“Azərbaycanda seçkilər baş tutub”. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, seçicilərin 55, 7 faizi səs verib və seçkilər baş tutmuş sayılır.
R. Gülmməmmədov qeyd edib ki, Naxçıvanda 7 seçki dairəsi üzrə seçici fəallığı 76,4 faiz, Bakıdakı dairələr üzrə seçici fəallığı 51,4 faiz, digər 89 rayon üzrə seçici fəallığı 55,7 faiz olub.
Azərbaycan Milli Məclisinə V çağırışda keçirilən seçkilərlə əlaqədar seçici fəallığı ilə bağlı yekun rəsmi məlumat da açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib.
Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.
92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə də seçkilər baş tutub. Bu dairədən deputat olmaq üçün 9 namizəd seçkiyə qatılmışdı.
ABŞ-ın tanınmış “Arthur J.Finkelstein & Associates” sorğu şirkəti Azərbaycanda parlament seçkilərində seçicilər arasında keçirilmiş “exit-poll”un nəticələrini açıqlayıb. Şirkətin açıqlamasına görə, 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizəd bitərəf Jalə Əliyeva 53, 7 faiz səs toplayıb.
ELS Müstəqil Araşdırmalar Mərkəzi də Azərbaycanda parlament seçkilərində səs verən seçicilər arasında keçirilmiş “exit-poll”un nəticələrini açıqlayıb.
Mərkəzin açıqlamasına görə, 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizəd bitərəf Jalə Əliyeva 52, 7 faiz səs toplayıb.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Araşdırmalar İnstitutu ilə birgə Azərbaycanda parlament seçkilərində səs verənlər arasında keçirilmiş “exit-poll”un nəticələrini açıqlayıb.
Mərkəzin açıqlamasına görə, 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizəd bitərəf Jalə Əliyeva 53, 6 faiz səs toplayıb.
Milli Məclisə bu gün keçirilən seçkilərin nəticələri elan ediləndən sonra yeni seçilən deputatlara mandatlar təqdim edilməlidir. Deputatlara mandat verilənə qədər Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticələri ilə bağlı sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Konstitusiya Məhkəməsi 10 gün müddətində nəticələri təsdiqləyəndən sonra deputatlara mandat verilməsi prosesini MSK həyata keçirəcək.
Bu səbəbdən qeyd etmək olar ki, Milli Məclisin yeni tərkibdə ilk iclası noyabrın sonlarına qədər baş tutacaq.
Qeyd edək ki, V çağırış Milli Məclisin ilk iclasında yeni deputatlara mandatla yanaşı, döş nişanı da təqdim ediləcək. Ümumiyyətlə, qanunvericiliyə görə, deputat seçilən şəxsə döş nişanı, diplomatik pasport və mandat verilir. Millət vəkillərinə verilmiş deputat mandatı və diplomatik pasportun üzərində istifadə müddəti göstərilir.
Milli Məclis 125 deputatdan ibarətdir.








