70-ci illərin tanınmış ifaçısı, həmyerlimiz Mürşüd Abbasov

1
78

Mürşüd Abbasov 1970-ci illərin tanınmış muğam ifaçısı Mürşüd Abbasov. Orta və yaşlı muğamsevərlər onu yaxşı tanıyırlar. Abbasov Mürşüd İlyas oğlu 1941-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinə daxil olub. Dövrümüzün tanınmış xanəndələri ilə tələbə yoldaşı olub. Bunlardan biri də xalq artisti Arif Babayevdir. Bir müddət Azərbaycan Musiqili Komediya Teatrının aktyoru olub. Gözəl səs diapozonuna malik idi, şirin və məlahətli səsi vardı. Səsinə qulaq asanlar onun ifasına heyran qalardılar. Müəllimləri bu səslə onun gələcəkdə tanınmış ifaçı olacağına, xalqının sevimlisinə çevriləcəyinə əmin idilər. Müəllimləri istedadlı tələbələrdən söz düşəndə onun da adını çəkərdilər. Səsinə qulaq asanlar onun qarabağlı olduğunu düşünərdilər. Çünki, həmişə hər kəsdə belə bir fikir olub ki, bu cür şirin, məlahətli, zil səs məhz Qarabağ torpağında böyüyənlərdə, oranın suyunu içənlərdə olur. Beləcə, 1970-ci illərdə Mürşüd Abbasov tanınmış muğam ifaçılarından biri olur. Azərbaycan Dövlət Flarmoniyasının solisti kimi şöhrət qazanır. Mürşüd Abbasov həmin illərdə digər respublikalarda da konsertlər verərdi. Bir gün belə səfərlərin birindən qayıdarkən içərisində onun da olduğu təyyarə qəzaya uğrayır. Beləcə, Mürşüd Abbasov 1975-ci ildə 34 yaşında dünyasını dəyişir.

Tələbəlik illərindən uzun illər ötməsinə baxmayaraq, xalq artistimiz Arif Babayev bu gün də Mürşüd Abbasovu sevgi və hörmət hissi ilə xatırlayır. Arif Babayev “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində (2 dekabr, 2011-ci il, nömrə 47) jurnalistin: “Tələbə yoldaşlarınızdan ən çox yadınızda kim qalıb?” sualına belə cavab verib: “Bir zərdablı balası vardı – Mürşüd Abbasov, həm tələbə yoldaşı idik, həm də yaxın dost. Bal kimi səsi vardı Mürşüdün. Xan əmi Zərdabda toyda olanda bəyənmişdi onun səsini, Habil müsabiqədə onu seçmişdi. Çox təkrarsız, şirin səsi vardı, həm də ürəyitəmiz, saf, mərd adamdı. 1975-ci ildə təyyarə qəzasında həlak oldu. Yaşasaydı, indi necə məşhur olardı!”

Allahdan Mürşüd Abbasova rəhmət diləyirik. Məkanı cənnət olsun.

www.zerdab.com. Yazıdan istifadə olunarkən, sayta istinad edilməlidir.

1 comment

Comments are closed.