Zərdabın yaşı 80-i ötmüş ağbirçək kitabxanaçı veteranları

0
149

Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana SistemiVeteranlar cəmiyyətimizin qızıl fondudurlar. Heydər ƏLİYEV.

Vizual ekran mədəniyyəti son 10 ildə həyatımıza daxil olan yeni anlayışdır. Biz bu gün müxtəlif ekranların – televizor, videomaqnitafon, kompüter və s. əhatəsində yaşayırıq və onların sayı sürətlə artmaqdadır. Təxminən 5 il əvvəl, – müxtəlif kommunikasiya vasitələri arasında dəyişən dunya uşaqlara və yeniyetmələrə güclü təsir göstərir, – deyirdiksə, indi bu təsir yaşından asılı olmayaq hər nəslə mənsub yaş qrupunu əhatə etməyə başlayıb. İnternet saytlarında yararlı-yararsız elektron mütaliəyə həvəs güclənməkdədir. Təəssüf ki, kitabın həyatımızdakı özünəməxsus rolu artıq arxa plana keçməkdədir.

Amma kitabın yerini heç nə vermir. Mütaliə şəxsiyyət kimi formalaşmağımızda həmişə böyük rol oynayıb. İnsan mütaliə edərkən dünya görüşünü, biliklərini, mənəviyyatını, nitq qabiliyyətini, həyat təcrübəsini daha da artırır. Kitabı bütünlüklə oxumaq, əsəri dərk etmək mütaliənin vacib ünsürüdür. Oxucuların kitabı başa düşməsində, oxuduqları əsəri təhlil etməsində isə kitabxanaçıların rolu əvəzsizdir.

Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva ilə bu istiqamətdə söhbət edərkən bir nüans diqqətimi daha çox çəkdi. Nailə xanım oxucuları kitabxanaya cəlb etmək təcrübəsindən danışanda həm də onu xüsusi qeyd etdi ki, kitabxanamızda zaman-zaman çox bacarıqlı, işinin ustası olan kitabxanaçılar çalışıb. Onlar oxucularla işləməyin sirlərini gözəl biliblər. Biz onları ehtiramla xatırlayır və çox arzu edirik ki, sevimli qəzetimiz “Əkinçi” də onları öz səhifələrində işıqlandırsın və beləliklə, xanım direktorun istəyinə və mənim də marağıma uyğun olaraq, keçmiş kitabxanaçılarla – ağbirçək veteran xanımlarımızla əlaqə saxladım.

Rəfiqə Qurbanova

Rəfiqə Qurbanova: 1932-ci ildə doğulub. Kitabxanaçılıq texnikumunu bitirib. Zərdab Rayon Mərkəzi Kitabxanasında direktor, oxu zalının müdiri, kitabxana mübadilə fondunun müdiri kimi vəzifələrdə çalışıb. Rayon Mədəniyyət Şöbəsində 14 il partiya təşkilat katibi olub. Səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının fəxri fərmanları, yubiley medalları ilə, digər mükafatlarla təltif edilib. 3 övladı, sevimli nəvələri var, həyat yoldaşı Xaləddin müəllim də əmək pensiyaçısıdır.

Əzizə İsayeva: 1934-cü ildə Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. Bakı Şəhərində Kitabxanaçılıq Texnikumunu bitirib. 1958-ci ildə ailə həyatı qurub. Rayonumuzun tanınmış, ən hörmətli müəllimlərindən olan mərhum Məlikmahmud İsayevin həyat yoldaşı idi. Əzizə xanım uzun illər Zərdab Rayon Mərkəzi Kitabxanasında müxtəlif vəzifələrdə çalışıb, həmişə də oxucuların dərin rəğbətini qazanıb. Bu veteran xanım həm də gözəl ana, sevimli nənədir.

Əzizə İsayeva

Xanım Əsədova: Xanım Hidayət qızı 1930-cı ildə Zərdabda anadan olub. Bakıda o vaxtkı N. Krupskaya adına kitabxanaçılıq texnikumunu bitirib. Uzun illər Zərdab Rayon Mərkəzi Kitabxanasında şöbə müdiri və digər vəzifələrdə çalışıb. Kitab işini çox sevən bu xanım mədəni-kütləvi tədbirlərin keçirilməsində xüsusi bacarığına görə dəfələrlə mükafatlandırılıb. Qeyd etmək çox xoşdur ki, Xanım ana bu gün də rayonumuzun mədəni həyatı ilə yaxından maraqlanır, “Əkinçi” qəzeti redaksiyası ilə də daim telefon əlaqəsi saxlayır.

Xanım Əsədova

Şəfiqə Mürsəliyeva: Çox təəssüf edirəm ki, müalicədə olduğu üçün Şəfiqə xanımla birbasa əlaqə saxlaya bilmədim. İnşallah, sağalıb doğma evə qayıdanda onunla şəxsən görüşərək, ürək sözlərini oxucularımıza çatdıracağam…

Onu da deyim ki, keçmiş kitabxanaçılarla kitab oxumağın faydaları haqqında söhbət edərkən çox maraqlı mülahizələrlə qarşılaşdım. Xanımlar fikirlərini bildirərkən onu xüsusi vurğuladılar ki, texnologiya nə qədər inkişaf edirsə-etsin, insanlar mütaliəyə adət etməli və kitab onların həyatının bir hissəsinə çevrilməlidir. Bilməyənlər bilsinlər ki, kitab ilk növbədə beynin inkişafını sürətləndirir, dünyaya baxışı dəyişir, həyatı sevdirir, anlama gücünü və danışma qabiliyyətini artırır. İnsanın xəyali gücünü inkişaf etdirir, onu dünyanı və həyatı qiymətləndirməyə yönəldir. Nəhayət, kitab oxuyun ki, həyatı da oxuya biləsiniz! – Gəldiyimiz nəticə budur!

Yaradan özü bizi mütaliə sevgisindən ayırmasın!

Tərlan ABDULLAYEVA, “Əkinçi”nin müxbiri.