-1991-1994-cü illərdə Azərbaycanımızın başı üzərində erməni fitnəkarlarının məkrli siyasəti dolaşırdı.Bu təhlükənin dəhşətindən bütün Azərbaycan ayağa durmuşdu. Vətən “Olum və ya ölüm “lə üz-üzə idi. Döyüş bölgəsindən onlarca kilometr uzaqda olan Zərdab və bu torpağın igidləri bu məqamda seyirçi qala bilmədilər. Onların çoxu könüllülər idi. Eloğlularımız düşməndən intiqam almaq üçün ölümə belə hazır idilər. Elə buna görə də I Qarabağ savaşında Zərdab rayonundan 130-dan çox gənc torpaqlarımızın azadlığı uğrunda şəhid , 104 nəfər isə döyüşlərdə yaralanaraq  əlil oldu. Onların əziz xatirəsini bir daha anmaq üçün müharibənin qızğın vaxtında-həmin illərin oktyabr ayında şəhid olan Zərdab igidlərini 2014-cü ilin bu oktyabr günlərində yenidən yada salmaq istədim.

Zalov Məhəmməd Rəsul oğlu.

Məlikli kəndində anadan olmuş Məhəmməd Füzuli rayonunun Divanalılar kəndindəki “N” hərbi hissəsinin 1-ci rotasının tərkibində vuruşmuş və 1992-ci ilin 23 oktyabrında düşmən gülləsinə tuş gəlmişdir.

İsmayılov Babək Mehdi oğlu.

Babək Qoruqbağı kəndində doğulmuşdur. O, 8 oktyabr 1992-ci ildə Ağdərə bölgəsindəki Çıldıran yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Abdulov Xaliq Maqsud oğlu

Xaliq 1974-cü ildə Pərvanlı kəndində anadan olub.1993-cü ilin oktyabr ayında Ağdamın Çəmənli kəndində gedən döyüşlərdə şəhidlik  məqamına yetişdi.

Bayramov Şaiq Tofiq oğlu.

Şaiq Zərdab şəhərində doğulmuşdu. 1992-ci ilin 9 oktyabrında Ağdərə şəhid oldu.

İsmayılov Nazir Əlsəf oğlu.

İsmayılov Nazir Əlsəf oğlu 1974-cü ildə Alcanlı kəndində anadan olub. Nazir 1993-cü ilin 13 oktyabrında Goranboy bölgəsində yaralanaraq gözlərini əbədi yumdu.

… Adətən deyirlər ki , payız özü ilə qəmli xatirələr gətirir. Bu ehtimal 1991-1994-cü illərdə özünü bir daha təsdiqlədi. Göylərin ağladığı , yağmurların yağdığı , torpağın sızladığı oktyabr günlərində Zərdabi yurduna şəhidlər gəlirdi. Anaların göz yaşı sazaqlı günlərin acısını birə-beş artırırdı…

Ancaq təbiət biliciləri onu da deyirlər ki, oktyabr yağışları insan ruhuna təsir edirsə , növbəti baharın gəlişi ükəkaçan olur.

İNŞƏLLAH!

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ

9 ŞƏRH

  1. Şəhidlərin ailələrinə söyləyərdim ki, onlar tək deyillər, onların dərdi bizim hamımızın dərdidir. Əslində azadlıq yolunda, vətən uğrunda canını fəda edən şəhidlər ölmür. Əksinə, onlar öz ölümləri ilə ölümsüzlük qazanır, şəhidlik adına yüksəlir. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilməz”.Hörmətli Tərlan xanım çox sağ olun ki, şəhidlərimizi bir an belə unutmursunuz.

  2. Əziz Mehparə xanım ! Sizi salamlayıram və diqqətinizə görə Sizə minnətdarlıq edirəm .Mən belə düşünürəm ki , hər bir qələm əhli bunu unutmamalı , şəhidlərimizi həmişə yad etməlidir.Çünki ” Şəhidlər ölməz , Vətən bölünmız ” .

  3. Hörmətli Nicat, bəy!
    Əvvəla sizi salamlayıram və yenidən fəaliyyətə başlamagınız münasibətiylə sizi təbrik edirəm.Biz oxucular da daxil olmaqla hər birimizin gözü aydın olsun.
    Tərlan xanım,başqa yazılarınız kimi bu materialınızıda diqqətlə oxudum.Oktyabrda şəhid olan Zərdab igidləri ilə bir daha tanış oldum.Allah onlara rəhmət eləsin.Bütün Azərbaycan şəhidlərinin qarşısında baş əyirəm və onlara Allahdan rəhmət diləyirəm.

  4. Təşəkkür edirəm , Gülxanım ! Çox diqqətlisən . Mənim bu yazımı da oxuduğun üçün gözlərinə , münasibət bildirdiyin üçün yazan barmaqlarına sağlıq . Fürsətdən istifadə edərək mən də sənə qardaşın oğlunun əsgəri xidməti uğurla başa vuraraq evinizə qayıtması münasibətilə gözaydınlığı verirəm.

  5. Bu gün 21 ildir ki , əsirlikdə qalan yaralı Zəngilanın “qolları ” bizə doğru uzanılı qalıb …

  6. Bütün oxuyanlara salam.Mənim fikrimcə bütün şəhidlər yad olunmalıdır.Ən çoxda adları heç bir yerdə adları çəkilməyən ZƏRDAB ŞƏHİDləri.Bu sözlər balaca bir uşağın fikridir.Şəhidlər bizim bu ölkədə yaşamağımız üçün öz canlarını fəda etmişlər

  7. SALAM.TERLAN XANIM MEN DE BIR SIZE TESHEKKUR EDIREM SHEHID BACISI OLARAQ.ALLAH BUTUN SHEHIDLERIMIZE REHMET ELESIN.TERLAN XANIM SIZINLE ELAQE YARATMAGI COX ISTERDIM EGER MUMKUNSE…

  8. Axşamınız xeyir , Sayad xanım ! Mən də Sizi salamlayıram və şəhid bacısı olaraq Sizə və bütün ailənizə başsağlığı verirəm. Allah bütün Vətən şəhidlərinə rəhmət eləsin ! Sayad xanım , əgər mənimlə əlaqə yaratmaq istəyirsinizsə , mən “Əkinçi” qəzeti redaksiyasında işləyirəm və həftənin beş günü işdə oluram. Əgər buyurub gəlmək istəsəniz redaksiya 3 mərtəbəli inzibati binada yerləşir .Məmnuniyyətlə Sizin yolunuzu gözləyirəm.

  9. SALAM TERLAN XANIM.ALLAH SIZDEN RAZI OLSUN ALLAH SIZIN KIMI VETENPERVER XANIMLARI ESGIK ETMESIN.TERLAN XANIM ELBETTE GELECEM SIZIN YANINIZA,SIZINLE HEMSOHBET OLMAQ MENIM UCUN ARZULARIMDAN BIRIDI.

Comments are closed.