Həsən bəy Zərdabinin yubileyi doğulduğu yurdda qeyd olundu

0
48

İyulun 14-də Zərdabda Azərbaycan milli mətbuatının yaranmasının 137 illiyinə həsr olunmuş tədbir keçirildi. www.zerdab.com saytı xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov, ölkənin tanınmış jurnalistləri və media qurumlarına rəhbərlik edən şəxslər, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Mərasimin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Həsən bəy Zərdabinin şəhərdəki abidələrini ziyarət edərək, önünə gül dəstələri qoydular.
Milli Mətbuatımızın banisi, böyük maarifçi alimin abidəsi önündə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Həsən bəy Zərdabinin xalqımızın tərəqqisi naminə gördüyü əvəzsiz işlərdən söhbət açdı, ölkədə kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısından danışdı. Xüsusi vurğulandı ki, bugünkü tədbir çox əlamətdar bir günə – xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 43-cü ildönümünə təsadüf edir. Qeyd edildi ki, ulu öndər 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda mətbuata dövlət qayğısının yeni mərhələsi başlanıb. Senzuranı ləğv edən ümummilli lider mətbuata tam yaradıcılıq sərbəstliyi verdi, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqərar olması istiqamətində çox dəyərli işlər gördü. Bildirildi ki, Prezident İlham Əliyevin son illərdə imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş qanunlar həm mediamızın inkişafı prosesinə dəstəkdir, həm də ümumilikdə mətbuata dövlət qayğısının yeni nümunələridir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012–ci il 4 iyun tarixli Sərəncamı zərdablılar tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Tədbirdə Həsən bəy Zərdabi nəslinin nümayəndələri adından çıxış edən akademik Böyükkişi Ağayev milli mətbuatımızın banisinin və onun övladlarının ömür yolu barədə ətraflı məlumat verdi. O, Zərdabi irsinin öyrənilməsinə göstərilən diqqət və qayğıya, bu irsin yüksək tutulmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Sonra tədbir iştirakçıları Həsən bəy Zərdabinin ev-muzeyinə gələrək buradakı eksponatlarla tanış oldular. Qonaqlara muzey haqqında ətraflı məlumat verildi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Sonra qonaqlar yubiley çərçivəsində növbəti tədbiri keçirmək üçün Gəncəyə yola düşdülər.

www.zerdab.com