Məktubu ailəsinə ölümündən sonra çatan kəşfiyyatçı-Müşviq Hacıyev

4
80

Şəhid Müşviq Hacıyevi tanımaq və tanıtmaq lazımdır. Belə qəhrəman oğullarla hər bir soydaşımız fəxr etməlidir.

Şəhid Hacıyev Müşviq Zabit oğlu barəsində www.zerdab.com saytında bir müddət öncə “Zərdabın qəhrəman oğlu” başlığı altında məqalə yaymışdıq. Lakin bu igid oğulu tanıyanlar onun qəhrəmanlığını ifadə etmək üçün həmin yazının çox kiçik olduğunu söylədilər. Odur ki, M. Hacıyevlə bağlı faktlarla zəngin bir yazını təqdim etməyi özümüzə borc bilirik.
Müşviq Hacıyev 1974-cü ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. 1992-ci ilin may ayının 17-də hərbi xidmətə yollanıb. Bakıdakı N saylı hərbi hissədə təlim keçdikdən 2 ay sonra ön cəbhəyə yollanıb. Kəlbəcər rayonunun Qılınclı zastavasında kəşfiyyatçı olub. O, kəşfiyyatçı kimi etimadı doğrultdu. 18 yaşı olmasına baxmayaraq, qısa müddətdə adı polkun ən bacarıqlı kəşfiyyatçıları ilə eyni sırada çəkilirdi.
Ən çətin kəşfiyyat tapşırıqları Müşviqə etibar edilirdi. Onun topladığı, düşmənin ən gizlin nöqtələri barədə gətirdiyi informasiyalar dəqiq olurdu. Təkcə bir faktı qeyd edək: ermənilər Ağdərə rayonunun Qozlu, Qızılqaya kəndlərini böyük qüvvə ilə müdafiə edirdilər. Müşviq və onun döyüş yoldaşları Qozludan lazım olan bütün kəşfiyyat məlumatlarını gətirdikdən sonra əsgərlərimiz həmin kəşfiyyat məlumatları əsasında böyük strateji əhəmiyyətə malik bu məntəqəni ələ keçirdilər. Belə faktların sayı yüzlərlədir. Müşviq Hacıyev belə məlumatlardan çox gətirmişdi.
Növbəti hücumlardan biri Qızılqaya kəndinə olmalı idi. Bu dəfə kəşfiyyata 16 nəfər göndərildi. Müşviq də həmin bir dəstənin içərisində idi. O, bir yoldaşı ilə dəstədən nisbətən irəlidə gedirdi. Sən demə, qabaqda düşmənin bir tankı pusquda dayanıbmış. Tankı zərərsizləşdirmək üçün ona yaxınlaşdılar. Lakin düşmənin bundan xəbər tutması vəziyyəti bir xeyli çətinləşdirdi.
Güllə səsləri gecənin sükutunu pozdu. Müşviq və onun dostu azacıq ləngisə arxadan gələn 14 nəfər kəşfiyyatçımız mühasirəyə düşə bilərdi. Odur ki, onlar qeyri-bərabər döyüşə atıldılar. Onlar neçə yerdən yaralansalar belə, son nəfəslərinə qədər mərdliklə vuruşdular. Müşviq və onun dostu düşmənlə bir xeyli vuruşdular və bu döyüş 14 nəfər kəşfiyyatçımızın mühasirəyə düşməsinin qarşısını tam aldı. Düşmənin bu planı da alt-üst oldu. Müşviq və onun döyüşçü dostu bu döyüşdə şəhid oldular, lakin dostlarının düşmən əlinə düşməsinə imkan vermədilər…
Polk komandiri, Müşviqin atası Zabit kişiyə göndərdiyi məktubda yazırdı: “Sizin oğlunuz Ağdərə rayonunun Qızılqaya və Qozlu kəndlərinin erməni quldurlarından təmizlənməsi uğrunda döyüşlərdə əsil qəhrəmanlıq göstərib. Bu mətin döyüşçü öz ölümü 14 nəfər kəşfiyyatçı dostunun həyatını xilas edib”.
Müşviqin meyidi nə az nə çox düz 17 gün döyüş meydanında qaldı. Lakin ağır döyüşlərdən sonra çətinliklə də olsa onun cəsədini götürmək mümkün oldu.
Müşviqin ölümündən sonra onun dərdli atası gecikmiş bir məktub aldı. Oğlu həmin məktubu döyüşdən bir neçə gün əvvəl yazıbmış.
www.zerdab.com saytı həmin məktubu təqdim edir: “Əziz atam, anam, sizə cəbhədən salamlar. Ata, qulluq etdiyim birinci vzvodda 30 nəfərik, hamımız bir ailənin üzvi kimiyik. Komandirimiz Natiq, Gülağa, digər yoldaşlarım hamısı dağlar qartalına bənzəyir. Biz gözəlliklər məskəni olan Kəlbəcəri erməni quldurlarından qoruyuruq. Dağlar qoynunda qartal oğullardan çoxlu dostlarım var. Allah qoysa, müharibə qurtarandan sonra bu gözəl diyarı gəzməyə gələcəyəm.
Qələbə bizə çox yaxındır. Qalib gələcəyimizə inanıram. Avqustun 13-ü gecəsi növbəti kəşfiyyata gedəcəyəm. Bu, bizim üçün çətin kəşfiyyatdır. Allah bizə kömək etsin. Bu məktubu lənətə gəlmiş ermənilərdən azad etdiyimiz Kotavani kəndindən yazıram. Növbəti azad edəcəyimiz kənd Ağdərə rayonunun Qızılqaya kəndi olacaqdır. Olsun ki, növbəti məktubumu Qızılqaya kəndindən yazdım. Onu da deyim ki, ermənilər həmin kəndi əldən vermək istəmirlər. Ona görə ki, buranın zəngin təbiəti, sərvəti var.
Ata, bizim işimiz qağayı quşlarının işinə bəznəyir. Fərq ondadır ki, qağayılar gündüz göyün ən yüksək zirvəsinə uçur, gecələr isə yerdə yatırlar, çünki torpaq onlar üçün müqəddəsdir. Biz isə əksinə, gecələr düşmənin ən çətin nöqtələrində kəşfiyyat aparıb, gündüzlər dincəlirik. Ana, tez-tez yuxuma girirsən. Ana, səni and verirəm müqəddəs qara torpağa və şəhidlərimizin ruhuna, ağlama. İstəmirəm torpağa ana gözlərinin yaşı tökülsün. Öpürəm sizi, öpürəm doğma kəndimizi.
İmza: oğlunuz Müşviq. 7 avqust 1992-ci il”.
Çox təəssüf ki, bu məktubun yazılmasından 6 gün sonra – 13 avqust 1992-ci ildə Bıçaqçı kəndinin, Zərdabın, Azərbaycanın qəhrəman oğlu, 18 yaşı olmasına baxmayaraq, peşəkar kəşfiyyatçı olan Müşviq Hacıyevi itirdik. Lakin bu gün də onun sevgisi, ürəyinin təmizliyi, saflığı hər kəsin yadındadır və bu qəhrəman oğlan indi də sevilir, unudulmur və unudulmayacaq. Bəzən gənclərimiz belə igid oğullarımızı tanımırlar, ancaq tanımaq və tanıtmaq lazımdır. Belə qəhrəman oğullarla hər bir soydaşımız fəxr etməlidir. İnanırıq ki, bu yazımızın Zərdab rayonundan belə bir qəhrəman oğulun olmasının təbliğatı baxımından böyük əhəmiyyəti olacaq. Allah sənə rəhmət eləsin Müşviq qardaşımız. Səninlə qürur duyuruq…

www.zerdab.com

4 ŞƏRH

  1. Mən təyinatla Bışaqçı kəndində ingilis dili müəllimi işləmişəm. Müşfiqə dərs demişəm. Bu yazını oxuyub bir anlıq da olsa o illərə qayıtdım

  2. Salam men bicaqci kendinde M.Haciyev adina orta mektebin 9 a sinifinde oxuyuram.Bu yazini oxuduqdan sonra qurur hissi duydum

  3. Cox sagolun deyerli melumata gore. En azindan bir qehraman qardasimizi da tanidiq. Allah rehmet elesin.

  4. biz sehidlerimizle qurur duyuruq onlar bizim milli qehramanlarimizdir allahrehmet elesin

Comments are closed.