Bölgələrdə Ermənistan TV-lərinin yayımı nə vaxt dayandırılacaq?

0
59

Ermənistanın bəzi telekanallarının və radiolarının hələ də Şuşadakı ötürücü vasitəsi ilə Azərbaycanın bölgələrində, o cümlədən Zərdab rayonunda yayımı davam edir. Bu barədə www.zerdab.com saytına Zərdab rayon sakinləri məlumat veriblər. Əslində yayımın davam etməsinin kökündə yenə də ermənilərin razılaşma və protokollara əməl etməmələri dayanır. Söhbət ondan gedir ki, bu məsələ dəfələrlə gündəmə gətirilsə də, hətta bununla bağlı razılaşma əldə edilsə də, ermənilər buna əməl etmirlər. Ona görə də qeyri-qanuni yayımın qarşısını tam almaq mümkün olmayıb. Qeyd edək ki, bu məsələ hələ 2004-cü ildə martın 3-4-də Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan rabitə nümayəndələrinin görüşündə də müzakirə mövzusu olmuşdu. O zaman qeyri-qanuni yayımla əlaqədar üçtərəfli protokol imzalanmışdı. Həmin sənədə əsasən, Ermənistan Azərbaycanın sərhədyanı ərazilərində yayımı dayandırmalı, İcevan və Noyemberyan rayonlarında 22 və 27-ci kanallardan imtina etməli, Berd televiziya stansiyasının 10-cu kanalının yayımını azaltmalı idi. www.zerdab.com saytının araşdırmalarına görə, ilk vaxtlar Ermənistan tərəfi bu protokolun şərtlərinə əməl etsə də, sonradan yenidən yayımı davam etdiriblər. Hələ o vaxt Azərbaycan tərəfi bildirmişdi ki, əgər Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməsə, bu məsələ MDB Regional Rabitə İttifaqında yenidən müzakirəyə çıxarılacaq. Deyəsən, müzakirələrə başlanmasının vaxtı yetişib.

www.zerdab.com