Bu gün V çağırış Milli Məclisə seçkilər keçirilir. Saat 8.00-da səsverməyə start verilib. Səsvermədən əvvəl MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. M. Pənahov seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib. O, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradıldığını deyib. M. Pənahov 1000-dək məntəqədə veb-kameraların quraşdırıldığını, seçkilərdə müşahidə aparmaq üçün çoxsaylı müşahidəçilərin qeydiyyatdan keçdiyini deyib. MSK sədri seçiciləri məntəqələrə gedərək, səsvermə prosesində aktiv olmağa çağırıb: “5 milyon 200 minə qədər seçiçinin səsvermədə iştirakı üçün üçün bütün şərait yaradılıb. 125 dairənin 5547 məntəqəsində səsvermə olacaq”.
Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib. Səsvermə saat 19:00-da bitəcək. Qeyd edək ki, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.
Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Milli Məclisə seçkilərlə əlaqədar “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirəcək.
Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 6 saylı seçki məntəqəsində səs verib.
Dövlət başçısı səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
M. Əliyeva və ailə üzvləri də səs veriblər.
Bu gün keçirilən parlament seçkilərində vətəndaşlar parlament seçkilərinin gedişini online rejimdə izləyə bilirlər. Mərkəzi Seçki Komissiyası ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırıb. Səsvermə prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq ana səhifədən “Online observation” bölməsinə daxil olmaq və seçki dairəsini seçmək lazımdır. Müvafiq saylı dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək səsvermənin gedişini gün ərzində canlı izləyə bilərlər.
Qeyd edək ki, Azərbaycanda seçki məntəqələrində veb-kameraların quraşdırılması praktikası 2008-ci ildən tətbiq olunur. Bu il seçki məntəqələrinin təxminən 20 faizində veb-kameralar quraşdırılıb.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü parlament seçkiləri ilə bağlı mətbuata və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
M. Pənahov seçkilərə start verilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, bugünkü seçkilərin tam şəffaf keçməsində sosial şəbəkə və mətbuat işçilərinin rolu böyükdür.
“Mən xüsusilə sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qarşılaşdıqları hər bir neqativ hal, anlaşılmazlığı dərhal işıqlandırsınlar. Mətbuat da bu məsələdə aktiv olmalıdır. Bu bizim işimizə köməkdir”, – deyə o bildirib.
“Bu gecə saat 24.00-dan sonra ilkin məlumatlar əldə etmək mümkün olacaq. Ancaq bu, rəsmi nəticə hesab edilməyəcək”.
MSK sədri Məzahir Pənahov bildirib ki, iki gün ərzində məntəqələrdən dairələrə və dairələrdən də MSK-ya seçki protokollarının daxil olması başa çatır: “Bütün proses həm yerlərdə, həm də MSK-da müşahidəçilərin və KİV-in iştirakı ilə həyata keçiriləcək”.
Pənahov bildirib ki, müşahidəçilərin də müəyyən hüquqları var: “Onları heç kim tapdalaya bilməz. Müşahidəçilər üçün seçki məntəqələrində hər cür şərait yaradılıb. Ancaq müşahidəçilərin seçki komissiyalarının işinə qarışmaq hüququ yoxdur. Onlar ancaq qeydiyyat apara və əgər xoşagəlməz hallar olarsa, onu qeyd edərək seçki komissiyalarına məlumat verməlidirlər”.
MSK sədri 4 şirkətin “exit poll” keçirəcəyini xatırladıb, seçiciləri burada fəal iştirak etməyə dəvət edib.
92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə 8 məntəqədə “exit-poll” keçirilir. 92 saylı Zərdab-Ucar seçki dairəsində 48 seçki məntəqəsi üzrə 40 min 515 seçici var. Onlardan 565 nəfəri ilk dəfədir ki, səs verir. Dairə üzrə 8 məntəqədə veb-kamera quraşdırılıb. Dairənin 8 məntəqəsində “ELS” və “Azərbaycan gənclərinin hüquqlarının müdafiə mərkəzi” tərəfindən “exit-poll” keçirilir. Dairə üzrə 100 yaşdan yuxarı olan 12 nəfər də səs verəcək.
92 SAYLI ZƏRDAB-UCAR SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
| Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi(bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
|---|---|---|---|---|
| AĞAYEV KAMİL TOFİQ | 22.02.1985 | Zərdab Şəhəri Mənzil İstismar Sahəsinin Rəisidir. | Bitərəf | Öz təşəbbüsü |
| CƏFƏROV ŞAMXAL QARDAŞXAN | 08.12.1983 | İşləmir | Bitərəf | Öz təşəbbüsü |
| ƏLİYEVA JALƏ FAZİL | 05.10.1966 | Bakı Dövlət Üniversitetinin porfessoru, Milli Məclisin üzvüdür. | Bitərəf | Öz təşəbbüsü |
| EYVAZOVA TƏRAVƏT RÜSTƏM | 01.06.1988 | Zərdab Rayonu Böyük Dəkkə Kənd Körpələr Evi Uşaq Baxçasının Müdiridir | Bitərəf | Öz təşəbbüsü |
| İBADOVA GÜNEL MAHMUD | 09.06.1981 | Azərbaycan Ümid Partiyası Ali Məclisinin Katibidir | ÜMİD | ÜMİD |
| İSGƏNDƏROV GÜLAĞA MİRZƏAĞA | 06.02.1963 | Zərdab Rayonu Gəlmə Kənd Orta Məktəbinin Direktorudur | YAP | YAP |
| KƏRİMOV FAZİL HƏŞİM | 14.04.1958 | Zərdab Rayonu Qaravəlli Kənd Tam Orta Məktəbində Müəllim | Bitərəf | Öz təşəbbüsü |
| KƏRİMOV RASİM MÜSLÜM | 15.01.1950 | Təqaüdçüdür | BAXCP | BAXCP |
| SƏFƏRƏLİYEV YAQUB AYDIN | 12.12.1961 | İşləmir | YAP | Öz təşəbbüsü |








