Aclıq idi, xalq nə etmək barədə Həsən bəy Zərdabidən soruşurdu

0
47

www.zerdab.com saytı Həsən bəy Zərdabinin həyat və fəaliyyəti ilə bağlı maraqlı yazınının ikinvi hissəsini təqdim edir. Yazının əvvəlini www.zerdab.com/?p=2748 linkindən oxuya bilərsiniz.

II hissə

1879-cu ildə Krım-tatar dilində çıxacaq ilk qəzetin naşiri İsmayıl Qasprinski Həsən bəy Zərdabiyə məktub yazıb ondan yeni nəşrə xeyir-dua verməyi və bu işə ümumi rəhbərlik etməyi xahiş etdi. Həmin məktub Həsən bəy üçün bir bayram idi. O, uşaq kimi sevinirdi, “Tərcüman”ın fəaliyyətini məhəbbətlə izləyir, şadlanırdı. İsmayıl bəyə məsləhət gördü ki, ərəb-fars tərkib və ifadələrindən, spesifik Krım-tatar sözlərindən mümkün qədər qaçsın. Qasprinski bu tövsiyələrə həmişə əməl edirdi və qəzet Qafqaz müsəlmanları üçün də tam anlaşıqlı dildə idi, həvəslə oxunurdu.
1877-ci ildə Türkiyə ilə Rusiya müharibəsi “Əkinçi”nin çətinliklərini artırdı. İkiqat senzura – hökumət senzoru, sonra isə qubernator özü senzorluq edir, hər sözə, hər cümləyə qulp qoyurdular. Xalq müharibə barədə xəbər istəyirdi, hökumət isə bu barədə yazmağa izn vermirdi. Çünki ilk dövrdə rus ordusu dalbadal məğlub olurdu. “Əkinçi”, rus qəzetlərindən Moskvada bərk soyuq düşməsi, quşların uçan yerdə donması barədə xəbəri götürüb dərc etmişdi. Senzor bu xəbəri nömrədən çıxarmış və Həsən bəyə demişdi ki, “Siz müsəlmanlara demək istəyirsiniz ki, Allah rusları belə bir soyuqla cəzalandırır”…
Zərdabi “Əkinçi” nin bağlanmasından ehtiyat edərək rusların məğlubiyyəti barədə heç nə yazmır, susurdu. Bununla belə hökumət hər cümlədə, hər kəlmədə başqa bir məna axtarırdı…
Qəzet bağlanandan sonra abunəçilər və dostları Həsən bəyə çoxlu məktub göndərdilər, yeni qəzet çap etməyi xahiş etdilər. Lakin Zərdabi daimi nəzarət altında idi və bu işi görə bilmirdi. Hətta onun Bakıda qalmasını da hökumət təhlükə hesab edirdi və 1879-cu ildə Həsən bəyi “nəcib” inzibati sürgün yolu ilə şəhərdən uzaqlaşdırdılar. Ona Kuban vilayətinə, yaxud Qərbi Gürcüstana getməyi məsləhət gördülər. Zərdabi bundan imtina etdi. Düz 1 il hökumət Həsən bəylə nə edəcəyini dəqiqləşdirə bilmədi. Çünki onu müsəlman mərkəzi Bakıda saxlamaq təhlükəli idi, gimnaziyadan çıxarmaq da olmazdı – əla pedaqoq idi, ən başlıcası xalq özünün ilk müəllimini, sıradan çıxarılmış ilk türk qəzetinin redaktorunu tanıyır, sevir və qiymətləndirirdi. Zərdabini Zaqafqaziyanın hər yerində tanıyır və sevirdilər. Həsən bəyin gimnaziyanın  direktoru çex K. K. Çermaka böyük hörmət bəslədiyini bilən hakimiyyət, Çermakdan ona təklif göndərdi ki, Yekatrinador (indiki Krasnodar), Qafqaz Stavropolu, yaxud Kutaisinin hansısa bir məktəbinə inspektor, hətta direktor getməyə razılıq versin. 1877-1878-ci illərdə Çeçeniya və Dağıstanı güclü narazılıq dalğası bürüdü. Hökumət Qafqazda ümumi üsyandan  qorxaraq Həsən bəyi etimadsız şəxs kimi qara siyahısına salmışdı, Bakıda qalmasını arzuolunmaz hal hesab edirdi. Çermak düz 1 il Həsən bəyi vətənindən sürgün etməyin qeyri-mümkün olduğunu müxtəlif idarələrə rəsmi yazdı. 1879-cu ildə Həsən bəy özü Çermaka dərin hörmətinə görə istefa ərizəsi yazdı. Çermak olmasaydı, Zərdabi müsəlman olduğuna və müsəlmanları maarifləndirməyə çalışdığına görə hökumətin onu nə vaxt işdən uzaqlaşdıracağını gözləyəcəkdi. Zərdabidən sonra Çermak da işdə qalmaq istəmədi və istefa ərizəsi yazıb getdi. 1878-1879-cu illərdə Zaqafqaziyada aclıq idi. Xalq nə etmək barədə Həsən bəydən soruşurdu. Həsən bəy isə ac kəndlilərin dərdini qəzetlərə yazır, hökumət idarələrinə gedərək vəziyyətin gərginliyini və yardımın gücləndirilməsinin – vacibliyini diqqətə çatdırırdı. Deyirdi ki, əhaliyə Rusiyadan taxıl, İrandan düyü gətirilsin, özü isə düyü unundan çörək bişirilməsi barədə qəzetlərdə yazı dərc etdirirdi. Aclığa görə Zərdabinin mənzilinə insanların çox gəlib-getməsi jandarm idarəsini şübhələndirmişdi və onun mənzilinə nəzarət daha da gücləndirilmişdi.
…1878-ci ildə Hənifə xanımın çar ordusunda zabit olan iki qohumu Bakıdan keçib rusların təzə işğal etdiyi Türküstana gedəndə yolüstü onlara gəlmişdilər. Hər ikisi çərkəzi geyimdə, xəncərli və tapançalı idilər, çox uca boyları, zəhmli görkəmləri vardı. Mətbəxi necə təlaş və qorxu bürüdüyünü görəndə gülməmək mümkün deyildi. Mətbəx qulluqçusu, dayə, onların jandarm agenti olan “qohumları” və “qardaşları” Həsən bəyin xanımını çağıraraq ağlayır, günahsız olduqlarını deyir, yalvarırdılar ki, deyin, rəhm edib bizi öldürməsinlər… Onları güclə sakitləşdirmək mümkün oldu. Lakin sonralar Həsən bəyin mənzilinə nəzarət daha da gücləndirildi. Ailənin bu şəraitdə yaşaması dözülməz idi və Zərdabi doğma Zərdab kəndinə köçməyə qərar verdi. Bu məcburi, həm də arzuolunmaz gediş idi. Həsən bəy Bakıda təzəcə başlanan şəhər əsasnaməsinin hazırlanmasında iştirak etmək istəyirdi. Şəhər təsərrüfatının idarə olunması inzibati dairələrin əlindən alınıb sakinlərin ixtiyarına verilmişdi. Sakinlər şəhər dumasına qlasnılar seçmək hüququ qazanmışdılar. Lakin əhalinin 75 faizi müsəlmanlar olan Bakı şəhərində çoxluğun hüquqları həyasızlıqla tapdanırdı. Müsəlmanların nümayəndələri qlasnıların ümumi sayının yalnız beşdə birini təşkil edirdilər. Bakının əsl sahibləri olan müsəlmanlar haqlarının necə tapdandığını anlamırdılar. Həsən bəy isə doğma Zərdaba köçmək barədə qərar vermişdi…