Hənifə xanım Aslanbəy qızı Məlikova – Abayeva

0
100

Hənifə xanım Aslanbəy qızı Məlikova – Abayeva 1856-cı il mayın 5-də Şimali Qafqazda – Nalçikdə doğulmuşdur. Azərbaycan xalqının ilk maarifçi qadınlarından olan Tiflisdə müqəddəs Nina qız məktəbində təhsil almışdır. O zamanlar Balkar-Kabardin, ümumən müsəlman qızlarının xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. Taleyin xoş bir günündə Hənifə xanım və Həsən bəy ailə qurdular. Bu gözəl, ziyalı, sədaqətli və dəyanətli xanım millətimizin və ailəsinin yolunda fədakarlıq göstərdi, çox cəfalara dözdü,

Bu xanım Həsən bəy Zərdabiyə tək həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olub.
Bu xanım Həsən bəy Zərdabiyə tək həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olub.

1875-1877-ci illərdə Hənifə xanım ömür-gün yoldaşı Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində çox əziyyətlər çəkdi. Bu ziyalı xanım və əri Zərdabda yaşadıqları dövrdə – 1881-ci ildən başlayaraq öz evlərində – mənzillərində pulsuz məktəb açdılar. Ər-arvad təziq və təqiblərə baxmayaraq heç bir təmənna ummadan insanlara elm, savad öyrətdilər.
1904-1908-ci illərdə Hənifə müəllimə Bakı məktəblərində gənclərə və yaşlı nəslə savad öyrətmişdir. O, Bakıdakı məşhur “Nicat” cəmiyyətinin qadın bölməsinin yaradıcılarından biri kimi Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynamışdır. Hənifə xanım Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşmüş, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləmişdir. 1909-cu ildən 1919-cu ilədək – düz 10 il Bakı şəhər dövlət rus-tatar, yəni rus-Azərbaycan qız məktəbində müdir vəzifəsində çalışmış, qızlara elm, savad öyrətmiş, tərbiyə vermişdir. 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləmişdir. Hənifə xanım Məlikova- Abayeva 1929-cu ildə Bakıda vəfat etmişdir. Əvvəl şəhər qəbristanlığında dəfn edilmiş, sonralar cənazəsi həyat yoldaşı H. Zərdabinin məzarının yaxınlığına – Fəxri Xiyabana köçürülmüşdür.