Toyundan 3 ay sonra şəhid olan həmyerlimiz – Söhrab Eyvazov

0
42

Bir gəlin otağı bəzəkli qalıb. Bir gəlin qara bağlayıb. Cəmi 3 ay bir yerdə yaşadılar. Bir-birinin vüsalından doymamışdılar. Hələ nə qədər bir-birinə deyiləsi sözləri var idi. Bir yerdə ömür sürəcəkdilər, oğul-qız böyüdəcəkdilər. Əl-ələ verib həyat yollarında birgə addımlayacaqdılar. Söhrabın duzlu-məzəli, danışılası o qədər lətifəsi var idi ki. Söhrabdan söz düşəndə, dodaqlarda təbəssüm yaranır, “çox şən, zarafatcıl oğlan idi”,-deyirdilər…

Eyvazov Söhrab Nadir oğlu 1973-cü ildə Zərdab rayonunun Dəkkoba kəndində anadan olub. 1989-cu ildə Dəkkəoba kənd orta məktəbinin 8-ci sinfini, sonra isə Zərdab şəhər Texniki-Peşə məktəbini bitirib. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Söhrab bir neçə döyüş bölgəsində vuruşub. Sonuncu döyüşdüyü ərazi Füzuli cəbhə bölgəsi olub. Söhrab döyüş yoldaşları arasında böyük nüfuza malik idi. Söhrabın duzlu-məzəli söhbətləri onların çox xoşuna gəlirdi. 1994-cü il yanvar ayının 26-ı idi. O gün ermənilər Aşağı Əbdurrəhmanlı kəndini aramsız atəşə tuturdular. Söhrabın da təmsil olunduğu dəstə kəndin düşmən əlinə keçməməsi üçün mübarizə aparırdı. Lakin qeyri-barabər döyüşdə əsgərlərimiz çoxlu sayda itki verdilər. Həmin qanlı döyüş Söhrabın da son döyüşü oldu. Düşmən gülləsi ona da dəymişdi…

Allahdan Söhrab qardaşımıza rəhmət, yaxınlarına səbri-cəmil diləyirik. Söhrabın xatirəsi yaddaşlarda daimi yaşayacaqdır…