Qürur duyduğumuz həmyerlimiz: akademik Marat Allahverdiyev

1
104
Marat Allahverdiyev

Marat AllahverdiyevO insan xoşbəxtdir ki, bütün fəaliyyəti dövründə ömrünü sözü, əməli, zəkası ilə vətənin inkişafına və tərəqqisinə həsr edir, xeyirxah, faydalı əməllər sahibi kimi nəsillərə örnək olur. İşlədyi kollektivdə, yaşadığı ərazidə, bir sözlə, cəmiyyət içərisində böyük hörmət və ehtiramla sayılıb-seçilir. Belə xoşbəxt insanlardan biri də əslən Zərdab rayonundan olan akademik, texniki elmlər doktoru Marat Allahverdi oğlu Allahverdiyevdir.
O, son dərəcə yüksək mədəniyyətə malik insan, çoxlarına nümunə olan bir ziyalıdır. Marat müəllimlə söhbət etdikcə hiss edirsən ki, qarşında yüksək intellektə malik, mənəviyyatı zəngin bir şəxs dayanıb. Mənalı ömür sürən, müxtəlif məsul vəzifələrdə çalışan, dövlətimizə layiqincə xidmət göstərən, Zərdabi yurdunu hər zaman və hər yerdə ləyaqətlə təmsil edən bir ziyalımızdır Marat Allahverdi oğlu Allahverdiyev.
Qeyd edim ki, Marat müəllimin atası Allahverdi Allahverdiyev xalis zərdablıdır, ali məktəbi bitirəndən sonra Bakıya köçüb, uzun illər respublikamızın müxtəlif bölgələrində, o cümlədən gözəl Şuşamızda, eləcə də Bakı şəhərində məsul vəzifələrdə, partiya-sovet işində, təhsil sahəsində şərəflə çalışıb.
Ümumiyyətlə, Allahverdiyevlər daim Zərdaba başucalığı gətiriblər.
Marat müəllimin əmisi Abdulla Allahverdiyev uzun illər Bakı şəhər yaşıllaşdırma trestinin rəisi vəzifəsində çalışıb.
Marat müəllimin 1923-cü ildə Zərdab şəhərində doğulan digər əmisi Faiq Allahverdiyev isə ilk zərdablı prokurordur. O, Şamaxı rayon prokuroru, Bakı Şəhər Prokurorluğunun şöbə rəisi, 1967-ci ildən Azərbaycan Prokurorluğunda şöbə müdiri, respublika prokurorunun baş köməkçisi, Respublika Prokurorluğunun böyük prokuroru vəzifələrində çalışmış, Azərbaycan Ali Məhkəməsinin üzvü olmuş, Azərbaycanın Əməkdar hüquqşünası, Azərbaycan Prokurorluğunun fəxri üzvü kimi yüksək adlara layiq görülmüşdür, hazırda Bakı şəhərində yaşayır.
Marat Allahverdiyev 1941-ci il aprelin 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur “Bərpaçı” mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrinə yüksələn həmyerlimiz 1990-1995-ci illərdə doğma Zərdab rayonundan Milli Məclisə deputat seçilmişdir.
Marat müəllim hazırda Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktorudur, Bakı şəhərində yaşayır. 3 övladı, 4 nəvəsi var.
Zərdablı olmağı və Həsən bəy Zərdabi ilə fəxr edən Marat müəllim xalqına, elinə bağlı bir insandır. Onu da deyim ki, Bakı şəhərinin küçələrindən birinə Həsən bəy Zərdabinin adının verilməsində və Bakıda H. Zərdabinin büstünün ucaldılmasında Marat müəllimin böyük əməyi var.
O bu gün də enerji və həvəslə övladları və nəvələri ilə birlikdə ömür sürür. Bütün insani keyfiyyətləri özündə cəm edən həmyerlimiz bilik və bacarığını bir ziyalı kimi gənclərdən əsirgəmir. Gənclər ondan əsl insanlıq, ləyaqət, saf mənəviyyat və halallıq duyğuları əxz edirlər.

Günel İSAMƏDDİNQIZI

1 comment

  1. Admin!Xahiş edirəm şərhlərin silinmə səbəbini aydınlaşdırasınız.

Comments are closed.